Demokratiyanın həqiqət yox, siyasət olduğu Avropa ölkələri
Fransanın gözəl kəndli qızı olan Janna D’Ark adlı inqilabçısı haqda eşitməyən yəqin ki, az adam tapılar. Biz bu cəsur inqilabçını həmişə rəğbətlə anır və onun qəhrəmanlığını təqdir edirik. Amma, qəribədir ki, fransızlara bu haqda danışanda əksəriyyəti istehza ilə qımışıb susur. Niyəsini belə izah edirlər ki, Janna siyasətdən, riyakarlıqdan, insan ölümünə bais olmaqdan çox uzaq bir insan olub. Bu sadəlövh kəndli qızının əlinə bayraq verərək qızışdırıb kütlənin qabağına salan isə həddən ziyadə varlı və pozğun həyat sürən, hakimiyyətdən öz şəxsi intiqamını almaq məqsədilə inqilab hazırlayıb həyata keçirən başqa biridir. Həmin şəxs soyuqqanlıqla insanların qanını tökdürüb məqsədinə çatır və hadisəni “xalq inqilab etdi” deyə aləmə car çəkirlər. Bu misalı ona görə çəkdim ki, Avropa demokratiyasının, inqilablarının iç üzü barədə həqiqət bir çox hallarda başqa mahiyyət daşıyıb.
Bu günlərdə Hollandiya və Niderland kimi Avopanın ikili standartlarına uyğun iki adı olan bir ölkənin rəhbərliyi Türkiyənin iki nazirinə bu ölkəyə daxil olmağı qadağan edib. Türk yetkililər bu ölkəyə öz xalqlarının diaspor təşkilatlarının mitinqində iştirak etmək üçün təşrif buyurmaq arzusunda olublar. Mitinqdə də Hollandiyaya yox, Türkiyəyə aid məsələlər barədə söhbət gedəcəkmiş. Amma bu mitinqə icazə verilməyib. Bunun ardınca İsveç hökuməti paytaxt Stiкholmda da türk diasporunun mitinqini pozub və digər bir nazirin ölkəyə gəlişinə mane olub.
Hollandiya hökumətinin bu gün sərgilədiyi dəst-xətt tanışdır. Avropa İttifaqının üzvləri olan dövlətlər yarım əsrdən çoxdur ki, Türkiyənin İttifaqa üzv qəbul edilməsini növbə ilə əngəlləyir. Bir vaxtlar əsas oyunçu timsalında Yunanıstan çıxış edirdi. Guya, onun bu fəaliyyəti Türkiyə ilə arasında olan tarixi düşmənçilikdən irəli gəlirdi. Yunanlar oyun oynamaqdan yorulanda onları Fransa və Almaniya əvəz etdi. Daha sonra Kipri Avropa İttifaqına qəbul edib səsvermə hüququna sahibləndirdikdən sonra onu qabağa verdilər. Bu “aktyoru” Avstriya əvəz etdi. İndi də növbə Hollandiyanındır. Gizli siyahıda növbəyə duranlar sonrakı illərdə səhnəyə təşrif buyuracaqlar. Deyir, “ayının min oyunhu var bir armudun başında”. Bu avropalıların dərdi də türkofobiyadır. Son illər İslamofobiya da qoşulub bu dərdə, işlər lap çətinə düşüb.
Məsələ burasındadır ki, avropalılar özlərini daha ağıllı sayır və düşünürlər ki, Türkiyəyə yalançı ümidlər verə-verə onu içlərində əridə biləcəklər. Amma öz sıralarından həqiqəti görməyi bacaran bir siyasətçi tapılmır ki, bunlara izah edib desin, axı biz Türkiyəni sıxışdırdıqca, o, daha da güclənir, bu yolla hara gedirik?!
Türkiyə Respublikası tarixi kökü və sanbalı olan, özünəməxsus mərd siyasətə malik müstəqil dövlətdir. İldən-ilə də inkişaf edir, qüdrətlənir. Amma avropalılar bunu qəbul edə bilmirlər. Qorxurlar ki, onların bir sıra bölgələrdəki ağalıq ambisiyalarına Türkiyə mane olar. Əslində isə, Türkiyə on əsrdən çoxdur bu missiyanı uğurla davam etdirir. “Mədəni Avropa”nın məzlumlar dünyasını əsarətdə saxlamasını əngəlləyir. Əgər bir vaxlar böyük bir ərazidə yaşayan xalqların var-dövləti Qərbə daşınırdısa, indi bu xalqlar öz sərvətlərinin sahibidirlər və onu istədikləri kimi satmaq hüququna malikdirlər. Bu işdə Türkiyə fəal oyunçudur. Bunu isə Qərb həzm edə bilmir. İslam dünyası ölkələrinin inkişafı və digər dövlətlərlə bərabər əsaslarda əlaqə qurmasını inkişaf etmiş dövlətlərin başçıları qəbul etmək istəmirlər. Çünki, asan gəlir mənbələri əldən çıxır. Məhz, müsəlman inanclı Türkiyənin müasirliyi, dünyanın aparıcıp dövlətləri sırasına qatılması Avropa dövlətlərini qıcıqlandırır. Hər vəchlə Türkiyəni aşağılayıb nüfuzuna ləkə salmaq istəyirlər.
Konkret olaraq, Hollandiya olayı da bu məqsədə qulluq edən iftira xarakterli addımdır. Xarici qüvvələrin zidd əməllərindən qorunmaq üçün Türkiyədə dövlət strukturunun daha çevik idarəsinə və möhkəmlənməsinə xidmət edəcək Konstitusiya dəyişiklikləri üzrə referendum keçirilməsini pozmaq hansısa dövlətlərin xoşuma gəlmir. Ancaq təəssüf! Türkiyənin öz yolu var və bu yolda onun addımkarı kifayət qədər möhkəmdir. Son nəticədə ziyan yenə də Hollandiya dövlətinə dəyəcək. Bu hadisəni “Qərb gerçək üzünü ortaya qoyub” –deyə, qiymətləndirən prezident R.T.Ərdoğan deyib: “Bu gün Suriyada PKK terrorçularının əllərində Qərb ölkələrinin silahları var. İnkar etməyə çalışırlar, ancaq faktlar ortadadır. Biz Suriyada Gerablusu, Dabıkı, Babı İŞİD terrorçularından təmizlədik. Növbədə Menbic var, Rusiya səfərimdə də bunu müzakirə etdik. Suriyanın şimalında bir terror dövlətinin qurulmasına yol verməyəcəyik. PKK-nın Suriya qolu PYD/YPG Suriyada dövlət qura bilməyəcək. Türkiyə Silahlı Qüvvələri, müxalif Azad Suriya Ordusu buna yol verməyəcək. İnşaallah, Türkiyədə referendumun keçiriləcəyi 16 aprel bir daha şər qüvvələrin oyununun pozulduğu gün olacaq. 16 apreldə Türkiyə xalqı daha bir parlaq sabaha göz açacaq ”.
İKSmedia.az