AXTAR

Cocuq Mərcanlının təsərrüfat həyatı başlayır

cocuq mərcanlı

 

Türkiyədən edilən təklif bərpa prosesinin “qardaşlıq payı” bölümünə aiddir

“Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir”. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur.
Uzun illərin həsrətindən sonra düşmənin atəşləri altından qurtulmuş ilk ərazi statusunu alan Cocuq Mərcanlıda artır 6 aydır ki, 50 ev öz sahiblərini tapıb. Hökumətin vəsaiti ilə tikilmiş bu evləridə yaşayış üçün hər cür şərait yaradılıb. İnsanlar doğma yurdlarına həvəslə qayıdırlar. Uşaqlar bu tədris ilindən məktəbə gedirlər. Həyat yavaş-yavaş öz axarına düşür. Lakin yaşamaq və yaşamağa davam etmək tək ev ilə başa gələn məsələ deyil.
Təbii ki, müharibə nəticəsində tamamilə dağıdılmış təsərrüfatın bərpası ev tikib içərisinə yığışmaqdan daha çətindir. Düzdür, hökumət şəraiti qiymətləndirir və ilkin dövrlərdə əhaliyə hər cür maddi və mənəvi dəstəyi verir. Lakin ömürlük dövlətin himayəsində qalmaq da mümkün deyil. Yəni, insan həyatının ən mühüm arqumenti “öşləyib öz həyatını təmin etmək” aksiomasıdır. Xüsusilə, bilavasitə təbiətlə bağlı kənd yerində, həm də ağır müharibədən çıxmış regionlarda insanların işlə təminatı vacib əhəmiyyətə malikdir. Yalnız həyətyanı sahədə işləməklə gələcəyə nikbin baxmaq çətin məsələdir. Əkin-biçinsiz kəndli təsərrüfatı yerində addımlamaq qədər perspektivsiz durumdur.
Məlum məsələdir ki, hökumət bu şəraiti bilir və müvafiq tədbirlər görür. Ən azından hazırda respublikamızda kəndli-fermer təsərrüfatlarının inkişafı üçün geniş imkanlar var. Bu iş həm qanunvericilik bazasının sadələşdirilməsi, həm güzəştli kreditlərin verilməsi, iş alətləri və texnika ilə təchizat və sairə sarıdan stimullaşdırılır. Yəqin, ən yaxın gələcəkdə Cocuq Mərcanlıdan olan sahibkarların səsi ixrac əməliyyatlarının həyata keçirənlər arasında olacaq. Çünki, Qarabağ torpağı ölkəmizin ən münbit ərazilərindəndir və bu yerlərdə yüksək keyfiyyətli və məhsuldar istehsal sahələrinin inkişafı üçün təbii şərait mövcuddur. Sadəcə, bir az səbirli olmaq gərəkdir, ona görə ki, əkilən ağacların böyüyərək bar verməsi, torpağın partlamamış mərmilərdən təmizlənib əkin-biçinə hazırlanması gərəkdir.
Kənddə gedən bərpa prosesinin bu məqamında qardaş Türkiyədən gələn təklif “qardaş payı” timsalında yerinə düşmüş sayıla bilər. İndi kənddə iri kənd təsərrüfatı müəssisəsinin yaradılması indiyədək köçən və bu yaxınlarda köçəcək daha 100 ailənin əmək qabiliyyətli üzvünün məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynaya bilər. Bunun böyük mənası var. Çünki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə Qarabağın işğaldan azad edilməsi haqda başladığı siyasi dialoqun ardınca artıq bərpa prosesinə əməli şəkildə qoşulması bu işdə Azərbaycanın mövqeyini möhkəmləndirməklə yanaşı düşmən Ermənistana ciddi siqnal olacaq.
Bundan başqa, Türkiyənin bu addımı beynəlxalq aləmdə də təsirsiz ötüşməyəcək. Əvvələn, Cocuq Mərcanlıya investisiya yatırmaq üçün təşəbbüslər irəli sürülə bilər. Belə təkliflərin dövlətlər, şirkətlər və ayrı-ayrı iş adamları tərəfindən gözlənilməsi tamamilə anlaşılandır. İkincisi, əgər xaricdən bu kəndə işləməyə gələnlər Qarabağ münaqişəsinin həqiqi mahiyyətini daha dərindən dərk edə biləcəklər. Bu da saxta erməni təbliğatının ifşasında müəyyən rol oynaya bilər. Bu baxımdan, qardaş Türkiyənin təklifi həyata keçəcəyi təqdirdə Qarabağın işğaldan azad edilməsi yolunda özünəməxsus tarixi əhəmiyyətə malik olacaq.
IKSmedia.az

Oxşar məqalələr