AXTAR

Dünyanın məhvə sürüklənən ədaləti

edalet

 

Siyasətin müasir meyarları getdikcə daha çox gücə əsaslanır
Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə hektar münbit torpaqlarımız var və Azərbaycan o torpaqlardan istifadə edib öz iqtisadiyyatını inkişaf etdirə bilmir: “Bu ərazilərdə məscidlər, qəbristanlıqlar dağıdılıb. Bunların mənəvi zərərini qiymətləndirmək mümkün deyil. Dünya birliyi niyə bir milyondan artıq əhalinin fundamental hüquqlarının pozulması haqqında danışmır?! Bəs bunların səmimiliyi harada qaldı?! Biz indi onlara necə inana bilərik?! Azərbaycanın ərazi bütövlüyü pozulub. Bunu bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər qəbul edirlər, ancaq heç bir tədbir görmürlər. Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilinərdi, ancaq bu barədə düşünən yoxdur. Onlar ancaq öz maraqlarını güdürlər, iqtisadi, siyasi və geosiyasi maraqlarını güdürlər”.
N.Məmmədovun növbəti dəfə gündəmə gətirdiyi məsələ yeni deyil, amma həmişə olduğu kimi aktualdır. İndiyədək istər yerli, istər regional, istərsə də beynəlxalq təşkilatların müzakirə edib qəbul etdiyi siyasi sənədlərin hamısında haqq-ədalət, hüquq, bərabərlik anlayışları ilk sətirlərdən işlədilir və vacibliyi xüsusi qeyd olunur. İlk baxışdan hər şey əladır. Amma, təəssüf ki, kağız üzərində. Reallıq cəmiyyətə başqa həqiqətləri diktə edir. Bu həqiqətlərin fonunda siyasətçilərin səmimiliyi, odlu-alovlu nitqləri öz təsir qüvvəsini itirir və yenə dövləti və şəxsi mənafelərin hər bir işdə daha üstün olduğu qənaətini yaradır. İnsan qanının töküldüyü, xalqların hüquqlarının tapdalandığı, dövlətlərin asayişinin pozulduğu, beynəlxalq birliyin qərarlarına etinasızlıq göstərildiyi Dağlıq Qarabağ münaqişəsi kimi yad torpaqların işğalı hadisələrinə münasibətdə biz bu halların bariz ifadəsini görürük.
Azərbaycanın ərazi bütövlüyü pozulub və bunu bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər təsdiqləyirlər. Birləş Millətlər Təşkilatının sessiyalarında, hətta BMT Təhlükəsizlik Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iclaslarında yüksək tribunalardan bu haqda danışılır, təkliflər verilir, komissiyalar yaradılır, monitorinqlər keçirilir, elmi simpoziumlar, ikitərəfli və çoxtərəfli görüşlər təşkil olunur, amma konkret olaraq heç bir əməli tədbir görülmür. Bu ikili münasibət artıq heç kimdə şübhə doğurmur. Hətta Azərbaycan rəhbərliyi beynəlxalq tədbirlərdə bu cür riyakarlığı konkret faktlarla tənqid atəşinə tutur. Məsələ burasındadır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Bunun üçün ölkə rəhbərliyi səbr və təmkinlə bütün fiziki-mənəvi resursları səfərbər edərək tam hazır vəziyyətdə düşmənin “ağıllanmasına” ümidlə hələlik gözləyir. İş burasındadır ki, vəziyyətin böhran həddinə çatmasını və belə davam edə bilməyəcəyini bütün əsas dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, siyasi analitiklər və ekspertlər təsdiqləyir. Ermənistan isə bu proqnozlara məhəl qoymur. Beynəlxalq hüquq və normalara əsasında Ermənistana bu cür mövqeyinə görə iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. Bu isə edilmir. Demək, əslində, supergüclər sülhdən danışa-danışa Azərbaycanı silahla danışmağa təhrik edirlər.
Deyəsən, Ermənistan da düşdüyü ağır siyasi və iqtisadi vəziyyət ört-basdır etmək üçün cəbhədə silahların işə düşməsini arzulayır. Bunu hər gün düşmən tərəfindən atəşkəsin daha intensiv pozulması təsdiqləyir. Görünür, erməniləri bu işə həvəsləndirənlər var. Onlar haradasa itirdiklərinin əvəzini Qarabağda başlayacaq müharibə ilə kompensasiya etmək fikrindədirlər.
Bu minvalla Dağlıq Qarabağ cəbhəsində hazırkı vəziyyət nisbi xarakter daşımaqla bərabər həm də qeyri-müəyyəndir. Bu isə döyüşlərin alovlanmasına şərait yaradır. Beləliklə, dünya birliyinin siyasəti Qarabağda sülhün bərpasını yox, onların geosiyasi maraqlarının qorunması üçün aparılır. Amma bütün bunların ətrafında bir məsələ dя gün kimi aydındır ki, hadisələr Azərbaycan ərazisində cərəyan edir. Azərbaycanın isə öz marağı, mənafeyi və haqqı var. O, bunları kiməsə güzəştə getmək fikrində deyil.
IKSmedia.az

Oxşar məqalələr