Surtukov qəzet buraxmağı qərara aldı. Bəs, nə bilmişdin? Gəlirli işdir. Hətta Puşkin meydanında olduğu kimi bir manatdan satsan belə, yenə kifayət qədər siyasi nüfuz qazanmaq olar.
Beləliklə, fikrini qətiləşdirdi və qərarını həyata keçirməyə başladı. Ancaq demək lazımdır ki, indiki vaxtda bu, o qədər də orijinal qərar deyildi.
Qəzet materialları kefin istəyən qədərdi.! Mikrofona buraxılmayan deputatlar musahibə verirdilər. Əldəqayırma tarixçilər tədqiqatlarını gözə soxurdular. Xalq müstəntiqlərinin kriminal-siyasi və cinayət xəbərləri baş alıb gedirdi. Şeirlər də yazılırdı:vağzal meydanı və Köhnələr barədə bu günün, hətta dünənin ən aktual məsələləri haqda.
Şifahi abunə kampaniyası kifayət qədər uğurlu keçdi. “Sən qəzetini çap elə, adama cüt-cüt alarıq”-deyə dostlar, tanışlar və qonşular vəd etdilər.
Bu əsnada xırda bir əngəl peyda oldu:Surtukovun qəzeti üçün ölkədə kağız tapılmadı... Eh.., necə də qəribə ölkədir, həmişə ən vacib anda ən mühüm şey tapılmır...
Bir vaxtlar rezin qaloşlar yoxa çıxmışdı. Sonralar ət və yun dalınca düşdük, tələssək də çatmadıq. Daha sonralar əlifbanın bir neçə hərfi olmadan keçindik.
İndi də kağız it-bata düşüb. Hara yoxa çıxıb?! Nə üçün?! Heç kim bilmir. Hardan tapmalı kağızı?! Hardan?!
Kağız verin! Kağız!
Kaağııızzz”
Sözsüz ki, sənayemiz yenə kəllə-mayallaq vurur. Nəyisə harasa dəyişdiriblər, buna görə də qonşu nazirlikdə aləm bir-birinə qarışıb.
Bu qarışıqlıqda öz-özünə nadir bir fikir yarandı. Qeyri-standart qərar. Kağızı o yerdən almaq lazımdır ki, orada bunu heç kim gözləmir (əlbəttə, kooperativ qiymətinə).
Surtukov özünü “kağız-pul” fabrikinə verdi. Arada ona pıçıldadılar ki, son vaxtlar pul sənayesi kağıza olan tələbatı xeyli artırıb. Görünür, plan komitəsini nədə isə sıxışdırıblar. Ümumiyyətlə, məlum oldu ki, pul çap edənlərin kağız sarıdan problemləri yoxdur, ancaq burda kimsə özünün şərəfli jurnalist sözünü yazmağa bir şey tapmır.
İş gedib çıxdı “Kağız pul” fabrikinin anbardarına, ancaq əvvəlcə əzilib-büzülsə də söhbət maddi-marağın üstünə gələn kimi razılaşdı.
-Madam xalqın sözə ehtiyacı var, onda buyur!-dedi,-Yığışdır kağızları! Plandan əlavə məhsul üçün planlaşdırmışdılar ki, xaricə satıb valyuta qazansınlar. Ancaq gördüyün kimi bir sent də qazana bilməyiblər. Odur, bax, o bağlını götür. Hamısı yüzlüklər üçün nəzərdə tutulub. Eh.., cəhənnəm olsunlar, hamısını anbara dürtməyəcəyəm ki?!
Surtukov əvvəlcə sevindi, amma sonra incidi.
-Bu ki istifadə edilmiş kağızdır. Bunda pul çap olunubdur! Bəs, mən öz qəzetimi nədə çap edəcəyəm?
-Boş şeydir,-deyə anbardar məsləhət gördü,-bir-iki sabun qırığı tapıb necə lazımdır yuyarsan, bu da olar sənin üçün təmiz poliqrafiya materialı. Gördün getmir, pozanla poz, yox, ləkə qalsa...
Həəə, nə isə.., belə-belə işlər.
Əgər işığa tutanda kağızının içəri qatında su nişanı qalmış qəzetə rast gəlsəniz, bilin ki, qəlp nəşrdir. Surtukovundur..!
Ancaq, ümumiyyətlə, qəzet pis alınmamışdı. Oxumaq olardı. Heç manata da heyhsilənməyinə dəyməzdi...
Tərcümə edən:
Novruz Novruzov