Daha Qarabağ problemi yoxdur, yoxdur işğal edilmiş torpaqlarımız, yoxdur Azərbaycana və onun dövlət rəhbərliyinə şər-böhtan atmaq üçün istifadə edilən saxta faktlar və arqumentlər. Bunların yerini Azərbaycan xalqının, Azərbaycan ordusunun və Azərbaycan prezidentinin, Ali Baş Komandanının fədakarlığı sayəsində qazanılmış böyük zəfər, bu zəfərdən doğan sevinc nidaları tutub. Azərbaycan bu zəfərlə özünün böyüklüyünü təsdiq etdi. Çünki, torpaqlarımızı işğal edən Ermənistanla bərabər onun arxasında duran iri dövlətlərin birliyinə qarşı mübarizədə qalib gəldi. Bunu beynəlxalq aləmdə yüzlərlə ağıllı-başlı siyasətçi, siyasi və hərbi ekspertlər təsdiqləyib. Ancaq özünü hüquq mühafizəçisi və ya demokrat adlandıran, Azərbaycanın çörəyi ilə böyüyüb indi ona nankorluq edən bəzi şəxslər var ki, bu zəfər onun sevincini kədərə bürüyüb. Necə ki, Sevinc Osmanqızı adlı milli identifikasiyasını itirmiş birisi özünün “yutube” kanalında, yumşaq desək, çərənləməkdə davam edir. Amma yox, tamaşaçıların saqqızını oğurlamaq üçün onun ağlar səslə bildirdiyi tartan-partan arasında bəzi real notlar da yer alıb. Bu xanım öz verilişində deyir ki, özünü radikal, yəni tünd müxalifət adlandıran dəstənin (şaykanın) baş personajı Əli Kərimli onun adından böyük bir saxtakarlıq edərək hansısa yalanın yazıldığı kağıza “Sevinc Osmanqızı” imzasını qoyub. Bu məsələdə iki məqam var: birincisi, bu adamlar yalan və fırıldaqla nəfəs alırlar, saxta imzalar bunların fəaliyyətində qırmızı xətdir. İkincisi, deyir, “sirkə nə qədər tünd olsa, öz qabını çatladar”, Azərbaycanın zəfər dolu inkişaf xətti bunların arasına nifaq salıb.
Pis olan budur ki, Əli Kərimli saxtakarlığını ifşa edən Sevinc Osmanqızı yenə də baş verən olaydan dərs almayıb, çünki məsləkdaşını yamanlayıb qurtaran kimi özünün böhtançılıq şakəri baş qaldırıb və başlayıb Azərbaycan xalqının zəfər ruhunu böhtanla zəhərləməyə. Guya xalqımızın övladları əbəs yerə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda ediblər, guya bu qələbə yox, məğlubiyyətdir və s... Bu azmış kimi S.Osmanqızı “Azərbaycanın qədim əraziləri” ifadəsinə istehza da edir. Üzdəniraq azərbaycanlı xanımın çıxışı o zaman baş verir ki, sosial şəbəkələrdə, informasiya kanallarında Azərbaycanın qədim ərazisi olan Zəngəzura hücum edəcəyi ilə bağlı feyk xəbərlər dolaşır. Yəni, düşmənlərimiz qorxu içərisindədirlər, çünki gözəl bilirlər ki, Zəngəzur, eyni zamanda İrəvan Azərbaycanın qədim əraziləridir və bu torpaqların öz həqiqi sahibinə qaytarılması ilə tarixi ədalət nə vaxtsa bərpa oluna bilər. Bu ehtimalın qarşısını indidən almaq üçün müvafiq platforma yaradılmalıdır. Və sevinc osmanqızı kimi milli heysiyyətini itirmişlər bu işdə düşmən dəyirmanına su tökürlər. Başqa sözlə, xaricdəki erməni lobbisi və Azərbaycan əleyhinə işləyən siyasətçilər, ayrı-ayrı dövlətlər bu cür “azərbaycanlılardan” pul qarşılığında istifadə edirlər.
Müdriklərdən biri deyib: “Ağıllı adam o şəxsdir ki, kənardan özünə baxmağı bacarır”. Mükəmməl deyimdir. Özünü demokrat adlandıran Sevinc kimilərdə ağıl olsaydı özlərinə kənardan baxar və nə qədər miskin olduqlarını görərdilər. Amma fəaliyyətlərinə görə əldə etdikləri pullar onların gözünü örtüb və ümumiyyətlə, ətraflarını, Azərbaycanda gedən yüksəlişi görə bilmirlər və ya bunu sadəcə istəmirlər. Lakin onların zamana, cəmiyyətimizdə baş verən proseslərə təsir imkanları sıfırdır. Ona görə ki, qarşılarında Azərbaycan xalqı və onun dəstəklədiyi lider var. Bu birliyi sarsıda biləcək qüvvə isə yoxdur.
Novruz Novruzov
Azad Vətən Partiyası Siyasi Şurasının sədri