AXTAR

Türkiyəyə qarşı 8 ağır şərt, tək səbəb və kritik 15 avqust

erdogan tramp

 

ABŞ-ın “dərin dövləti”in oyuncağına çevrilmiş Donald Tramp ötən həftəsonu Türkiyəyə qarşı daha bir ədalətsiz qərara imza atdı – qardaş ölkədən idxal edilən alüminium və polad üçün gömrük rüsumlarını müvafiq olaraq, 20 və 50% artırdı. Bununla da rəsmi Vaşinqton Ankara ilə sanksiya dili ilə danışmaq əzmini açıq şəkildə ortaya qoydu. Az öncə türkiyəli iki nazirə qarşı virtual sanksiya qərarı çıxarılmışdı.

Səbəb kimi, 2016-cı ilin hərbi çevriliş cəhdində əli olduğu şübhə doğurmayan rahib Bransonun həbsi göstərilir. Amma və lakin, Branson, bizcə, səbəbdən çox indi nəticə kimi görünür.

Yeri gəlmişkən, Türkiyədə qanuni, legitim hakimiyyətin zorla devrilməsinə yönələn və “izi” Pensilvaniya ştatına (FETO) gedib çıxan, 251 günahsız ölümünə nədən olmuş həmin uğursuz hərbi çevriliş cəhdini ABŞ dövləti rəsmən pisləməyib. Bununla da Türkiyədə daima hərbi çevrilişlər seriyası ilə öz təsirini saxlamaqda maraqlı olduğunu nümayiş etdirib.

Məsələ də bundadır ki, ilk dəfə olaraq, belə bir çevriliş fiasko ilə nəticələnmişdi və kinli dövlət olan ABŞ bunu yəqin ki, Ərdoğana bağışlamayacaqdı. Görünür, bu üzdən Branson problemini “gözəgörünməz” eləmək üçün onun böyrünə daha yeddisini qoşublar.

Belə ki, “Taymtürk” xəbər verib ki, ABŞ Türkiyə ilə münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb. Həmin ağır şərt-ultimatumlar bunlardir:

1. Keşiş Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər azad edilməlidir. 15 avqusta qədər Bransonun azadlığa buraxılması üçün Ankaraya vaxt verilib.

2. Türkiyə əhatəli şəkildə İrana sanksiya tətbiq etməlidir.

3. Rusiyadan “S-400” havadan müdafiə sisteminin alınmasından imtina edilməlidir.

4. Ankara Qüds siyasətinə yenidən baxmalıdır.

5. Kipr adası ətrafında qaz və neft axtarışından imtina edilməlidir.

6. “Xalqbank”a tətbiq ediləcək cəzaya razı olmalıdır.

7. Ankara Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyeni bağlamalıdır.

8. Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir

Təbii ki, qəbul olunması mümkün olmayan, əsassız və aşağılayıcı şərtlərdir. Özünə hörmət edən bir ölkə bu şərt-tələblərlə barışa bilməz – o ki ola, imperiya keçmişi olan, tarixdə möhtəşəm iz qoymuş qos-qoca Türkiyə dövləti. Bu, əslində şərt də deyil, ABŞ-ın dünya jandarmı roluna iddia eləməsidir. Türkiyə dövləti bu ultimatum, sanksiya dilini qəbul edə bilməz.

Yaxşı, Rusiyanı başa düşdük: Ukraynanı, Gürcüstanı parçalayıb, qonşu suveren ölkələrin bölgələrini (Krım, Abxaziya, Cənubi Osetiya) zorla özünə birləşdirib, “Yaxın xaric”də qarışıqlıq yaratmaqda davam edir, destruktiv siyasət yürüdür, hətta NATO üzvü olan bəzi Şərqi Avropa ölkələrini ara-sıra təhdid edir, “Skripal olayı” kimi qalmaqallı olaylara imza atır. Bəs NATO üzrə tərəfdaş Türkiyə haranı işğal edib, hansı ölkəni şantaj edir, harada pozucu siyasət yürüdür?

