“Belə getsə, axirətə az qalıb”
Koronavirus ABŞ-da meydana gəlib, Çində deyil …
Akademiyada elm var?
O, həyatını elmə, yeni kəşflərə, gənclərin ixtisaslaşmasına həsr edib. “Özümü alim hesab etmirəm” desə də, Lütfi Zadə irsinin ən böyük davamçısı və varisidir. Dünyanın tanınmış universitetlərində mühazirələr oxuyur, müxtəlif proqramlara rəhbərlik edir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasının müdiridir. Almaniyanın Zigen Universitetinin, Quzey Kıbrıs Yaxın Doğu Universitetinin, ABŞ-ın Corciya Dövlət Universitetinin, Təbriz Universitetinin professor, Azərbaycan Dövlət Neft və Sənaye Unuversitetinin BA proqramlarının direktorudur.
Hər halda, söhbətin kimdən getdiyi artıq bəllidir – Rafiq Əliyev! Fevralın 10-u bu mütəfəkkir alimin 80 yaşı tamam olur.
Dünyaca məşhur alim Rafiq Əliyev yubiley ərəfəsində təəssüratlarını Medianews.az-a bölüşdü. Onunla apardığımız maraqlı söhbəti təqdim edirik:
– Fevralın 10-u 80 yaşınız tamam olur. Bir alim üçün 80 yaş nə deməkdir?
– Mənim müəllimlərim çox olub. Həyatda da əsas müəllimimi Lütfi Zadə hesab etmişəm. Bu sualı ona verərdim. Hər zaman doğum günündə deyərdi ki, ay Rafiq, bilmirəm ki, sevinim, yoxsa pərişan olum. Axı, ömürdən bir kərpic də düşdü. İndi bu tərəfdən hər halda Tanrıya minnətdaram ki, həyatda nə isə bir iş görə bilmək imkanını mənə yaratdı. Amma bir də belə bir şey var, Tanrı adama uzun ömür verəndə onu sınağa çəkir ki, görəsən, ömrünün axırına kimi əqidəsini dəyişməyəcək və ya sınmayacaq ki? 80 yaşın bu tərəfləri də var. İndi belə baxanda təbii ki, onu zaman göstərər. Mən hər zaman ictimai fikrə çox inanıram. Bizdə bir ictimai fikir var: görəsən, Tanrının sınağından çıxa bildikmi, yoxsa yox?
– Rafiq Əliyev 80 il gəldiyi bu yoldan geriyə boylananda nə düşünür?
– O dövrə qayıtmaq istəməzdim. Zaman maşınını geri döndərmək düzgün deyil. Geri qayıtsaydım, yenə həmin yolu gedərdim… Həyatda bəxtim müəllimlərimlə gətirdi. Deyim ki, mənim fövqəladə qabiliyyətlərim yox idi. Allah nə vermişdisə, o idi. Onu bilirəm ki, həyatda nə etmişəmsə, müəllimlərimin hesabına nail olmuşam. Hər zaman çalışmışam ki, əqidəmlə, vicdanımla yaşayım, konfliktə girməyim. Səmimi etiraf edim ki, bu günə kimi bir insana ağız açmamışam ki, mənə nəsə lazımdır. Əksinə, hər zaman demişəm ki, birdən mənim üçün ad-falan düşünərsiniz, bu, mənə qəti lazım deyil.
– Buna səbəb nədir?
– Çalışıram ki, hadisələrin və problemlərin fövqündə dayanım. Bu mənim düşüncə tərzimdir. SSRİ kimi böyük dövlətin mükafatını almışam, amma bir insana ağız açmamışam, özləri verib. ABŞ kimi böyük bir dövlətin elmdə ömürlük nəailiyyət mükafatını almışam. Bundan sonra da kiməsə ya maddi, ya da mənəvi cəhətdən ağız açmaq istəmərəm.
