Beynəlxalq Qarabağ Təşkilatı idarə heyətinin növbəti toplantısı keçirilib
Toplantıya BQF-nin Azərbaycan, Türkiyə, Rusiya, İsveç, Almaniya, Gürcüstan və Azərbaycandan olan təmsilçiləri qatılıb. Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən “İğdır-Azərbaycan Evi” diaspor təşkilatının rəhbəri Ziya Zakir Acarın moderatorluğu ilə toplantıda “Fələstin-İzrail müharibəsi və bölgəyə mümkün təsiri”, “Azərbaycan - Ermənistan münasibətlərində son durum” və digər məsələlər müzakirə olunub. Müzakirələrdə Türkiyədən Ziya Zakir Acar, Bilal Yücebaş, Azərbaycandan Akif Nağı, Şamil Mehdi, Novruz Novruzov, Gürcüstandan Ələddin Qarabağlı, İsveçdən Ülviyə Nəcəfli, Almaniyadan Burzu Qılıncxanov iştirak ediblər.
Görülən işlər sırasında ötən ay təşkilatın Türkiyədə keçirdiyi “Zəngəzur: tarix və müasirlik” elmi-praktik konfransının elmi ictimaiyyətdə doğurduğu müsbət rəylər və kütləvi informasiya vasitələrinin tədbirə böyük marağı qeyd olunub. Ziya bəyin və Bilal bəyin təşkilatçılığı ilə İğdırda və Vanda baş tutmuş konfrans ictimaiyyət arasında da geniş əks-sədaya səbəb olub. Çıxış edənlər bildiriblər ki, bu cür aktual məsələlərə həsr olunmuş elmi konfransların keçirilməsi işi intensivləşdirilməlidir.
Təşkilatın koordinatoru Akif Nağının təklif etdiyi “Azərbaycan türklərinin yaşadıqları coğrafi ərazidən asılı olmayaraq eyni tarixi köklərə malik olmaları haqda elmi konsepsiya işlənib hazırlanmalı və auditoriyalarda müzakirə yolu ilə əhali qruplarına çatdırılmalıdır” tezisi toplantı iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Bildirildi ki, əsrlər boyu müxtəlif yollarla millətimizi parçalayan və bir-birinə qarşı qoyan düşmən təbliğatına son qoymaq və birlik üçün bu çox vacib məsələdir. Ələddin Qarabağlı bu tezisin aktuallığını qeyd etməklə yanaşı bildirdi ki, Gürcüstanda yaşayan soydaşlarımızın da bu cür tədbirlərdə iştirakı böyük səmərə verər. Şamil Mehdi, ümumiyyətlə, türk millətləri arasında təhsilin səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışdı. Ziya Zakir Acar təəssüflə bildirdi ki, insanlar oxumağa yox, daha çox əyani görüşlərdə danışılanlara diqqət yetirir. Bilal Yücebaş da Van şəhərində yaşayan Azərbaycan kökənli türklərin toparlanması üçün görüşlərin böyük əhəmiyyət daşıdığını dedi. Qərara alındı ki, bu istiqamətdə xüsusi proqram hazırlansın və həyata keçirilməsi üçün gələcək toplantılarda müzakirə edilsin.
BQT-nin mətbuat xidməti
10.11.2023