AXTAR

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfərə gəlib

heyder eliyev merkezi agdam

 

Ağdam, 3 dekabr
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gəliblər.
IKSmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin və yeni inşa edilmiş Bayraq Muzeyinin açılışlarında iştirak ediblər. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Ağdam gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu, həm də cəbhə bölgəsində yaşayan soydaşlarımızda, xüsusilə də gənc nəsildə vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.
Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək. Mərkəzin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında 7800 kvadratmetrədək torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək. Binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq. Xalqımızın zəngin milli-mənəvi sərvəti olan muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək bu mühüm layihə də ölkəmizdə musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verəcək.
İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ilin aprelində Ağdam rayonunun yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlanıblar.
Dövlətimizin başçısına və xanımına məlumat verilib ki, hərbi əməliyyatların getdiyi dövrdə Ağdam rayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən 8-i son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olublar.
Sonra dövlətimizin başçısı və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Oxşar məqalələr