Etiraz aksiyasının təşkilatçıları bildiriblər ki, sabah axşam yenidən Yerevanın mərkəzində toplaşaraq, oturaq tətil keçirəcəklər. Lakin nümayiş iştirakçılarının bir qismi evə getməkdən imtina edib.
Virtualaz.org xəbər verir ki, təşkilatçıların sözlərinə görə, bugünkü marşda 30 min adam iştirak edib. Sabahkı mitinqdə daha çox adamın iştirakı gözlənilir, belə ki, hazırlıq işləri aparılır, insanlar vərəqələr yayır.
“Onlar bizim tələblərimizi yerinə yetirməlidirlər. Etiraz etsələr, daha radikal addımlar atacağıq. Yalnız sona qədər durmaq lazımdır. Biz sevdiyimiz insanların qisasını alacağıq”, - mitinq təşkilatçılarından biri deyib.
* * *21:26
Etiraz edınlərin bir hissəsi prezident sarayına doğru irəliləməyə və nümayişi orada davam etdirməyə qərar verib. Digər hissə isə Yerevanın Azadlıq meydanında qalmaqdadır.
Virtualaz.org xəbər verir ki, etiraz edənlər Artur Sarkisyanın təntənəli şəkildə Yelabur qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Onlar həmçinin onun ölümündə günahı olanların, o cümlədən prezident Serj Sarkisyanın cəzalandırılmasını istəyirlər.
Mitinq təşkilatçıları günü yekunlaşdıraraq, yeni aksiyaları sabah davam etdirməyi planlaşdırırlar.
* * *19:29
On minlərlə etirazçı Yerevanın mərkəzi meydanına tərəf istiqamət alıblar. “Azadlıq” radiosunun erməni xidməti hadisə yerindən canlı yayım aparır.
Nümayişçilər Artur Sarkisyanın ölümü ilə bağlı narazılıqlarını bildirirlər və onun ölümündə prezident Serj Sarkisyanı ittiham edirlər.
Etirazın təşkilatçılarından biri Şayen Arutyunan (məşhur siyasi məhbusun oğlu – red.) jurnalistlərlə söhbətində deyib ki, etiraz aksiyalatrında praktiki olaraq siyasi qüvvələrin nümayəndələri yoxdur. Mitinqə ədalət axtaran sadə Yerevan sakinləri toplaşıb.
* * *16:14
Yerevanda fəallardan və ictimaiyyət nümayəndələrindən ibarət böyük bir qrup "Ermənistan" tibb mərkəzində Artur Sarkisyanı anmaq üçün etiraz yürüşü təşkil edib.
Virtualaz.org “Aravot” nəşrinə istinadən bildirir ki, etiraz edənlərlə polis arasında toqquşma baş verib.
Keçən ilin yayında polisin post-patrul xidməti (PPX) alayının ərazisini tutmuş "Sasna Tsrer" silahlı qrupunun işi üzrə həbs edilmiş Artur Sarkisyan silahlı qrupa kömək etməkdə ittiham olunurdu. PPX alayının ərazisi tutulan günlərdə 48 yaşlı A.Sarkisyan şəxsi avtomobildə yaraqlıları mühasirəyə alan polis səddini yararaq onlara qida məhsulları çatdırmış və sona qədər üsyançılarla birlikdə qalmışdı.
Azadlıq meydanına toplaşan yürüş iştirakçıları Yerevanın mərkəzi küçələri ilə hərəkət edərək "Artur!", "Yemək çatdıranı öldürdülər!" şüarları səsləndiriblər. Yürüş iştirakçılarını onlarla polis müşayiət edib və nümayişçilərə Ədliyyə Nazirliyinin binası yanında etiraz aksiyası təşkil etməyə imkan verməyib. Təntənəli yürüşə siyasi dustaq Şanta Arutyunyanın oğlu Şaen Arutyunyan başçılıq edib.