İranı da haradasa anlamaq olar – ideoloji fərqli idarəçilik sisteminə malikdir, ABŞ-ın regiondakı “əziz balası” İsrailə problemlər yaradır, bölgədə, Suriyada ABŞ-ın “ayağı”nı tapdayır. NATO üzrə müttəfiq, ABŞ-la birgə İŞİD əleyhinə koalisiyanın üzvü Türkiyə harada Amerikanın “ayağını” basdalayıb bəs? İsraillə münasibətlər də öz yerində. Söhbət Suriyadan gedirsə, orada Türkiyə kimi ABŞ-ın da qoşunları var, Fransa və Britaniyanın da.

Doğru, Türkiyə ABŞ-ın sanksiya tətbiq elədiyi Rusiya ilə, İranla dost-tərəfdaşlıq münasibətlərindədir. Ayrı necə olmalıdır ki? Türkiyə Avrasiya dövləti kimi öz qonşularına 5 min km uzaqdakı “müttəfiqi” istəmir deyə, düşmənmi kəsilməli, onlarla iqtisadi-ticari iş birliyindən imtina etməli, qonşu xalqlar bir-birinə düşmən kəsilməlidirmi?

Qaldı Fələstinlə bağlı şərtə, burada da “xoruzun qırmızı quyruğu” o qədər qabarıq görünür ki. Bu həmin Türkiyə və həmin Ərdoğandır ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının xüsusi sammitini çağırmaqla, BMT Baş Məclisində ABŞ əleyhinə səsverməyə nail olmaqla, Amerikanı, Trampı Qüdslə bağlı məlum qərarlarına peşman etmiş, hətta onun dünyada təklənməsinə nail olmuşdu (BMT-dəki səsvermədə Ağ Evi yalnız bir neçə cırtdan, ada dövləti müdafiə eləmişdi). Təbii ki, ABŞ bunu da unutmayıb.

Türkiyənin qeyri-demokratik rejimlərlə, Rusiya və İranla dostluğuna gəlincə, ABŞ-ın özü totalitar qaydalarla idarə olunan Səudiyyə Ərəbistanının ən yaxın müttəfiqidir. İndi ABŞ-a olar, Türkiyəyə yox?..

*****

Kəsəsi, söhbət artıq sanksiyalardan yox, qardaş ölkəni birbaşa terror eləmək cəhdindən gedir. Elə ən qəribəsi də odur ki, Ankara terrora qarşı mübarizədə kömək istədiyi NATO müttəfiqi ABŞ-ın özü tərəfindən terror və şantaj görür. Bu, ənənəvi müttəfiqlik tarixinə nonsens kimi düşəcək ilginc bir hadisədir – nəticəsindən asılı olmayaraq.

Şərtlər arxasındakı tək səbəb isə aydındır: ABŞ Türkiyənin Ərdoğan dönəmində bölgədə daha müstəqil siyasət yürütməsini, “ipə-sapa” yatmamasını, qədərindən çox güclənməsini, o sırada son illər silah alıcısından silah satıcısına çevrilməsini sinirə bilmir.

Açıqca görünür ki, Amerika Türkiyəni İraq, Küveyt kimi “əl dövləti”, “ikinci sort” dövlət qismində görmək, bu, alınmasa, hətta parçalamaq istəyir.

Ancaq bihudə məşğuliyyətdir. Çünki, kobud desək, aslandan heç vaxt ev heyvanı çıxmayıb, çıxmaz. Hətta Ərdoğan hansısa şərti qəbul eləsə belə, qürurlu türk xalqı buna yol verməz. Amerika siyasətindəki qırğıların bunu bir an öncə anlaması pis olmaz. Kiminsə Ərdoğandan xoşu gəlməyə bilər. Ancaq cəmi ay yarım öncə öz azad seçimini eləmiş türk xalqının iradəsinə hörmət harada qaldı bəs? Söz düşmüşkən, Ərdoğanın prezident kimi ilk təbrik edənlər sırasında Tramp və Avropanın aparıcı dövlətləri də var idi...
Sonda bunu da mütləq əlavə edək ki, qardaş Türkiyənin incidilməsi Azərbaycanın incidilməsi deməkdir. Yəni baş verənlər Azərbaycan cəmiyyətində də izsiz ötüşməyəcək, ABŞ-ın ölkəmizdəki imici də zədələnəcək. Zatən, o onsuz da zədələnmiş vəziyyətdədir...

Zahid SƏFƏROĞLU
Musavat.com

Oxşar məqalələr