ermeni qazamati

 

Ermənistandakı etnik azlıqlar dil buxovundadırlar

Sivil dünyanın elmi-texniki tərəqqisi ilə yanaşı humanist addımlar kataloqu da var. Bu kataloqa milli mədəniyyət nümunələri, folklor, dil, məişət adətləri, mətbəx və sairə açmillər aiddir. Millətlərin böyüyü-kiçiyi yoxdur, sayca az və ya çox olanları mövcuddur. Lakin çoxluq hökmranlıq anlamına gəlməməlidir. Hətta inkişaf səviyyəsi də çoxluqla yox, qədimlik və mədəni irslə ölçülür. Bu aspektdə ən cəlbedici olan isə müxtəliflikdir. İnkişaf sarıdan yüksək zirvəyə qalxmağı bacaran millətlər adətən yaşadıqları ölkədə müxtəlifliyi görüb qiymətləndirirlər. Əks-təqdirdə isə bir millət əlinə keçirdiyi hakimiyyət sayəsində digərlərini yox etmək yolunu tutur. Məsələn, Ermənistandakı kimi. Bu ölkədə öz kökünə və irsinə görə yox, sadəcə havadarları hesabına azərbaycanlıları dəd-baba yurdlarından didərgin salıb, milli azlıqlara münasibətdə diskriminasiya siyasəti yürüdən ermənilər monoetnik tərkibləri ilə dünyanı heyrətləndirirlər.
Regional və milli azlıqların dilləri barədə Avropa Xartiyasına dair Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti barədə qurumun təzəlikcə yaydığı hesabatda deyilir: “Ermənistan hakimiyyət orqanlarının passiv münasibəti ölkədəki milli azlıqların dillərinin qorunmasında əsas əngəllərdən biridir”. Hesabata əsasən milli azlıqların dilləri və mədəniyyətlərinin tanınması, onların malliyə problemlərinin həlli, milli azlıqların dillərinin qorunmasına münasibətin dəyişməsi istiqamətlərində Ermənistan hakimiyyəti daha çox iş görməlidir. Sənəddə Ermənistandakı 5 milli azlığın vəziyyətinə diqqət yönəlib: rus, yunan, assuriya, kürd və yezidi. Rus dili ilə bağlı ölkədə vəziyyət qənaətbəxş olduğu halda, hesabat müəllifləri qeyd edib ki, yunan dili milli azlıq dili kimi Ermənistanda tamamilə yoxa çıxa bilər. Həmçinin assuriya, kürd və yezidi dillərinin təbliğində müəyyən çatışmazlıqların olduğu bildirilib. Belə ki, hüquqi imtiyazlara baxmayaraq, bu dilləri öyrədən müəllimlərin azlığı müşahidə olunur və onlar həm ictimai, həm də müstəqil media məkanında çox az həcmdə təmsil olunur.
Məruzə müəlliflərinin qənaətinə görə, milli azlıqların təşəbbüsü ilə folklor festivalları keçirən Ermənistan hakimiyyəti bununla bağlı məsuliyyəti yerli hakimiyyət orqanlarının üzərinə qoyur. Halbuki Ermənistanın 2002-ci ildə qoşulduğu Xartiyaya əsasən milli azlıqların dillərinin təşviqi və qorunması birbaşa hökumətin üzərinə qoyulan öhdəlikdir.
Avropa Xartiyasının pozulması demək olan Ermənistandakı vəziyyət heç də bu günün söhbəti deyil. Bu gün Ermənistanda əhalinin 98 faizi ermənicə danışır. Halbuki 25 il əvvəl bu ölkədə əhalinin 15-20 faizi azərbaycanca danışırdı. Erməni millətçiliyinin təcavüzü nəticəsində bu gün ölkədə bir nəfər də olsun Azərbaycan dilində danışan şəxs qalmayıb. Tarixən bu ərazidəki toponimlərin, yer, ərazi, kənd və şəhər adlarının 95 faizi azərbaycanca olub, ancaq indi tək-tük adlar saxlanılıb ki, bunlar da bir müddət sonra məqsədyönlü şəkildə dəyişdiriləcək. Hesabata bu faktın daxil edilməsi daha ədalətli olardı erməni millətçiliyinin mənfur simasını açıb göstərməyə yardım edərdi.
Ermənistanda rus, yunan, yezidi, kürd və assuriya dillərində danışanların sayı isə 2 faizdir. Lakin bu dillər içərisində yunan dili demək olar ki, sıradan çıxmaq ərəfəsindədir. Çünki, erməni hakimiyyəti digər dillərin sıxışdırılması və məhv edilməsi yolu ilə ölkənin başdan-başa erməniləşdirilməsi siyasəti yürüdür. XIX əsrdə, indi Ermənistan yerləşən ərazidə Azərbaycanın İrəvan xanlığı adlanan feodal dövləti yerləşirdi və xanlığın paytaxtı İrəvan şəhərində əhalinin 95 faizi azərbaycanlılar idi. Zaman-zaman rusların süngüsü ilə bu xanlıq işğal olunub quberniyaya çevrildi və burada ermənilərin sayı süni surətdə artırıldı. 100 il əvvəl isə zorla bu ərazidə Ermənistan adlı dövlət yaradıldı.
Tarixdən göründüyü kimi, Ermənistanın yaradılması evolyusion yolla yox, zor siyasəti ilə həyata keçirilib. İndi də ermənilər zorla ölkənin küncbucağında qalmış etnik dilləri məhv etməyi qarşılarına məqsəd qoyublar. Bu prosesdə bir sıra Qərb ölkələrinin də rolu var. Onlar məsələni həqiqətin yox, özlərinin subyektiv baxış bucağından şərh edirlər. Bu münasibəti Ermənistanda yaxşı görür və öz çirkin əməllərini davam etdirirlər. Çünki, cəzasız qalacaqlarına əmindirlər.
IKSmedia.az