–Lütfi Zadənin elmi kəşfindən, faydasından bəşəriyyət olduğu kimi xəbərdardırmı? Lütfi Zadənin nəzəriyyəsi bu gün dünyada hüdudları qeyri-müəyyən olan informasiya kütləsini araşdırmaqda nə qədər köməyimizə gəlir? Axı, dünya alimləri kəşfi “Nəzəriyyə ilə reallıq arasında körpü” adlandırırlar.
– Yaponiya, Çin kimi ölkələrin iqtisadiyyatının böyük hissəsi Lütfi Zadənin nəzəriyyələri üstündə qurulub. Düzdür, Qərbdə əvvəllər onu bir o qədər qəbul etmirdilər. Bilirsiniz ki, Şərq düşüncəsi ilə Qərb düşüncəsi bir qədər fərqlidir. Qərb düşüncəsi daha rasionaldır, Şərq düşüncəsi isə irrasional. Amma dünya özü irrasional deyil.
Dünya Aristotelin göstərdiyi kimi ağ və qaradan ibarət deyil. Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin, o deyirdi ki, dünyanın min sifəti, min rəngi var. Nyuton isə deyirdi ki, min deyil, cəmi 7 rəng var. Biz də deyirik ki, cəmi 7 rəng yox, milyon rəng var.
– “2030-cu ilə qədər insanlar qeyri-səlis məntiqlə düşünəcək” demisiniz. Bu düşüncənin nəticəsi nə olacaq?
– 2005-ci ildə verilişlərin birində demişdim ki, 30-cu illərdə insanlar yeni svilizasiya ilə yaşayacaqlar. Qeyri-səlis məntiq odur ki, Tanrıdan başqa hər bir şeyin dərəcəsi var. Belə yaşamaq mümkün deyil. Bu metafizika deyil, mənim düşüncə tərzimdir. Allahın göndərdiyi bir ismarıcdır. Ay insanlar, ya belə yaşasanız, axirətə cəmi 2 dəqiqə qalıb, yox, dəyişsəniz, yeni bir dünyada, yeni sivilizasiyada yaşayacaqsınız. Pandemiyanın elə səbəbi də, gözə görünməyən virusun sirri də oradadır.
Lütfi Zadəyə bir dəfə sual verdilər ki, Azərbaycanın gələcək inkişafını necə görürsünüz?. Sadə bir cümlə ilə dedi ki, Cənubi Koreyaya baxın. Cənubi Koreya qeyri-səlis məntiq üzrə yaratdığı məhsulların sayəsində inkişaf edib. Cənubi Koreyada tək “Samsung” firmasının elmə ayırdığı maliyyə bütün müsəlman ölkələrinin elmə ayırdığı puldan çoxdur. Şirkətlər əsasən qeyri-səlis məntiqlə işləyir. Çində, Cənubi Koreyada orta məktəbdə qeyri-səlis məntiq dərsləri var. Bizim universitetlərin heç birində belə bir tədris yoxdur.
– Həmçinin, demisiniz ki, “2030-cu ildə təhsilin yarısı onlayn olacaq”. Yeri gəlmişkən, distant təhsilin effekti birmənalı qarşılanmır. Bu istiqamətdə pillələri sürətlə qalxmağa hazırıqmı?
– Dünya belə düşünmür. Təhsilin dünyada hara gedəcəyi ilə bağlı araşdırma apardıqda siz də bunun fərqinə varacaqsınız. Dünya universitetlərindən ilk 100-lüyə daxil olan universitetlərin fikri belədir ki, 2030-cu ilə qədər dünya təhsilinin 50 faizi onlayn rejimə keçəcək. Bu gün xüsusən də süni intellekt texnologiyası elə inkişaf edib ki, fizika laboratoriyasında cərəyanı artırıb gərginliyi ölçmək üçün hökmən buraya gəlməyə ehtiyac yoxdur. Sən evdə oturub, internet vasitəsi ilə o gərginliyi artıra və hər şeyi görə bilərsən ki, cərəyan necə getdi, müqaviməti dəyişsən, gərginlik necə dəyişir. Bir çox tələbənin imkanı yoxdur ki, hər gün gəlib 6 saat dərsdə otursun.
– Bəs imtahan prosesi?
