AXTAR

Böyük güclərin yaratdığı siyasi bataqlıq Yaxın Şərqdə sabitliyə imkan vermir

suriye

 

Türkiyə, Rusiya və İran üçlüyünün mərkəzində siyasi rol əldə etməyi bacaran Azərbaycan üçün Suriya böhranında bu dövlətlərin birgə fəaliyyət göstərməsi önəmlidir

Hər şey Sovetlər Birliyinin dağılmasından sonra dünya siyasi arenasında bu imperiyanın çöküşü nəticəsində yaranmış boşluğa görə başladı. Amerika Birləşmiş Ştatlarının ambisiyalı siyasi xadimləri və rəhbərləri uzun onilliklər ərzində qarşılarında ən böyük maneə olmuş SSRİ-nin məhvini özlərinin vahid lider olmalarına səbəb saydılar və planlarını da bu istiqamətdə qurdular. İlk növbədə sovetlərin nüfuz etdikləri bölgələri ələ keçirməklə onun varisi sayılan Rusiyanı daha da zəiflətmə yolunu tutdular. Birinci İraq müharibəsi bu yolda atılan ilk addım idi. Çünki, bu müharibə nəticəsində İraqın zəngin neft ehtiyatının mənimsənilməsində geniş dərəcədə təmsil olunan rus mütəxəssislər ölkədən çıxarıldılar. 30 ölkədən ibarət koalisiya yaradaraq buna asanlıqla nail olan Amerikada sonra Yeni Yaxın Şərq planı yarandı. Planda, ümumiyyətlə, bütün ərəb ölkələrinin ABŞ-ın çətiri altında birləşməsi nəzərdə tutulurdu. Bu planın həlli okeanın tayında oturub bu tayına rəhbərlik etmək üçün yetərli görünürdü. Çünki, neft kimi əsas enerji mənbəyinin açarı ələ keçiriləcəkdi.
İkinci İraq müharibəsi və Ərəb baharı bu niyyətin növbəti halqası idi. Lakin artıq ABŞ-ın niyyətləri bütün dünyaya məlum idi və bu hadisələrin mənafeyinə toxunduğu ölkələr sakitcə mənzərəni seyr edə bilməzdilər. Çünki, yaxşı bilirdilər ki, ABŞ möhkəmləndikcə, iştahı da artacaq və ərəblərdən sonra növbə Türkiyəyə, İrana və sonda Rusiya, Çin və digər ölkələrə çatacaq. Xüsusilə, böyük sivilizasiya yolu keçmiş və Osmanlı kimi qüdrətli dövlətin varisi sayılan Türkiyənin belə plana laqeyd qalması axırda onun özünün məhvi ilə nəticələnə bilərdi. Özünəməxsus inkişaf yolu, qədim tarixi, siyasi təcrübəsi və hərbi gücü olan bir sıra dövlətlərin səyi ilə amerikalıların İraqdakı ikinci avantürası iflasa uğradı. Düzdür, ən böyük zərbə İraq xalqına dəydi, ölkə dağıldı, xalq səfalət girdabına yuvarlandı. Amma ABŞ siyasətinin iç üzü açıldı və ona qarşı qeyri-formal şəkildə böyük cəbhə yarandı.
İraqın dalınca Liviya, bundan sonra Suriya zərbə altına düşdü. Liviyada Qərb qüvvələri nisbətən məqsədinə nail olub ölkəni dağırdaraq əsas düşmən saydığı Qəddafini aradan götürə bildisə, Suriyada artıq ciddi müqavimət hərəkatı yarandı və birtərəfdən Türkiyə, digər tərəfdən Rusiya və İran Qərbə rəqib oldular. Amma hər birinin öz məqsədi vardı.
Türkiyə ölkənin parçalanıb məhv edilməsi planına qarşı, Rusiya öz maraqları naminə ABŞ-ın onun nüfuzuna vurduğu ziyanların qarşısını almaq, İran isə ABŞ-dan qorunmaq naminə Suriyada hərəkətə keçdilər. Bu səbəbdən də 2011-ci ildən ölkədə ABŞ-ın dövləti olmayan etnik qruplarla yaratdığı koalisiya qoşunlarının iştirakı ilə qırğınlar başladı. Suriya prezidenti Bəşər Əsəd Rusiya və İrandan aldığı açıq dəstəklə ölkəsinin viran qalmasında iştirak etməyə başladı.
2015-ci ildən səylərini birləşdirən Türkiyə, Rusiya və İran 2018-ci ildə Suriyada sülhün bərqərar olmasına xeyli dərəcədə yaxınlaşıblar. Lakin planları pozulan ABŞ niyyətindən geri çəkilmək, Suriya dövlətini və xalqını sakit buraxmaq fikrində deyil. Öz sərhədləri boyunca təhlükəsizlik zolağını yaratmağı bacaran Türkiyə dövləti terrorçuların son sığıncağı olan İdlib şəhərində əmin-amanlığın bərpa olunmasına çalışır. Rusiya, İran və Suriyada bu istiqamətdə səy göstərirlər. Amma bu qüvvələr 3 milyon əhalisi olan şəhərdə fəal döyüşlər aparmaq əzmindədirlər. Bu isə Türkiyəyə rəğbət bəsləyən əhalinin kütləvi məhvinə səbəb ola bilər. Buna görə də İdlib məsələsində Türkiyə və digər 3 dövlət arasında fikir ayrılıqları mövcuddur. Lakin müasir türk diplomatiyasının uğurları İdlib böhranının həllində də uğurlu çıxış yolu tapılacağına ümid yaradır.
Beləliklə, Suriya böhranı dünyada yeni düzənin formalaşmasına gətirib çıxarıb. Çox önəmli haldır ki, qardaş Türkiyə bu nizamda sanballı mövqe qazanıb və mövqeyini getdikcə gücləndirir. Türkiyənin sanbalı artdıqca Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanın da rolu artır. Belə ki, Qafqazda təhlükəsizliyin və sabitliyin qorunması işində Türkiyə getdikcə söz sahibinə çevrilir və Azərbaycanın haqq-ədalər uğrunda mübarizəsində bu dövlətin dəstəyinin böyük əhəmiyyəti var. Xüsusilə, Türkiyə, Rusiya və İran üçlüyünün mərkəzində siyasi rol əldə etməyi bacaran Azərbaycan üçün Suriya böhranında bu dövlətlərin birgə fəaliyyət göstərməsi önəmlidir. Çünki, həmin dövlətlərlə üçtərəfli münasibətlərlə qurmaqla ölkəmiz əslində Yaxın Şərq problemlərinin həllində müəyyən rol oynayır və bəri başdan özü üçün gələcək perspektiv müəyyənləşdirir. Ümid etmək olar ki, Suriyada strateji mövqeyini gücləndirən Türkiyə və Rusiya Qarbağ münaqişəsinin həllində də birgə əməkdaşlıq etmək üçün razılığa gələcəklər. Siyasi cəhətdən belə bir anlaşma Azərbaycanın balanslı siyasəti və torpaqlarının azad edilməsi baxımından çox əlverişlidir.
N.NOVRUZ

Oxşar məqalələr