ABŞ-ın Miçiqan şatatında yaşayayan orta məktəb şagirdlərindən biri Azərbaycanla bağlı müəyyən aksiyalar keçirir, dövlətimizin ərazi bütövlüyü, torpaqlarımızın işğal faktı ilə bağlı təbliğat işləri aparır, ermənilərin törətdikləri vəhşilikləri ifşa etməyə çalışır.
BakuPost.az xəbər verir ki, bu işlərə görə, dəfələrlə təzyiqlərə məruz qalsa da, təhsil aldığı orta məktəbdə cəzalar alsa da o, Azərbaycana olan sevgisini gizlətmir, gördüyü işləri davam etdirir.
Məlumdur ki, Amerika Birləşmiş Ştatları dünyanın elm-təhsil sahəsində inkişaf etmiş dövlətlərdən biri olsa da, burada bir ölkə kimi Azərbaycanı az sayda insan tanıyır. Hansı ölkədən gəldiyini, Azərbaycanın harada yerləşdiyini soruşanlara anlatmaq üçün xeyli izah etməli olursan. Belə bir cəmiyyətdə 17 yaşlı amerikalı yeniyetmənin ölkəmizdə baş verən hadisələrə, xalqımızın mədəniyyətinə, tarixinə bu qədər həssas yanaşması heyrətamizdir. Buna görə də BakuPost.az-ın əməkdaşı onunla görüşüb, yaxından tanış olub.
Matt Garnett ABŞ-ın Miçiqan şatatında yaşayır. Haslet şəhərindəki orta məktəblərdən birinin on ikinci sinif şagirdidir. Bir sıra Asiya ölkələrinin tarixinə bələd olan Matt Azərbaycana da biganə deyil. Dediyinə görə, hələ on bir yaşında olarkən Miçiqan Dövlət Universitetində dekan vəzifəsində çalışan əmisinin Azərbaycana işlə bağlı səfər etməsi onda ölkəmizə bir maraq yaradıb və o, həmin vaxtdan internet vasitəsi ilə ölkəmizlə bağlı bilgi əldə etməyə başlayıb. Facebook internet səhifəsində ingilis dilini bilən xeyli azərbaycanlılarla da tanış olub, fikir mübadilələri aparıb. Və bir də görüb ki, özü də bilmədən içində Azərbaycana məhəbbət, xalqımıza sevgi toxumları cücərib...
Azərbaycan mədəniyyətinin vurğunudur. Azərbaycan musiqisindən xüsusi zövq alır, saatlarla dinləməkdən yorulmur...
"Azərbaycan haqqında nələri bilirsiniz” soruşanda, "ölkəniz haqqında çox şey bilirəm”, dedi. Söylədiyinə görə, ingilis dilində internet versiyası olan bütün elektron qəzetlərimizi izləyir. Onların arasında "Trend.az”, "AzerNews.az” saytlarını xüsusi qeyd etdi.
Öz facebook səhifəsində ölkəmizin təbliği ilə bağlı xeyli işlər görür. Dağlıq Qarabağ həqiqətlərini məktəb yoldaşlarına, eləcə də avropa və asiyadan olan dostlarına çatdırmağa çalışır.
"Elə bir gün olmaz ki, mən Dağlıq Qarabağ münaqişəsi haqqında danışmayım, torpaqlarımızın azad olunması istiqamətində müzakirələr aparmayım”- Matt Azərbaycan prezidenti İlham Əliyevin çıxışından bu hissəni xatırladaraq söyləyir ki, mən Azərbaycanda bir dəfə də olsun belə olmamışam, amma mənim də elə bir günüm keçməyib ki, Dağlıq Qarabağ haqqında kiminlərləsə müzakirəyə qoşulmayım.
"Bu sizə problem yaratmır ki”, sualıma Matt təbəssümlə cavab verib bir neçə hadisə haqqında məlumat verdi: "Yeddinci sinifdə oxuyurdum, Xocalı soyqrımı, ermənilərin vəhşilikləri haqqında şagird yoldaşlarıma məlumat verdiyimi görən erməni müəllimimiz məni cəzalandıraraq sinifdə saxladı və nahar fasiləsinə buraxmadı. Bundan əlavə facebookda paylaşdığım statuslara görə tez-tez ermənilərdən tənəli mesajlar alıram…”
Məktəbdə tədbirlərin birində ermənilərin təcavüzünə qarşı telefonuna yüklədiyi Azərbaycan himnini səsləndirərək hamının ayağa qalxmasını xahiş edəndə də Matt qınaqlara tuş gəlmişdi. Deyir ki, bacardığım qədər ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında məlumatlar yayacam və Azərbaycan xalqının zəngin mənəvi dəyərlərə malik bir xalq olduğunu hər yerdə söyləyəcəm…
Gələn il Miçiqan Dövlət Universitetinə qəbul olunmağı planlaşdıran Matt Azərbaycanda olmağı, ölkəmizi yaxından tanımağı arzulayır. İnanırıq ki, əlaqədar təşkilatlar ABŞ-da Azərbaycan sevdası ilə yaşayıb ölkəmizi təmənnasız təbliq edən Mattla tezliklə maraqlanacaq, arzusuna çatmasında yardımçı olacaqlar…
BakuPost
Elman Eldaroğlu,
ABŞ