Dünya ABŞ prezidenti Donald Trampdan Şimali Koreyaya qəfil zərbə gözlədiyi halda o, bu həftə neftin qiymətlərinə “zərbə endirəcək”.
Virtualaz.org xəbər verir ki, ABŞ administrasiyasının planlarına bələd olan mənbə bu həftə Donald Trampın dəniz şelfində neft hasilatına icazə verəcək fərman imzalamağa hazırlaşdığını bildirib. “Politico” nəşri yazır ki, bu, ABŞ administrasiyasının ölkənin dəniz şelfində neft və qaz hasilatını genişləndirmək üçün qazma işlərinin genişləndirilməsinə dair ilk addımı olacaq.
Mənbənin dediyinə görə, fərmanda göstəriləcək ki, şelfdə neft və qaz kəşfiyyatının mümkün olduğu yerlər analiz edilsin, habelə bu sahədə qazma işlərini nizamlamaq üçün normalar müəyyən olunsun.
Xatırladaq ki, Barak Obama prezidentliyinin son günlərində Çukotsk dənizinin əhəmiyyətli hissəsində, habelə ABŞ-ın şərq sahillərində onlarla sualtı kanyonda neft-qaz hasilatı işlərini qadağan edib.
Trampın isə o cümlədən bundan əvvəl milli abidələr siyahısına daxil edilmiş obyektlərin bəzilərinə yenidən baxmaq barədə fərman imzalayacağı gözlənilir. Milli abidələr siyahısına daxil edilmiş yerlərdə qazma işləri, balıq ovu və neft-qaz, mədən kəşfiyyatı qadağan edilir. İndi isə Trampın fərmanı bu ərazilərin bir qismində neft-qaz hasilatına başlamağa imkan verəcək.
Analitiklərə görə Trampın bu fərmanının neft bazarlarına təsiri neqativ olacaq və qiymətlərin aşağı düşməsi istisna deyil. Çünki ABŞ-da neft hasilatına dair proqnozlar istənilən halda qiymətlərə təsir edir. “Goldman Sachs”ın ekspertləri proqnozlaşdır ki, ABŞ-da neft hasilatı 2017-ci il ərzində sutkada orta hesabla 95 min barrelə qədər artacaq. Bundan əvvəl bankın eksertləri artımın sutkada 75 min barrel olacağını proqnozlaşdırmışdı.
Ekspertlər qeyd edir ki, əgər ABŞ-ın iri şist neft yataqlarında qazma qurğularının sayı indiki səviyyədə qalsa ilin sonuna qədər sutkalıq hasilat 535 min barrel olacaq. Amerikanın neft servis şirkəti “Baker Hughes” ABŞ-da fəaliyyətdə olan qazma qurğularının sayının 14 həftədir dalbadal artdığını açıqlayıb, onların sayının 688-ə çatdığını bildirib.
ABŞ-da hasilatın artması OPEC və qeyri-OPEC ölkələrinin hasilatı ixtisar etməklə neftin qiymətlərini artırmağa yönəlmiş səylərini heçə endirir. Analitiklərin əksəriyyəti bu qənaətdədir ki, OPEC ölkələri, habelə Rusiya Amerika şirkətlərinin hasilatı artırdığı bir vaxtda bazara çıxarılan neftin həcmini əhəmiyyətli azaltmağa nail ola bilməyəcəklər. Bu tərəfdən də prezident Trampın ABŞ-ın dəniz şelfində neft-qaz hasilatını genişləndirməyə icazə verən fərmanı neftin qiymətini artırmaq səylərinə zərbə olacaq. Ötən həftə “Brent” nefti kəskin ucuzlaşaraq 52 dollardan aşağı düşüb. Bu həftənin ilk hərracında isə neft Fransadakı seçkilərin təsiri il bir qədər dəyər qazanıb, hazırda “Brent” markalı neftin bareli 52.5 dollara yaxındır.
F.Məmmədov