AXTAR

Türk professor: “Azəri” sözü ləğv edilsin”

ibrahim tellioglu

 


Türkiyəli tarixçi, professor İbrahim Tellioğlu Azərbaycan xalqının “azəri” və ya azərbaycanlı adlandırılmasının yanlış olması açıqlaması ilə çıxış edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

O, qeyd edib ki, indiyə qədər tarixçilər və tədqiqatçılar Azərbaycan adının mənşəyi ilə bağlı müxtəlif fikirlər irəli sürüblər. Azərbaycanda yaşayan əhali gah "azərbaycanlı, gah da "azəri" adlandırılıb. Bütün bunların dünyada yaşayan türklərin birliyi və həmrəyliyinin qarşısını almaq üçün təşkil olunmuş oyun adlandıran türkiyəli professor “twitter” hesabında "azəri" adının ləğv edilməli olduğunu söyləyib.

İbrahim Tellioğlu sosial mediada mesajında bildirib ki, tarix boyu “azəri” adında türk xalqı mövcud olmayıb. Azərbaycan türkləri Türkiyə, Türkmənistan, İran, İraq və Suriyadakı soydaşları ilə birlikdə Oğuz qrupunun əhəmiyyətli bir hissəsini təşkil edirlər. Tarixçi deyir ki, "azəri" sözü bu yaxınlarda ortaya çıxıb. Əslində farslar biz Oğuz türklərini "azəri milləti", ruslar isə "azərbaycanlı” adlandırdılar: “Bunun səbəbi şübhəsiz ki, İran adlandırdığımız fars dövlətinin 40 milyonluq Azərbaycan türkünün qiyamından qorxmasıdır. İran fars dövləti "azərbaycanlılar" deməklə bizi türk millətindən ayırmaq istəməyiblər. Digər tərəfdən ruslar "azəri və ya azərbaycanlı", özbək, qazax, tatar, tacik və s adla türk millətini parçalayaraq hökm ediblər. Yoxsa bilirdilər ki, türklər yeganə türk milləti adı ilə birləşəcək və onlara qarşı üsyan qaldıracaq, Qafqazda və Avrasiyada hökmranlıq edəcəklər”.

İ. Tellioğlunun sözlərinə görə, tarix boyu ruslar, farslar və ingilislər türk millətinə qarşı "böl, parçala və hökmranlıq et" siyasətini həyata keçiriblər. Tarix boyu Azərbaycan türk yurdu olub. Hətta məşhur türk tarixçisi M.F.Kirziyoğlu “Dədə-Qorqud” dastanında hekayələrdə qeyd olunan yer adlarının Azərbaycanda olduğunu sübut etmişdir.

“Tarixdə, Azərbaycan türkləri ilə bağlı bizanslılar "Türkia", farslar isə "Türkmən cənnəti" deyirdilər. Azərbaycanda yaşayan əhali Osmanlı-Səfəvi mənbələrində də "türkmən" adlanırdı. Türk hökmdarı Şah İsmayıl Azərbaycan torpağında yaşayan əhalini “türk oğulları” adlandırır və Azərbaycan xalqına müraciət edərkən “Ey türk oğulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc torpağınızı dünyanın heç bir dövlətinə dəyişməyin. Onu qoruyun və gələcək nəsillərə saxlayın!” deyirdi”, İ. Tellioğlu qeyd edir.

Tarixçi deyir ki, indiyə qədər bir çox tarixçi və tədqiqatçılar Azərbaycan adının etimologiyası ilə bağlı müxtəlif fikirlər irəli sürüblər, ammma “azərbaycanlı” və ya “azəri” adlı millətin olmadığı ilə bağlı yekdil qənaətə gəliblər. Cənubi Azərbaycanda deyil, Şimali Azərbaycanda bu ifadələrə geniş rast gəlinir. “Bu gün "azərbaycanlı", "azəri", "Azərbaycan dili" və ya "azəri dili" kimi ifadələr qərəzli şəkildə geniş istifadə olunur. Nədənsə, bu Cənubi Azərbaycanda deyil, Azərbaycanın şimalında geniş yayılıb. Cənubi Azərbaycandakı soydaşlarımız fars zülmünə məruz qalmalarına baxmayaraq, daha cəsarətlidirlər və həqiqəti dəyişdirmirlər. Onlar hər zaman türk olduqlarını və dillərinin hər zaman və hər yerdə türk olduğunu bildirirlər. Özlərini "azəri" və ya "azərbaycanlı" adlandıranlar tarixi araşdırma aparsalar böyük bir səhv etdiklərini başa düşəcəklər. Əslində azəri adlanan İranın cənubunda yaşayan fars tayfaları var.

Tellioğlunun sözlərinə görə, eramızdan əvvəldən XX əsrə - Sovet işğalına qədər Azərbaycanda yaşayan əhali türk adlandırıldı. Yalnız bu dönəmdən sonra azəri və azərbaycanlı ifadələri geniş işlənməyə başlayıb. 1919-1924-cü illər sənədlərdə və 1929-cu ildə yazılmış kitablarda türk dili ifadəsinə, 1935 və 1941-ci illərdə verilən pasportlarda millət olaraq türk sözünə rast gəlinir.

Tarixçi həmçinin qeyd edir ki, "azərbaycanlı" adlı bir millətin olmadığını oxuyub araşdıran hər kəs başa düşə bilər. Çünki azərbaycanlı, amerikalı, fransalı kimi ifadələr bir şəxsin hansı ölkədən olduğunu ifadə etmək üçün işlədilir. Xalqlara bu şəkildə ad vermək düzgün deyil: “Necə ki, iraqlı, suriyalı, liviyalı deyə bir millət yoxdur və burada yaşayan insanların milli şəxsiyyəti ərəbdir. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Türkiyə, Cənubi Azərbaycan, İraq və Suriyada yaşayanların milliyyəti isə türkdür”.

Virtualaz.org

Oxşar məqalələr