AXTAR

“Sülh platformasına qoşulmağa və Bakıya gəlməyə hazıram”

deputat shaxaryants

 

"Hazırda Ukraynada müharibə gedir, anaların və dul qadınların göz yaşları qurumur, uşaqlar yetim qalıb, hər yer xarabalığa çevrilib. Mən müharibənin nə olduğunu bilirəm və istənilən münaqişənin sülh yolu ilə həlli üçün əlimdən gələni edərəm. Buna görə Sülh Platformasında iştirak etməyə hazıram".
Bunu Ukrayna Ali Radasının deputatı, keçmiş hərbçi Armen Şaxaryants virtualaz.org-a “Ermənistan və Azərbaycan arasında Sülh Platforması”na öz münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, istənilən münaqişəni sülh yolu ilə həll etmək lazımdır.
Ukraynada yaşayan etnik erməni olduğunu vurğulayan keçmiş hərbçi qeyd edib ki, həm ermənilər, həm də azərbaycanlılar vətənlərindən kənarda ümumi dil tapırlar:
“Vətəndən kənarda ermənilər və azərbaycanlılar həmişə ümumi dili tapırlar, ümumi biznesə malikdirlər, qonşuluq şəraitində yaşayırlar və aralarında heç bir problem yoxdur”, - deyə A.Şaxaryants qeyd edib.
A. Şaxaryants həmçinin Azərbaycanda doğulmuş Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azərbaycanlılar və ermənilərin genetik baxımdan uyuşmaz olduqlarına dair səsləndirdiyi fikrə də münasibət bildirib:
“Müxtəlif mədəniyyətlər, dinlər, həyat tərzi var. Hər şeyi qarışdırmaq lazım deyil. Ukraynada bütün xalqlar və dinlər sakitcə yola gedir. Genetik uyğunsuzluğuna gəlincə, bu əsl sayıqlamadır və faşizmdir. Ənənələrə və qonşuların xasiyyətlərinə hörmət edərək yaşamaq lazımdır”.
Keçmiş hərbçi həmçinin deyib ki, hər hansı sülh konfransında iştirak etmək üçün Bakıya gələ bilər:
“Mən açıq insanam. Müharibəyə qarşıyam və Bakıya gəlməyə və sülhməramlı konfransda iştirak etməyə hazıram”, - deyə A.Şaxaryants bildirib.

Oxşar məqalələr