AXTAR

Azərbaycandan Makronun böhtanına növbəti zərbə

ereb liqasi
Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə münasibətlərini inkişaf etdirməsi təqdir olunan ciddi addımdır. Bu əlaqələr beynəlxalq nüfuz və inkişaf tendensiyasına görə olduqca aktual məsələdir. Çünki, ərəb dövlətləri ilə ölkəmizi bir neçə istiqamətdə qırılmaz tellər bağlayır. Birincisi, İslam həmrəyliyi əsasında Azərbaycan-Ərəb Dövlətləri Liqası eyni mənəvi dəyərləri bölüşür. İkincisi, bu dövlətlərin iqtisadiyyatında enerji resursları eyni dərəcədə mühüm rol oynayır. Üçüncüsü, ərazisinə, əhalisinə və inkişaf səviyyəsinə görə bu dövlətlər tarix boyu kənar müdaxilələrdən əziyyət çəkiblər və bu tendensiya indi də davam edir. Bu mənada əl-ələ verib birgə səylərlə gələcəyə addımlamaq, ərəb və türk dövlətləri arasında tarixi bağlılığı inkişaf etdirmək müasir dövrün çağırışıdır.
Bu günlərdə Əlcəzair və Azərbaycan arasında gedən danışıqlar, xüsusilə xarici dövlətlər tərəfindən soyqırıma məruz qalmış bu ölkələrin rəhbərlərinin tarixin bu amansız və acı təcrübəsini birlikdə lənətləmələri sübut edir ki, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasında əlaqələr düzgün istiqamətdə inkişaf edir. Bu ölkələrdə soyqırım törətmiş Fransa və Ermənistan dövlətlərinin rəhbərləri bilməlidirlər ki, ədalətsizlik heç vaxt yerdə qalmır və vaxtı çatanda hər şey öz yerini alır.
Azərbaycanın dövlət başçısının Əlcəzairə rəsmi səfəri hazırkı ictimai-siyasi şəraitdə tamamilə yerinə düşür. Yəni, bu səfər planlaşdırılmış xarici siyasət xəttindən daha çox yaranmış situasiyada Azərbaycana edilən haqsız siyasi hücumlara qarşı “at gedişi”dir. Fransa prezidenti Emmanuel Makronun heç bir əsas olmadan Azərbaycanı Ermənistana təcavüzdə suçlamasına İlham Əliyevin tutarlı cavabıdır. Əlcəzair xalqının soyqırımında bütün günahlar Fransanın çiynindədir. Bu, təkzibolunmaz tarixi faktdır. Azərbaycan prezidenti bu taktikası ilə Makronun böhtanına daha bir zərbə vurdu. Bununla da nəinki fransız dövlət başçısının dediyi sərsəm fikirlər dəyərini tamamilə itirdi, üstəlik Fransanı Qarabağ məsələsində oynamaq istədiyi hansısa roldan məhrum etdi.
Qeyd etmək lazımdır ki, bu səfər tarixi əhəmiyyətə malikdir. Ona görə ki, Türk Dövlətləri Şurası və Ərəb Dövlətləri Liqası arasında Türkiyədən sonra yaranan ikinci xətdir. Heç şübhəsiz, tezliklə digər türk dövlətləri də bu xəttin şaxələnməsində iştirak edəcəklər. Çünki, ərəb liqası da beynəlxalq münasibətlərdə müstəqil tərəf kimi çıxış etməyə meyil göstərir və Türkiyənin bu işdə nümunəsini təqdir edir. Təbii ki, qüvvələr birləşdikcə güc və təsir dairəsi də artır.
Novruz Novruzbəyli

Oxşar məqalələr