azeri qirgiz

XXI əsr Türk dünyasının siyasi və iqtisadi, mədəni və mənəvi sivilizasiyasının növbəti oyanışına şahidlik edir. Əsrimizin üçüncü onilliyində baş verən beynəlxalq geostrateji proseslər dünya düzəninin yenidən qurulması ilə yanaşı, qədim sivilizasiyaların yenidən dirçəlməsi prosesinin güclənməsinə təsir edir. Söhbət ilk növbədə sovet imperiyası dağılandan sonra müstəqilliyini bərpa etmiş türk dövlətlərindən gedir. Bu, sadəcə, arzu deyil və tarixin yetişdirdiyi zəruri gedişatdır. Çünki, əsrlər boyu dünyanın türk varlığını unutması üçün bir çox dövlətlər əllərindən gələni etmiş, iqtisadi və siyasi manipulyasiyalarla türk xalqlarının yüksəlişinə mane olmağa çalışmışlar. Səbəb də çox sadədir: Yer kürəsinin geniş ərazilərinə yayılmış və vaxtilə böyük dövlətlər qurmuş, qədim sivilizasiya yaratmış türklərin torpaq sahibliyini əlindən qoparmaqla onun mülklərini və təbii sərvətlərini ələ keçirmək olub.
Bu gün situasiya tamamilə başqa müstəvidə qərarlaşıb. Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın götürdüyü siyasi və iqtisadi istiqamət yeni geosiyasi birliyin real cizgilərinin formalaşması üçün ciddi əsaslar yaradıb. Bu dövlətləri Azərbaycan və Türkiyə ilə bərpa edilmiş Qədim Böyük İpək yolu başda olmaqla geniş nəqliyyat strukturu birləşdirir. Bu ölkələrin əhalisi bir-birinə doğma olan dillərdə danışır, fərqlənməyən folklor irsinə, ümumi tarixi faktlara, oxşar dünyagörüşünə malikdirlər. Amma bunlardan da vacibi hazırkı beynəlxalq geostrateji durum çəkici eyni zindana və eyni vaxtda vurmaqdır. Bu günlərdə Qırğızıstan Respublikasının Prezidenti Sadır Jarapovun ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər sadaladıqlarımızın əyani təsdiqidir. Prezident İlham Əliyevin rasional siyasəti isə həm də ölkəmizin təşəbbüskarlığını önə çıxarır. Qarşılıqlı iqtisadi əlaqələrin regionallıqdan beynəlxalq müstəviyə köçürülməsində Azərbaycan öndə addımlayır. Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri, Bakı-Tiflis-Ərzrum və TANAP qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmiryol qovşağı Orta Asiyanın qardaş ölkələrinin Avropaya çıxışını təmin edən çox uğurlu layihələrdir. Bu təşəbbüslərin baş qaldırması və həyata keçirilməsində İlham Əliyevin əvəzedilməz şəxsi fəaliyyəti var. Qədim İpək Yolunun bərpası da bu qəbildən çox əhəmiyyətli işlər sırasına aiddir. İndi Xəzərin sahillərində yerləşmiş türk dövlətlərinin sahilləri bir tərəfdən Avropanı, digər tərəfdən Afrikanı döyəcləyən Aralıq dənizi sahillərinə birbaşa çıxışı var. Bu möhtəşəm istiqamətin yaradılmasında Azərbaycanın müstəsna rolu danılmazdır.
Qırğızıstan və Azərbaycan Prezidentlərinin Qarabağa birgə səfəri, Füzuli və Ağdam şəhərlərində gedən quruculuq işləri ilə tanışlıq, Qırğızıstanım sərmayəsi ilə Ağdamda tikiləcək orta məktəb binasının təməlinin qoyulması, Bakıda isə qırğız xalqının dünyaya bəxş etdiyi böyük yazıçı Çingiz Aymatovun abidəsinin ucaldılması böyük birliyə doğru atılan addımlardır. İki ölkə arasında yaxınlaşmanın strateji istiqaməti hərtərəfli inkişafa doğru yönəlib. Bu işdə geniş perspektivə malik Azərbaycan-Qırğız İnkişaf Fondu səmərəli fəaliyyət göstərir. Təsadüfi deyil ki, 25 milyon dollar nizamnamə kapitalı ilə təsis edilən fondun kapitalı qısa müddətdə 4 dəfə artaraq 100 milyon dollara çatıb. Hazırda Fond Qırğızıstanın İssık-kul gölü sahilində beşulduzlu otel tikməyə hazırlaşır.
Təkbətək görüşdən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev deyib: “Bu gün müxtəlif sahələrdə daha sıx fəaliyyətə yönəlmiş ikitərəfli sənədlər imzaladıq. İmzalanan sənədlər arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ortamüddətli perspektivdə ikitərəfli qarşılıqlı fəaliyyətin əsas Yol xəritəsi qismində istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramı ayrıca qeyd etmək istərdim. Həmçinin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi qeyd etmək istərdim ki, bu, iki ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyətə malikdir”.
Sonda aktual və vacib iqtisadi sənədlərin imzalanması ilə yekunlaşan bu cür görüşlər gələcəyə böyük ümidlər bəsləməyə imkan verir və türk xalqlarının mədəni birliyini, müasir situasiyalara uyğun inteqrasiya proseslərini sürətləndirir.

Novruz Novruzov

AzVP-nin Siyasi Şurasının sədri