– Amerikada tədris sistemində 3 cür imtahan var, klassik imtahan odur ki, tələbə qarşında əyləşir və sən ona suallar verirsən, cavab alırsan. Bir də “open book” – açıq kitab var. Biz açıq kitabdan istifadə edirik. Tələbənin qarşısında internet, kitab nə istəsə, istifadə edə bilər. Mən xaricdə imtahanı belə götürürəm, sualları yazıb göndərirəm, bir həftədən sonra tələbə cavabları göndərir, mən də qiymətlərini yazıram.
– O zaman tələblərin köçürmə, plagiat hallarının olmamasına necə güvənmək olar?
– Onlarda elə şey yoxdur. İşə gedəndə ondan qiymət, diplom soruşmurlar, nə bilir, onu soruşurlar. O tələbəni məcbur da etsən, köçürməz. Ünsiyyət məsələsi qaldı, indi insanların hamısı virtual həyatda yaşayır. Getdikcə də bu çoxalacaq. Azadlığın birinci atributu insanlarla ünsiyyətdə olmaqdır.
– Söhbətimizin əvvəlində “Axirətə 2 dəqiqə qalıb” dediniz. Bu, riyazi, ya fəlsəfi yanaşmadır, yoxsa real təhlükə?
– İkili məntiqlə düşünəndə o qənaətə gəlmək olur. Amerika Birləşmiş Ştatları Xerosima və Naqasakiyə bomba atanda dünyanın məşhur fizikləri yığışıb simvolik bir saat düzəltdilər. Orada 12:00 üzərinə yazdılar ki, axirətə az qalıb, dünyanın axırıdır. Saatın əqrəbləri də 11:55-i göstərirdi. Amma 2018-ci ildə o saat 11:58 idi. Gərək insanların içərisi dəyişsin. Dəyişməsək, iki dəqiqə yaşayacağıq. İki dəqiqə astronomik iki dəqiqə deyil, fəlsəfi iki dəqiqədir.
– Sizinlə görüşümüzdə yaşadığımız dünyanın hazırkı bəlası olan COVİD infeksiyasına toxunmaya bilmərəm. Virus haqqında fikirlər birmənalı deyil. Süni şəkildə hazırlanması, Yer üzündə insanların sayının azaldılması, insanları idarə etmək üçün çip qoşulması və s. kimi çaşdırıcı fikirlər səslənir. Bəzi insanlar peyvənddən də qorxurlar…
– Virusun süni yaranmış bir şey olduğunu deyirlər. Bunlar hamısı əsassız fikirlərdir. Koronavirus laboratoriyada meydana gəlib, Çində deyil, Amerika Birləşmiş Ştatlarında yaranıb. Bu laboratoriya cəmi bir il işlədi. Virusun Çindən gəldiyini desələr də, belə deyil, onsuz Amerikanın alimlərindən çoxu çinlilərdir. Mən də orada ali təhsil ocaqlarında dərs deyirəm, orada elə bizim kafedranın yarısı çinlilər, hindlilərdir. O laboratoriyada viruslarla işləyən adamlara kiməsə toxunmağa belə icazə vermirlər. Həmin alimlər laboratoriyada bəzi xəsətəliklərə qarşı antivirus yaratmaq istəyirdilər. Kiminsə əlindənmi, ya necəsə bu virus yayıldı. Hansı ki, onlar virusların qarşısnı almaq üçün çalışırdılar. Cin butulkadan çıxdı və onun qarşısını ala bilmədilər. Antivaksin məlsəsinə gəldikdə isə bu gün Azərbaycanda elmə ayrılan pul büdcənin çox cüzi hissəsini təşkil edir. Elm, bu yanaşma ilə ölkənin iqtisadiyyatına necə təsir edə bilər.
