absh rusiya

 

İki ölkənin anlaşması konfliktə nə vəd edir

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirir ki, Rusiya və ABŞ arasındakı fikir ayrılıqlarına baxmayaraq, hər iki ölkə Qarabağ münaqişəsinin nizama salınmasında sıx əməkdaşlıq edir və bu məsələdə onların maraqları toqquşmur. Həmsədr qeyd edib ki, Moskva Vaşinqton və Paris kimi Cənubi Qafqazda sülhün qurulmasını istəyir. Amerikalı həmsədrin fikrincə, Vaşinqton münaqişənin nizama salınmasında daha aktiv iştirak etməlidir.
Fransız tarixçi-filosofu Qüstav Le Bon “Kütlə psoxologiyası” əsərində kütlənin fəaliyyətinin şüursuz olduğunu sübut edir. Hətta kütlənin içərisində ağıllı və mütəfəkkir insanların olması da bütövlükdə bu hərəkatın şüursuzluğunu aradan qaldıra bilmir. Hər bir problemin çözülməsində çoxluğun vahid rəyə gəlməsinin mümkünsüzlüyü haqda da bizdə müdrik məsəllər var. Bütün bunlar ona gətirib çıxarır ki, iki dövlət arasında olan mübahisə, qalmaqal, müharibə və digər bu kimi hallarda məsələnin ən yaxşı həll variantını həmin iki ölkədən başqa digərləri tapa bilməz. Yox, əgər, tapmışıq deyirlərsə, onda bu variant onların öz mənafelərinə xidmət edəcək.
İndi gah Rusiya, gah Fransa, gah da ABŞ tərəfindən Azərbaycanın torpağı olan Qarabağın Ermənistan tərəfindən işğalının aradan qaldırılması barədə təkliflər verilir, yollar göstərilir. 20 ildən çoxdur ki, davam edən prosesin hələ ki, sonu görünmür. Belə bir vaxtda amerikalı həmsədr Qarabağ məsələsində Rusiya həmrəy olduqlarını bildirir. İş burasındadır ki, münaqişənin yeganə aydın həll yolu bütün büynəlxalq norma və hüquqların tələb etdiyi kimi işğalın aradan qaldırılması və işğal edilmiş torpaqların sahibinə qaytarılmasıdır. BMT tribunasından və Avropa Birliyinin iclaslarında səslənən bütün çağırışlarda beynəlxalq hüquq və normaların çərçivəsindən danışılır. Amma real işə gələndə deyilən sözlər ya unudulur, ya da səhv istiqamətdə şərh olunur.
Bunlar qalsın bir tərəfə, görəsən, iki supergücün Azərbaycan torpağının taleyi üzərində anlaşması işğal faktının aradan qaldırılmasına kömək edəcəkmi? Riçard Hoqland anlaşma fraqmentlərini açıq deməyib və biz məcburuq bu detalları təsəvvürümüzdə canlandıraq.
Hər iki dövlətin marağı bu bölgədə hərbi üstünlüyə malik olmaqdır. Ermənistan Rusiyanın işğalındadır. Orada iki hərbi bazasını yaradıb və istədiyi kimi hərəkət imkanına malikdir. ABŞ-da Gürcüstana yardım adı ilə yavaş-yavaş bu ölkədə öz hərbi mövcudluğunu artırır. Şübhə yoxdur ki, əvvəl-axır hərbi bazasını Gürcüstanda yaradacaq. Azərbaycanda isə xarici hərbi baza yoxdur və ölkə rəhbərliyinin rasional siyasəti nəticəsində heç bir supergüc buna nail olmayıb. Qafqazın digər iki dövlətini öz təsiri altına salan Rusiya və ABŞ-ın belə görünür ki, Azərbaycanda hərbi baza yaratmağa ehtiyacı yoxdur. Lakin, Amerikanın İranla münasibətlərindəki ziddiyyətlər, Azərbaycanın Qərblə Şərq arasında körpü rolunu oynaması, oyanan Türk dünyasının aparıcı qoluna çevrilməsi, iqtisadi cəhətdən enerji daşıyıcılarının zənginliyi onun Azərbaycanda müəyyən maraqlar güdməsini stimullaşdırır. Bu mənada Rusiya da Azərbaycanda hərbi baza yaratmağa ehtiyac duymasa da, hər hansı başqa dövlətin regiona daxil olmasına yol verməmək üçün Azərbaycanı nəzarətdə saxlamaq arzusunu boğa bilmir. Belə bir mövqe quruluşunda ABŞ və Rusiyanın hansı anlaşmaya imza ata bilmələrini proqnozlaşdırmaq çətindir. Çox ola bilsin ki, söhbət yalnız məsləhətləşmələrdən gedir, ortada konkret heç bir qəti qərar yoxdur. Amerikalı həmsədr isə sadəcə gündəm xatirinə ümumi anlaşmadan danışır. Yaxud da məsələ Qarabağ münaqişəsinin həllini Rusiyanın patronajlığına güzəştə getməklə, hansısa başqa bir məsələdə onun iştirakının məhdudlaşdırılmasındadır. Bu da anlaşmanın bir variantıdır. Əgər ABŞ Minsk qrupundakı həmsədrliyini rəmzi yerinə yetirməyə razılaşsa, onda Rusiya ilə dil tapmaq daha da asanlaşar və nəticə etibarilə məsələnin həlli sürətlənər.

IKSmedia.az