Donald Trampın şəxsi həkimi Harold Bornsteyn “New York Times” qəzetinə müsahibəsində 70 yaşlı ABŞ Prezidentinin sağlamlığını qorumaq üçün qəbul etdiyi dərmanlar barədə məlumat verib.
"İksmedia.az" AzərTac-a istinadən xəbər verir ki, Harold Bornsteyn 1980-ci ildən etibarən Trampın illik müayinəsini həyata keçirir.
Bornsteynin sözlərinə görə, Donald Tramp prezident seçildikdən sonra həkimə müraciət etməyib. O, mütəmadi olaraq “tetrasikin” antibiotikindən istifadə edir. Bu antibiotik çəhrayı sızanaqlara qarşı mübarizə üçündür. Dərmanların siyahisinda, həmçinin ürək xəstəliyi riskini azaltmaq üçün “uşaq aspirini”, prostat adenomasına və keçəlləşməyə qarşı istifadə olunan “finasterid” preparatı da yer alır.
Seçkiqabağı kampaniyanın gedişində Tramp dəfələrlə Hillari Klintonun prezident vəzifəsini icra etmək üçün fiziki qüvvəsinin olmadığını bildirmişdi. Xanım namizədin həkimi Liza Bardak isə öz növbəsində Klintonun tam sağlam olduğunu bəyan etmişdi.
Xatırladaq ki, 68 yaşlı Hillari Klintonun sağlamlığı barədə söz-söhbət onun Nyu-York şəhərində 11 sentyabr faciəsi qurbanlarının xatirə mərasimində özünü pis hiss etməsindən sonra başlayıb.