istanbul terror

 

Çevriliş cəhdi, Rusiya səfirinin qətli, ayrı-ayrı yerlərdə terror aktları, gecə klubunda qırğın ssenarilərinin müəllifləri kimdir?

İsrtanbulun gecə klubunda törədilmiş dəhşətli terror aktı Türkiyəyə qarşı yönəldilmiş dağıdıcı siyasətin növbəti aksiyası kimi dəyərləndirilməlidir. Bu siyasətin kulminasiya nöqtəsi ötən ilin yayında baş tutmayan iyul dövlət çevrilişi idi. Həmin genişmiqyaslı terrorun qurbanları daha çox olub. Lakin düşmən uduzub. Türk xalqının xeyli sayda nümayəndəsi qətlə yetirilsə də məğlub yox, qalib olub.
2016-cı ilin iyul çevrilişi Türkiyə tarixinin şanlı səhifəsinə çevrilib. Məsələ burasındadır ki, uzun illər ərzində hazırlanmış bu terror aktı dünyada, necə deyərlər, türk söhbətinə nöqtə qoymağa hesablanmışdı. Çevriliş baş tutsaydı, Türkiyənin dünya birliyindəki özünəməxsus yeri birdəfəlik tarixin arxivinə gömüləcəkdi. Çünki, əsrlər boyu türkləri məhvetmə planını həyata keçirməyə çalışan qüvvələr məqsədlərinə nail ola bilməmişdilər. İyul çevrilişi isə hazırlanma xarakterinə və taktikasına görə sonuncu şans anlamına gəlirdi. Yəni, təşkilatçılar türkü türkün əli ilə vurmağı qərara almışdılar. Adətən qarşı-qarşıya olan iki qüvvə arasında birinin o birini daxildə qüvvə yaradıb vurmaq məqsədi çətin, uzunmüddətli və külli-miqdarda vəsait tələb edən proqram əsasında həyata keçirilir. Türklərin düşmənləri bütün bu işlərdən ötrü lazım olan hər şeyi etmişdilər, təki qorxduqları türk ruhu birdəfəlik məhv edilsin. Antitürkçülüyün başlıca nöqtəsi də bu idi. Yox, düşmənlər Türkiyəni xəritədən silməyəcəkdilər, sadəcə, türk ruhu ilə nəfəs almayan bir Türkiyə yaradacaqdılar. Amma buna nail olunmadı. Hədəf seçilmiş türk ruhunu sındırmaq mümkün olmadı, əksinə, böyük türk ruhu böyüklüyünü sübut etdi və güclü düşmənə təkbaşına qalib gəldi. Türkiyə bu savaşdan qalib çıxdı.
Amma düşmən geri çəkilmək istəmir. Bu da təbiidir. Kim məğlubiyyətlə özbaşına barışır? Heç kim. Ancaq məcburiyyət düşməni geri çəkilməyə vadar edəcək. İstanbul terroru öləziyən düşmən qüvvələrinin süqut faktlarından biri olacaq. Hər bir halda sual oluna bilər ki, nə üçün bu qədər məğlubiyyətdən sonra düşmənlər yenə də Türkiyədən əl çəkmək istəmirlər? Haqlı sualdır və cavabı da aydındır. Onlar Türkiyəni türk dünyasının avanqard dövləti sayırlar. Artıq dünyada yaranacaq yeni, güclü Türk Birliyinin konturları yayılır. Bunun qarşısını almaq üçün Türkiyə məhv edilməlidir. Əks təqdirdə türkləri düşmən kimi görənlər məhv olacaqlar...
Tarixşünaslıqda belə bir ibrətamiz fikir tez-tez səslənir ki, tarixi yaradan zamandır. Dünya siyasətindəki indiki ab-hava bu kəlamın müdrikliyinə bir sübutdur. Gizli deyil ki, Türkiyəyə qarşı törədilən bütün bəlaların arxasında Qərb dünyası və xristian inancı durur. Lakin neçə əsrdir ki, onlar son məqsədlərinə çata bilməsələr də əməllərindən əl çəkmirlər. Halbuki iqtisadi və siyasi tərəqqi sarıdan Qərb ölkələri daha güclü inkişaf ediblər. Bəs, nədəndir ki, Türkiyə qarşısında acizdirlər? Söhbət yenə gəlib çıxır türk ruhunun üzərinə. Demək, yalnız inkişafla hər şeyi etmək mümkün olmur. Osmanlı imperiyası qarşısında bir söz deyə bilməyən Qərb 100 il əvvəl “erməni kartı” deyilən bir tarixi tryuka əl atdı. Bir şey çıxmadı. Sonra “kürd kartı”nı işə saldı. Bu da boşa çıxdı. Nəhayət, türkü öz əlilə vurmaq planı da havaya sovruldu. Atalar üçəcən deyib. Bundan sonra söz türklərindir. Hadisələrin bu yöndə inkişafı zamanın qarşıya çıxardığı zərurətdir, demək, zaman öz işini görür.
İstanbul terroru kimi dəhşətli qırğınlar və Qarabağın Ermənistan tərəfdən işğalının 25 ildir davam etməsi xaricdən gələn strategiyanın əsas istiqamətləridir. Amma daha bu strategiya qəti şəkildə iflasa uğrayıb və bunun ümumiyyətlə aradan qaldırılması yaxın gələcəyin işidir. Çünki, çoxdan gözlənilən birlik gündən-günə gücünü və siyasi immunitetini artırır.

İKSmedia.az