
İksmedia Musavat.com-a istinadən xəbər verir ki,Ben-Qurion hava limanı ilə Bakı arasında həftəlik uçuşların sayının iki dəfə artırılaraq 14-dən 28-ə çatdırılması planlaşdırılır. Bu qərar israilli turistlərin Azərbaycana marağının sürətlə artması fonunda qəbul edilib.
“The Jerusalem Post” qəzetinin yazdığına görə, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zengstşmid məlumat verib. Onun sözlərinə görə, ötən il İsraildən Azərbaycana gələn turistlərin sayı 2024-cü illə müqayisədə 139 faiz artıb.
Nəşr qeyd edir ki, 2025-ci ildə israilli turistlər Azərbaycanda təxminən 184 milyon şekel (59 milyon ABŞ dolları) xərcləyiblər. Bu, əvvəlki illə müqayisədə 81 faiz çoxdur və Azərbaycan üzrə bütün xarici turistlər arasında ən yüksək xərcləmə artımıdır.
![]()
Nəşr yazır ki, Bakının turistlər üçün əsas cəlbedici mərkəz olaraq qalmasının səbəbi zəngin mədəni irs, müasir infrastruktur və Xəzər dənizi sahilində yerləşməsidir. Nəşr artan marağı 2022-ci ildə Tel-Əvivdə Azərbaycan turizm ofisinin açılması ilə də əlaqələndirir.
Ben-Qurion–Bakı marşrutu üzrə uçuşların sayının iki dəfə artırılması təkcə turizm statistikası deyil, Azərbaycan–İsrail münasibətlərinin praktiki müstəvidə dərinləşməsinin göstəricisidir.
Turist axınının və xərclərin bu qədər sürətli artması Azərbaycanın İsrail bazarında artıq tanınmış və etibarlı turizm istiqamətinə çevrildiyini sübut edir. Xüsusilə israilli turistlərin xərcləmə səviyyəsinin digər ölkələrdən gələn turistləri geridə qoyması Azərbaycanın turizm gəlirləri baxımından bu bazara verdiyi strateji önəmi artırır.
Bakının mədəni irs, müasir şəhər infrastrukturu və təhlükəsizlik amili ilə seçilməsi İsrail kimi yüksək tələbatlı bazar üçün ciddi üstünlükdür. 2022-ci ildə Tel-Əvivdə Azərbaycan turizm ofisinin açılması isə məqsədyönlü və uzunmüddətli siyasətin nəticə verdiyini göstərir. Uçuşların artırılması regionlararası turizmin, biznes səfərlərinin və humanitar əlaqələrin də genişlənməsinə yol aça bilər. Bu dinamika davam edərsə, İsrail yaxın illərdə Azərbaycanın əsas turizm tərəfdaşlarından birinə çevrilə və turizm sektoru qeyri-neft gəlirlərinin artımında daha mühüm rol oynaya bilər.
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:
“İsraildə Bakıdan köçmüş on minlərlə keçmiş Azərbaycan vətəndaşı, o cümlədən yəhudi icmasının nümayəndələri yaşayır. Eyni zamanda, Azərbaycanda da yəhudilər əsrlərdir məskunlaşıb və ölkəmiz dünyada nadir məkanlardandır ki, yəhudilər burada tam təhlükəsiz, rahat və diskriminasiyasız şəkildə yaşayırlar. Qubada yerləşən və dünyada unikal hesab olunan Qırmızı Qəsəbə bunun ən bariz nümunəsidir”.
İqtisadçı əlavə edib ki, bu tarixi birgəyaşayış fonunda Azərbaycanla İsrail arasında yalnız diplomatik deyil, ailəvi, qohumluq və güclü dostluq əlaqələri də formalaşıb:
“Digər mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, İsraillə sıx, qarşılıqlı hörmətə əsaslanan və müsbət münasibətlər qurub. Bu əlaqələr regional və beynəlxalq miqyasda da diqqət çəkən nümunə kimi qiymətləndirilir. Digər mühüm səbəblərdən biri də İsrail vətəndaşlarının sosial-iqtisadi profilidir. İsrail cəmiyyəti ümumilikdə kifayət qədər yüksək gəlir səviyyəsinə malikdir, səyahət etməyi sevir və yeni istiqamətlərə açıqdır. Bu baxımdan Azərbaycan onlar üçün turizmyönümlü cəlbedici istiqamətlərdən birinə çevrilib. Bütün bu amilləri nəzərə alsaq, İsraildən Azərbaycana gələn turistlərin sayının artması artıq təkcə ehtimal deyil, real təcrübədə də öz təsdiqini tapır. Bu axını daha da gücləndirmək və sistemli şəkildə təşviq etmək zəruridir. Çünki İsraildən gələn turistlər, adətən, daha çox vəsait xərcləyirlər. Onların gəlirlik səviyyəsinin yüksək olması hotellərə, qidalanmaya, xidmətlərə və müxtəlif istirahət paketlərinə daha çox pul xərcləməyə meylli olmalarını şərtləndirir ki, bu da Azərbaycan turizmi üçün əlavə iqtisadi dəyər yaradır”.

İsrailin xarici işlər naziri Gideon Saar bu il yanvarın 26-da Bakıda keçirilən İsrail-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib ki, Azərbaycan ilə İsrail arasında sıx strateji dostluq münasibətləri mövcuddur:
“Bu münasibətlər iqtisadi sahəni də əhatə edir ki, bunun da hər iki ölkəyə faydası var. Üç il əvvəl - Azərbaycan İsraildə səfirliyini açdıqdan bəri iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edib. 2025-ci ildə mülki ticarət təxminən 50 faiz artaraq 360 milyon dollardan çox təşkil edib. Əminəm ki, gələn il və ondan sonrakı il ərzində bu rəqəmlər daha da böyüyəcək. Azərbaycan mühüm regional və aparıcı coğrafi mövqeyə malikdir. Bu, ölkənizin İsrail biznesi üçün bütün regiona, o cümlədən Mərkəzi Asiya regionuna çıxış qapısına çevirir. Bakı ilə Təl-Əviv, eləcə də Roma arasında həftədə 20 birbaşa uçuş həyata keçirilir. Son iki ildə birbaşa uçuşlarını davam etdirdiyinə görə Azərbaycanın milli aviaşirkəti olan AZAL-ı təqdir etmək istəyirəm. Bu, ölkələrimiz arasında mövcud olan qarşılıqlı etimadı və sizin qətiyyətinizi əks etdirir. Biz bunu yüksək qiymətləndiririk", - deyə nazir qeyd edib.
Gideon Saar əlavə edib ki, 2025-ci ildə 60 min israilli turist Azərbaycanı ziyarət edib ki, bu da böyük bir irəliləyişdir:
“Ancaq mən əminəm ki, gələn il və ondan sonrakı ildə bu rəqəmlər daha yaxşı olacaq. İnanıram ki, bu rəqəmi kəskin şəkildə artıra bilərik. Daha çox israilli yəhudiləri, israilliləri gözəl və təhlükəsiz ölkə olan Azərbaycana ziyarət etməyə dəvət edirəm. Həmçinin daha çox azərbaycanlıları İsrailə ziyarət etməyə dəvət edirəm. Sizi ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.
