AXTAR

Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib

ilham ve qafqaz din xadim

 

Bakı, 2 dekabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.
İKSmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV deyib:
-Sizi Azərbaycanda yenidən görməkdən çox şadam, xoş gəlmisiniz. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Mən elə bu gün əvvəlki görüşlərimizi xatırlayırdım. Biz hər il görüşürük və bu görüşlər də həm bizim münasibətlərimiz üçün, həm də Rusiya-Azərbaycan münasibətləri, Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır. Mənə bizim tarixi məscidlərimizin bərpadan sonra açılışında sizin iştirak etməyiniz çox xoşdur. Bu da həmrəyliyin, bizim dostluğumuzun göstəricisidir. Təbii ki, Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respublikaları arasında bütün səviyyələrdə, o cümlədən də dini liderlər arasında davam edir. Bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir və həmçinin dünya müsəlmanlarına bizim birlikdə olmağımızın vacibliyi üçün bir nümunədir. Biz müsəlman ölkələrində müsəlmanların bir-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik. Düşünürəm ki, bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür. Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO tərəfindən ona təqdim edilən İslam dünyasının mədəniyyət paytaxtı adını şərəflə daşıyacaq. Bu, əlbəttə ki, bizə, bizim fəaliyyətimizə olan hörmətin əlamətidir. Biz də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal işləyirik. Bu il İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirildi. Tədbirdə Azərbaycanın İslam həmrəyliyindəki roluna dəstək bir daha vurğulandı. Həmçinin dünyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar.
Bu il sona yaxınlaşır. İlin əvvəlində biz 2016-cı ili “Multikulturalizm ili” elan etmişdik. Bugünkü konfransın mövzusu da Qafqazda multikulturalizmə, həmçinin Azərbaycanda bu sahədə əldə etdiyimiz nailiyyətlərə həsr olunub. Bu il bir çox mühüm tədbirlərin keçirilməsi ilə əlamətdar oldu. Onlardan ən əhəmiyyətlisi əlbəttə ki, Bakıda keçirilən və bütün dünyanın görkəmli nümayəndələrini toplayan BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu oldu. Biz bir daha nümayiş etdirdik ki, multikulturalizm millətindən, dinindən asılı olmayaraq yaşayır və yaşamalıdır və bütün insanlar dinc yaşamaq hüququna malikdirlər.
Bu il ölkəmizdə daha bir mühüm hadisə baş verdi. Bu, dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfəri idi. O, Katolik Kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib.
Əlbəttə ki, şəxsən mənim və ölkəmiz üçün ötən il möhtərəm şeyximizlə müqəddəs yerləri - Məkkəni, Mədinəni yenidən ziyarət etməyimiz, mənə bir daha müqəddəs Kəbədə ibadət etmək və Mədinədə Peyğəmbərin məzarını ziyarət etmək xoşbəxtliyi şərəfi qismət oldu. Bu, hər bir müsəlman üçün xoşbəxtlikdir. Təbii ki, bu cür hadisələr bizim doğru yolda olduğumuzu nümayiş etdirir. Mən sizin - Qafqazın nüfuzlu liderlərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu gün ağsaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir. Sizin fəaliyyətiniz də təhlükəsizliyə, Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Həm də Rusiya-Azərbaycan birgə münasibətlərini möhkəmləndirir. Çünki artıq dəfələrlə qeyd etdiyim kimi, Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik.

Oxşar məqalələr