20 noyabr Ağdam şəhəri günüdür

dagilmish Agdam

Xarici jurnalistlərin və politoloqların “Qafqazın Xirosiması” adlandırdıqları Ağdamın işğaldan azad edilməsinin 3 ili tamam oldu. Azərbaycanın qədim mədəniyyətə, güclü iqtisadi resurslara, zəngin inkişaf enerjisinə malik bu şəhər ötən əsrin sonrarına yaxın Qarabağda ermənilərin başladığı separatçılıq hərəkatının qarşısında duran ən mübariz istehkam idi. Lakin arxalarında böyük dövlətlərin dayandığı Ermənistan Ağdamı da işğal edə bildi. Ermənilər işğal etdikləri ərazilərdə hər cür zorakılığa, dağıntıya və istismara rəvac verirdilər. İsveçrəli jurnalist Andre Vidmer işğaldan 16 il sonra Qarabağda olarkən gördüklərindən dəhşətə gəlmişdi. Amerikalı siyasətçi Metyu Brayzanın ermənilər tərəfindən viran qoyulduğuna görə “Ruhlar şəhəri” adlandırdığı Ağdam şəhərində müşahidə etdiklərini A.Vidmer belə təsvir etmişdi: “Şəhərin xarabalıqları arasında hələ də vurnuxan ermənilər küçələri qazaraq kanalizasiya borularını çıxarıb maşınlara yükləyirdilər”. Bu cür barbarlığa regionun mədəni və təbii sərvətlərinin talanmasını, xarici şirkətlərlə qanunsuz əməkdaşlıq nəticəsində qiymətli metalların emalı və xaricə daşınması, tikinti materiallarının aparılaraq Ermənistanda gen-bol istifadə edilməsi də əlavə olunanda erməni qəsbkarların əməlləri haqqında aydın təsəvvür yaranır. Mütəxəssislərin bildirdiyinə görə, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitmir. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib. Təkcə Ağdamın dağıdılması ilə rayona 5 milyard manatlıq ziyan vurulub.
Azərbaycan xalqı işğalçıları qovmaq və suverenliyini bərpa etmək üçün özündə qüvvə tapdı və Ali Baş Komandan İlham Əliyevin mübariz siyasəti sayəsində xalqımız yumruq kimi birləşərək düşməni Qarabağdan qovdu. 44 günlük Vətən müharibəsinin ilk ayında Azərbaycan ordusu işğalçılara elə zərbə vurdu ki, Ağdam şəhəri və ətrafındakı kəndlər bir güllə atılmadan azad edildi. Yəni, ermənilər canlarını cəbhədən qaçmaqla qurtardılar və bir neçə rayonu ultimatumla boşaltdılar. Bu, böyük Zəfər, tarixi qələbə idi.
Qarabağ işğaldan azad edildikdən sonra viran qoyulmuş şəhər və kəndlərimizin, o cümlədən Ağdamın bərpası prosesinə start verildi. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə şəhərin Baş Planı təqdim olundu. Bu plan əsasında Ağdam tamamilə bərpa olunacaqdır. Artıq şəhərin özündə bir neçə müəssisənin və yaşayış komplekslərinin inşası uğurla gedir. Xıdırlı, Baş Qərvənd və Sarıcalı kəndlərində məhəllələrin təməli qoyulub. Şəhərdəki məşhur 1 nömrəli məktəbin tikintisi isə artıq yekunlaşıb.

yeni agdam1

Ümumiyyətlə, Ağdamın baş planı müasir şəhərsalma prinsiplərinə ən yüksək səviyyədə tam cavab verir. Köhnə Ağdam tədricən inkişaf edib böyüdüyünə görə şəhərin arxitekturasında müəyyən ziddiyyətlər tapmaq olardı. Bu gün tikilən Ağdamda isə arxitekturanın ahəngdarlığı struktur baxımından mükəmməl olacaq. Əhalinin rahatlığı, şəhər mənzərələrinin gözəlliyi, sosial obyektlərin və inzibati binaların yerləşməsi yaşayış tərzinin dolğunluğunu təmin edəcək. Əminliklə demək olar ki, Ağdam şəhəri tam bərpa olunandan sonra özündə böyük Zəfərin təntənəsini hiss etdirəcək.
Novruz NOVRUZOV
Azad Vətən Partiyasının Siyasi Şurasının sədri