Qeyri-səlis məntiqin tətbiqi üçün maliyyə ayırılmalı idi. Dünyada da elmə ayrılan pul azdır. Ancaq hazırkı durumda insanlar oturub gözləyirlər ki, alimlər nə zaman vaksin istehsal edəcəklər. Virus yeni yayılanda insanlar vaksinin istehsal olunacağı günü sayanda dedim ki, çağırın Messini, Ronaldonu vaksin istehsal etsin. Axı, dünya milyardları onlara verir. Görün, elmə heç 100 manat verirlər? Gəlsinlər o insanlar da vaksin düzəltsinlər. Niyə hamınız üzünüzü alimlərə tutursunuz? Dünyanı bəladan elm çıxarıb. Bu gün pandemiyadan da insanları elm çıxarır.
– Koronavirusun yaranması və yayılmasında birbaşa Bill Geytsin siyasi planı olduğu da iddia edilir.
– Bəzi rəqəmləri açmaq fikrində deyiləm. Bir-iki ilə virusun bitəcəyini düşünürəm. İndi bu fikrimdən sonra desinlər ki, Rafiq Əliyev deyib ki, filan tarixdə virus bitəcək, bu da o deməkdir ki, koronavirusu mən yaymışam. Bu, düzgün deyil. Koronovirus yayılanda dünya alimlərini yığıb müzakirələr apardılar. O alimlərdən birinin mənə danışdığı bu oldu ki, bunu proqnoz etmək mümkün deyil. Virusun o qədər ştamları var ki, doğub-törəyib, öncədən nəsə demək mümkün deyil. Bizə dedilər ki, bu barədə heç kimə heç nə deməyin. Ümid verin insanlara ki, filan tarixdə bitəcək. O stress də insanlar üçün önəmlidir. Bill Geyts başlatdı və o da bitirəcək, fikirləri geridüşüncəli insanların fikirləridir.
– Alimlərimiz vaksinin qabını istehsal edir, amma özünü yox. Boşluq nədədir?
– Mən olmayan şeydən heç zaman danışmıram. Akademiyada hansı elm var ki, nəyinsə qabını da düzəltsinlər. Bunlar hamısı uydurma şeylərdir. Nə qab, hansı vaksin, hansı alim hazırlayıb onu? Akademiyada elm var ki?
İnsanın özünə alim deməsini sevmirəm. Xalam oğlu Xudu Məmmədov deyərdi ki, “Heç insan da özü-özünə alim deyərmi?” Alim Eynşteyn, Lütfi Zadə olar. Efirə çıxıb deyirik ki, biz alimlər belə düşünürük… Mən özümü alim hesab etmirəm. Elmlə məşğul olan biri kimi düşünürəm.
- “Ağdam mənim qibləgahım, Məkkəmdir” demisiniz. İndi artıq doğulub böyüdüyünüz Ağdama, uşaqlığınızın keçdiyi Şuşaya getməyə, qibləgahınıza qovuşmağa qarşınızda heç bir sərhəd yoxdur. Özünüzü xoşbəxt sayırsızmı? Ağdama getməyi düşünürsünüzmü?
Dəfələrlə Şuşaya və Ağdama dəvətlər almışam. Məni bir dəfə efirə dəvət edib dedilər ki, sizin Ağdamdakı evinizi tapmışıq, gedək çəkək. Ancaq istəmədim. Onlara dedim ki, nə vaxt ki, atamın məzarının üstünə gedə biləcəm, oraya gedən yol açılacaq, o zaman Ağdama gedəcəm.
– Qoyub gəldiyiniz Ağdamı görə bilməmək qorxusu varmı?
– O da var. Ağdamı qoyub gəldiyim kimi görmək istəyirəm. Qibləgahımı olduğu kimi görmək istəyirəm. Mən orada 1 nömrəli məktəbi bitirmişəm. O məktəbdən istedadlı ziyalılar çıxıb. Kembric, Vaşinqton, Torontoda və dünyanın bir çox universitetlərində mühazirə oxumuşam, amma mənim o 1 nömrəli məktəbim onların hamısından əzəmətli idi. Mən məktəbimi belə görmək istəmirəm.
– Rafiq müəllim, uğurlu ailənin sirri nədədir?
