Vadim Yevseyev: “Ermənistanda bir çox məsələni mahiyyəti ilə anlamırlar”
Xəbər verildiyi kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzəryanı ölkələrin Aktau şəhərində keçirilən zirvə görüşündə Rusiya prezidenti Vladimir Putinə KTMT baş katibliyi ətrafında yaranan problemin bir an öncə çözülməli olduğunu söyləyib.
Məlum olduğu üzrə, Ermənistanın indiki hakimiyyəti baş katib Yuri Xaçaturovun başqa bir şəxslə əvəz olunmasını istəyir. Lakin ermənilər bu məsələdə quruma daxil olan üzvlərin, xüsusilə Rusiyanın sərt təpkisi ilə üzləşiblər.
Erməni mediasının yazdığına görə, ruslar hesab edir ki, Ermənistan Xaçaturovu əvəz etməli yox, geri çağırmalıdır. Bu isə KTMT-də yeni hüquqi situasiyanı doğurur. Çünki belə olan halda Ermənistan rotasiya üzrə 2020-ci ilin yanvarın 1-nə qədər ona verilən baş katiblik postunu da itirə bilər.
Hər kəsə məlumdur ki, Yuri Xaçaturov min bir əziyyətlə, Qazaxıstan və Belarus əngəli aşılaraq və birbaşa Moskvanın müdaxiləsi sayəsində KTMT baş katibliyinə təyin olunmuşdu.
Ermənistan mediasında bu məsələyə Paşinyan iqtidarının növbəti diplomatik sınağı kimi baxılır. “Bir yandan əslində KTMT baş katibliyi o qədər də böyük əhəmiyyət kəsb etmir. Lakin digər yandan bu post 2020-ci ilə qədər Ermənistana məxsus olduğuna görə, belə bir vəzifənin itirilməsi, həm hörmətdən düşmək, həm də reputasiyanın pozulması anlamına gələcək. Əgər Xaçaturovun yerinə, vaxtından əvvəl, başqa bir ölkənin nümayəndəsi baş katib təyin olunsa, heç şübhəsiz, bu Ermənistanın dəhşətli diplomatik məğlubiyyətinə çevriləcək ki, bundan da dərhal Azərbaycan istifadə edəcək. Bundan başqa yeni təyinata İrəvan da razılıq verməsə Rusiya ilə yaranan böhran daha da dərinləşəcək”,- analitik Sərkis Artsruni 1-ci informasiya saytında yazır.
Rusiyanın MDB ölkələri institutunun direktor müavini Vadim Yevseyev erməni mediasına verdiyi müsahibədə Ermənistanda KTMT baş katibliyi postu haqqında yanlış təsəvvürlərin formalaşdığını bildirir. “Hamı elə bilir ki, baş katib həmin təşkilatda “toy generalı” rolunu oynayır. Lakin KTMT baş katibinin postsovet ölkələrində təhlükəsizliyin təmin olunması ilə bağlı böyük səlahiyyətləri var”,-deyə Yevseyev qeyd edib.
Yevseyevin fikrincə Ermənistanda yaranan digər yanlış bilgi, Xaçaturovun yerinə avtomatik olaraq başqa bir erməni generalını təyin edə bilmək hüquqlarının olması haqqındadır. “Əgər Ermənistan öz nümayəndəsini geri çağırsa, onun başqa bir erməni rəsmisi ilə əvəzləmək üçün digər üzv dövlətləri yol gətirmək çətin olacaq. Hər kəs bilir ki, Qazaxıstan Qarabağ məsələsində Ermənistanı deyil, Azərbaycanı dəstəkləyir. Buna görə də bundan sonra KTMT-nin baş katibinin Ermənistanın nümayəndəsi olacağını əminliklə söyləmək olmaz. Təəssüf ki, Ermənistanda bunun mahiyyətini anlamırlar”.
Rusiyalı ekspertin fikrincə, Ermənistanın dadına sözügedən məsələdə ənənəvi olaraq yalnız Rusiya çata bilər. O, hazırda iki ölkə arasında gərginliyin deyil, anlaşılmazlığın hökm sürdüyünü bildirib.