İrəvanda rus dili yasaqlanır, Moskvada erməni lobbisi tərksilah edilir
“Mövqe” qəzeti ötən nömrələrində yazmışdı ki, Ermənistan parlamentinin “Audiovizual media haqqında” qanunu qəbul etməklə Rusiya telekanallarının ölkədə sərbəst yayımını əngəlləmək də israrlıdır. Bəlkə də kənardan baxanlar üçün bu adi bir hal kimi nəzərə çarpa bilər. Amma reallıqda məsələ budur ki, Ermənistan Rusiyadan tam asılı vəziyyətdədir və hətta ermənilər başqa ölkənin torpaqlarında özlərinə dövlət “qura bildirklərinə” görə də Rusiyaya minnətdar olmalıdırlar.
İndiyədək bu, məhz belə idi. Ancaq belə görünür ki, ermənilər məqsədlərinə çatdıqlarına görə artıq Rusiyadan üz döndərmək fikrinə düşüblər. Çünki həmişə başqalarının resursları hesabına yaşamağa adət etmiş erməni hakimiyyəti özünə daha varlı ağa tapıb və onun ağuşunda yerini tam rahatlamaq zamanı çatdığını düşünür. Rus dilinin ölkə ərazisində sıxışdırılması da bu məqsədə xidmət edir.
İndi sual yarana bilər ki, bəs, Rusiyaya bütün parametrlər üzrə bağlı olan Ermənistranda bu güc hardandır? Rus politoloqlar öz şərhlərində bu suala cavab veriblər. Məsələ burasındadır ki, 2,5 milyonluq əhalisi olan “cırtdan” Ermənistanda ABŞ-ın 2000 nəfər işçisi olan nəhəng səfirliyi fəaliyyət göstərir. Rusiya Yaxın Şərqə, Avropanın cənubuna, Türkiyəyə və İrana, üstəlik bir çox Afrika ölkələrinə nəzarəti Ermənistan üzərindən həyata keçirir. Bu ölkədə yerləşən iki rus hərbi bazası geostrateji siyasətin bazis nöqtəsidir. İndi bu nöqtəni nəinki neytrallaşdırmaq, hətta önu ələ keçirmək Amerika xarici siyasətinin ən ümdə məsələlərindən birinə çevrilib.
Ermənistan-Rusiya münasibətlərində yaşanan hazırkı gərginlik bu ox üzrə inkişaf edir. Son vaxtlar Rusiya mətbuatını izləyəndə aydın görünür ki, ermənilərin cavabı yüksək instansiyalardan tutmuş elmi tədqiqatçılara, politoloqlara qədər bütün səviyyələrdə qarşılıqlı olaraq verilir. Həm də alçaldıcı və onların iç üzünü açan təhqirlər şəklində. Məsələn, “smi6.ru” saytında Rusiyanın baş prokurorluğunun erməni lobbiçilərindən necə təmişlənməsi barədə böyük məqalə dərc olunub.
“2 gün ərzində baş prokurorluğun 20 rəhbər şəxsi öz kreslolarını tərk edib. Onların əksəriyyətinə ciddi iradlar vardı və bu, hələ də qalır. İşdən azad olunanların arasında təbii sərvətlərdən istifadə və ətraf mühitin qorunması üzrə qanunun tətbiqi üzərində nəzarət idarəsinin rəisi Georgi Avaqumyan da var. İstintaq, dindirilmə və operativ axtarış üzərində nəzarət idarəsinin rəisi Yuri Karapetyan, həmçinin beynəlxalq-hüquqi əməkdaşlıq idarəsi rəisinin müavini Mnasakan Sarkisyan da bu siyahədadır, amma bu, hələ son deyil” – deyə, məqalədə bildirilir. Müəllif yazır ki, forma və iş metodlarına görə “erməni partiyası” adlandırılan cinayətkar qrup hələ də baş prokurorluqda korrupsiya sxeminin əsas halqası olaraq qalır. Onlar prokurorluğun strukturuna elə nifuz ediblər ki, nə qədər işdən azad edilsələr də, köklərini hələ ki, kəsmək mümkün olmayıb. ÜFK DSİO kanalına göndərilən teleqramın müəllifələri erməni lobbisinin prokurorluqdakı fəaliyyətinə dair sensasiyalı məlumatılar veriblər. Teleqramda qeyd edilir ki, “hətta əvvəlki baş prokuror Çaykanın dəstəsi idarədə öz təsirini saxlamaq üçün erməni lobbisinin gücündən” istifadə edir.
Ermənilərin Rusiyaya qarşı xəyanətinə rus tarixçisi Oleq Kuznetsov internetdə “Qarabağ” kanalı açmaqla daha bir zərbə vurub. Bu kanalda ermənilərin Qafqazda gəlmə olduqları, Azərbaycan torpaqlarında erməni dövləti yaratmaqları, Xocalı soyqırımı və digər erməni saxtakarlıqları və cinayətləri faktlarla sübut olunur.
İki ölkə arasında “müharibənini” belə qızışdığı zaman düşünmək olardı ki, İrəvanın siyasi hakimiyyəti geri addım atacaq. Amma yox! Belə görünür ki, Qərb bunlara havadarlıq etməyə ciddi söz verib və tutulan yoldan çəkilməyə ermənilərin imkanı qalmayıb. Ancaq bu, heç də bizə düşmən olan xalqa yaxşı heç nə vəd etmir. Çünki, Qərblə Rusiya arasında ayaq altda qalır. Bu tərəfdən də siyasi hakimiyyəti ələ keçirmək istəyən müxalifət, hakimiyyəti əlində saxlamaq niyyətində olan mövcud hökumət Qarabağ cəbhəsində təxribatlarla rəqiblərini susdurmaq istəyir və Azərbaycanın hücum edəcəyi ilə bağlı bir-birlərinə hədə-qorxu gəlirlər. Təbii ki, əlverişli an olan kimi Azərbbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa etmək üçün cəbhə xəttini yaracaq. Ancaq bunun erməni-rus münasibətlərinə və ya Qərbin İrəvanı cilovlamasına heç bir aidiyyəti yoxdur. Hərçəndi, Ermənistanda siyasi hakimiyyətin taleyi məhz bu məsələdən asılıdır.
N.NOVRUZ