Tədqiqatçı-jurnalist Vasif Quliyev uzun illərdir ki, Qarabağ xanlığının və onun paytaxtı olmuş Şuşa şəhərinin tarixi, mədəniyyəti, folkloru, görkəmli şəxsiyyətləri və sairə haqda arxiv sənədlərini araşdırır, bu gün üçün aktual olan elmi-bədii, sənədli tarixi əsərlər yazır. Jurnalistin tədqiqatları tarixi həqiqətləri qorumaq baxımından böyük əhəmiyyət daşıyır və işğaldan azad edilmiş Şuşanın bərpasında bu əsərlərindən istifadə edilir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı” tədbirlər planına əsasən “Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri” çərçivəsində “Şuşa qalası” adlı braşürlər toplusu çap edilmişdir. Toplunun müəllifi Vasif Quliyevdir.
Toplu 10 braşürdən ibarətdir. Hər braşür şəhər haqda bir mövzuya həsr edilib. Bunlar aşağıdakılardır:
1.Şəhərin yaranması;
2.Məhəllələr və küçələr;
3.Toponimlər;
4.Tarixi-memarlıq abidələri;
5.Flora və fauna;
6.Müqəddəs məkanlar;
7.Karvansaralar, hamamlar, bazarlar;
8.Sənətkarlıq;
9.Ticarət;
10.Bulaqlar;
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan və ingilis dillərində nəfis şəkildə çap edilmiş toplu şəhər sakinləri, qonaqlar və turistlər üçün nəzərdə tutulmuşdur.
İksmedia.az