– Ailənin uğuru tarazlıqdan başlayır. Təbiətdə və cəmiyyətdə simmetriya pozulanda, tərəzinin bir gözü əyiləndə onda hər şey pozulur. Ailədə xurcunun gözü əyilməsin. Ailənin uğurunun 51 faizi qadına olan sayqı və hörmətdən qaynaqlanır. Bizdə bir anlayış var ki, mən kişiyəm, nə desəm, o da olmalıdır. Əyri xurcun yükü başa vurmaz. Övladların tərbiyəsi, ailənin ağırlığı da qadının çiyinlərindədir. Ona görə ailənin sirri ailədə olan harmoniyadır. Ailədə qadına olan sayğıdır. Boşuna demirlər ki, hər uğurlu kişinin arxasında bir fədakar qadın dayanır.
– ABŞ Universitetində və Azərbaycanda dərs dediyiniz, dünya laboratoriyalarında tədqiqat apardığınız üçün zəngin təcrübəniz və müşahidələriniz var. Azərbaycanlı gənclərin elmə münasibəti sizi qane edirmi?
– Etmir… Biz xaricə təhsil alması üçün çox tələbələr göndəririk. O universitetlərdən bizə yalnız bir cavab verirlər: “Azərbaycan tələbələri çox istedadlıdırlar”. Məsələn, gedib Almaniyada 1-ci, 2-ci yerə çıxırlar. Bu millətin fərdləri çox istedadlıdır. Azərbaycan musiqisində xor, çoxsəslilik yoxdur. Xristianlarda kilsələrdə xor oxunur, bizdə isə molla oxuyur. Ona görə də biz xor oxuya bilmirik. Amma o xordakı adamlar hamsı ayrı-ayrılıqda çox istedadlıdır. Biz futbol oynaya bilmirik. Çünki o kollektiv oyundur.
Onlar çox talantlıdır, sıxıntı onları elə vəziyyətə gətirir ki, gedir 2000- 3000 manat maaş alır. Elmə ancaq o adam gələ bilər ki, onun özünün daxili motivasiyası olsun, özünü elmə həsr edə bilsin. Belələri var, o da son dərəcə azdır. Amma ki, xaricə gedən tələbələr qayıtmır. Çox az tələbə qayıdır. Misal üçün, bizim proqramda oxuyan bir tələbə var, ayda 5000 avro maaş alır, hərtərəfli təmin edilib. Gecə-gündüz elmlə məşğul olur, orada şəraiti var. İnşallah, bizdə də belə şərait yaradılanda xaricə oxumağa göndərdiyimiz tələbələr qayıdacaqlar.
– Neft erasının sıradan çıxmaq üzrə olduğu deyilir. Hasilat, daşıma xərcləri baha olduğuna görə bu fikrə gəlinir. Bərpa olunan enerji ilə bağlı yeni layihələr təqdim olunur. Dünya bu yöndə hansı istiqamətə gedir? Süni intellekt, rəqəmsallaşma, robotexnikanın töhfəsi nə olacaq?
– Dəfələrlə yazılarımda da qeyd etmişəm ki, postneft dövrünü düşünmək lazımdır. Bu saat dünyanı düşündürən atom silahlarından çox, ekoloji faciədir. Ən çox bəşəriyyəti o düşündürür. Belə getsə, o ekoloji tarazlıq pozulsa, onda bəşəriyyəti çox fəlakətlər gözləyir. 2006-cı ildə dedim ki, növbəti müharibə içməli su üstündə olacaq. Bunların qabağını almaq lazımdır. Bunları düşünmək lazımdır.
– Dünya bunun haqqında düşünürmü?
– Düşünür… Amerika, Çin bu ekoloji təmizlik hərəkatlarına qoşulmur. Çünki qoşulsa, istehsalı azalacaq. Amma bəşəriyyəti düşünmək lazımdır.
– Dəyərli fikirlərinizə və geniş müsahibəyə görə təşəkkür edirəm, Medianews.az saytı adından 80 yaşınızı təbrik edir, sizə can sağlığı və uzun ömür arzu edirik!
– Sağ olun!
Xəyalə Rəis
Medianews.az