AXTAR

Azərbaycan Qarabağ ətrafında beynəlxalq münasibətləri aydınlaşdırır

İlham Stoltenberq

 

Prezident İlham Əliyevin NATO-da görüşləri münaqişə ətrafında suların durulmasını sürətləndirir

Bu günlərdə Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına onunla görüşüb. Görüşdən sonra Azərbaycan prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər.
Artıq uzun illərdir ki, Şimali Atlantika Alyansı Azərbaycanla əməkdaşlıq edir. Bu, Əfqanıstanla bağlı məsələləri əhatə edir və bu işdə əsas yük Azərbaycanın çiyninə düşür. Tərəflər birgə fəaliyyətdən razı qalmaqla yanaşı gələcək perspektivlər barədə də düşünürlər. Azərbaycanın dövlət başçısı öz bəyanatında əməkdaşlığın bütün sferaları barədə fikirlərini bölüşməklə yanaşı ölkənin ən məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Alyansın oynaya biləcəyi rola aydınlıq gətirmək məqsədi də daşıyırdı. Brüssel görüşündə bir daha münaqişənın həlli yolları üzrə gedən proses barədə ətraflı məlumat verməklə diqqəti bu istiqamətə yönəldib.
Məsələ burasındadır ki, Minsk Qrupu həmsədrlərindən ikisinin təmsil etdiyi ölkələr NATO üzvüdür. Bu ölkələrin siyasi təmsilçiləri, o cümlədən NATO rəhbərliyi dəfələrlə bəyan edib ki, münaqişənin hərbi həll yolu yoxdur. Brüssel görüşündə baş katib Stoltenberq bu haqda fikrini açıq bildirib: “Aydındır ki, bu münaqişənin hərbi yolla həll olunması imkanı yoxdur və NATO bu məsələdə birbaşa rola malik deyil”. Bu fikirlər elə qəbul edilməməlidir ki, həqiqətən Azərbaycan ərazi bütövlüyünü silah gücünə bərpa edə bilməz. Burada söhbət məhz müharibə alovlanacağı təqdirdə NATO-nun döyüşlərdə iştirak edib-etməyəcəyindən gedir. Bu cavabdan çıxan nəticələrin Azərbaycan üçün əhəmiyyəti böyükdür.
Birincisi, NATO bununla münaqişənin yalnız Rusiyanın təsir dairəsində olduğunu təsdiqləmiş olur. İkincisi, əgər NATO heç vaxt münaqişəyə qatılmayacaqsa, onda onun Minsl qrupunda olan həmsədr üzvlərinin “münaqişənin hərbi yolla həlli mümkünsüzdür” fikirləri siyasi ibarədən o yana keçmir, ona görə ki, arxasında hərbi güc durmayan fikirlər əsassız hökmlərdən başqa bir şey deyil. İqtisadi sanksiyalara gəldikdə isə, bu cür aksiyaları dəf etməyə Azərbaycanın kifayət qədər siyasi və iqtisadi resursları var. Prezident İlham Əliyev NATO baş katibi ilə görüşdən sonra verdiyi bəyanatda Qarabağın işğalı barədə ətraflı danışıb və Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bir daha xatırladıb: “Regional təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, ərazilərimiz erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”.
Mühüm fakt ondan ibarətdir ki, Azərbaycanın dövlət başçısı NATO baş katibindən sonra çıxış edib və hesab etmək olar ki, onun səsləndirdiyi fikirlər baş katibin dediklərinə cavabdır. Bu cavabın Bakıda yox, Alyansın mənzil-qərargahında səsləndirilməsinin də əhəmiyyəti var. Çünki, Azərbaycan rəhbərliyinin ğrazi bütövlüyü məsələsində qətiyyətliliyini təsdiq edir.

İKSmedia.az

Oxşar məqalələr