AXTAR

Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfərə edib

az iran

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasında rəsmi səfərdə olub.
AZƏRTAC-ın verdiyi məlumata görə, Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.
Martın 5-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin əlaqələrimizin inkişafında böyük rolu olduğu qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Prezident İlham Əliyev dəvətə görə Prezident Həsən Ruhaniyə təşəkkürünü bildirib, Azərbaycanın İran ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
İran Prezidenti Həsən Ruhani deyib ki, son üç il ərzində Azərbaycan-İran əlaqələri yüksək səviyyədə inkişaf edib. Bu əlaqələr istər siyasi, ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edib, istərsə də iqtisadi və mədəni sahədə genişlənib. O, regional məsələlərlə bağlı ikitərəfli müzakirələrdə Azərbaycanın və İranın mövqeləri bir-birinə yaxın olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib..
İran prezidenti Azərbaycan-İran münasibətlərinin dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlər kimi dəyərləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında deyib ki,

son üç il ərzində İran İslam Respublikasına üçüncü səfərə gəlib: “Bütövlükdə, son üç il ərzində mən cənab Prezident Ruhani ilə səkkiz dəfə görüşmüşəm. Bu, özlüyündə bir göstəricidir. Bu, göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub. Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İran İslam Respublikasına minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır”.
İki ölkə arasında əlaqələrin genişləndiyindən danışan Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib: “Biz çalışırıq ki, İslam aləmində bu birliyi, həmrəyliyi möhkəmləndirək. Biz öz milli mənəvi, dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman yarışı olmayacaq. Bu, İslam aləminin birləşməsi deməkdir. Əminəm ki, İran idmançıları bu yarışlarda böyük uğur qazanaraq yüksək pillələrə qalxacaqlar. Qeyd etməliyəm ki, biz İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk, bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq”.
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
Həmin günü səfərini başa çatdıran Azərbaycan prezidenti vətənə geri dönüb.

Oxşar məqalələr