sarkisyan eleyhine

 

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ictimaiyyətə təəssüfləndirici, amma təəccüblü olmayan məlumat açıqlayıb: “Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə Ermənistanın rəsmi orqanları cavab verməkdən imtina edir”.
Komitənin məlumatıa görə, qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyidin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır: “Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər belə Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmir. Bununla belə tərəfimizdən aidiyyatı dövlət təşkilatları və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir”.
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyidinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Buna baxmayaraq nəticə yoxdur. Halbuki döyüşdə ölən əsgərlərin meyidinin geri qaytarılması haqda müvafiq beynəlxalq konvensiya mövcuddur. Ermənistan isə belə sənədlərə məhəl qoymur. Bu həm də erməni rəhbərliyinin ümumiyyətlə beynəlxalq təşkilatları və hüquq normalarını saya salmamasına daha bir sübutdur.
Ermənilərin insanlıq qabiliyyəti haqda faktlar təəccüblü deyil. Ola bilərdi ki, beynəlxalq təşkilatların susqunluğu təəccüb doğursun. Lakin artıq bizim üçün bu da təəccüblü görünmür. ATƏT-in Minsk qrupu başda olmaqla ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin məsələyə diqqətsiz yanaşmaları tək onların hadisəyə birtərəfli münasibət sərgiləmələrinə yox, insani münasibətlərə biganə yanaşmaqla öz vicdanlarına ləkə yaxmaq anlamına gəlir. Bu faktdır. Üstəlik, bu hal ona dəlalət edir ki, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsinin həllində kənar qüvvələr heç bir rol oynamaq iqtidarında və arzusunda deyillər. İkili standartlar məngənəsindən çıxmağı bacarmayan, bəlkə də sadəcə, çıxmaq istəməyən təşkilatlardan və şəxslərdən bundan artığını gözləməyə dəyməz. Bəlkə də ola bilsin, adlarını çəkdiyimiz qurumlar vəziyyətin daha da kəskinləşməsini arzuladıqlarından özlərini, yumşaq desək, anlamazlığa vurublar. Axı, onlara rəsmi müraciət olunub. Onlar isə laqeydlik göstərməklə suyu daha da bulandırırlar ki, sonra ittiham üçün əllərinə nə isə keçirə bilsinlər. Çünki, Azərbaycan öz əsgərinin nəşini almaq üçün adekvat tədbirlər görə bilər.

İKSmedia.az