AXTAR

Ordu quruculuğunun yüksək sürəti saxlanılmalıdır

ordumuz

İnamla demək olar ki, Azərbaycan Ordusu hazırda Cənubi Qafqazda ən güclü olmaqla dünyanın ən çox inkişaf etmiş orduları ilə rəqabət aparmağa qadirdir. Onun silahlı qüvvələrinin arsenalında müasir silahlar yer tutur. Ordunun təminatı yüksək səviyyədədir. Əsgərlərin döyüş hazırlığı mükəmməl təlimat və təcrübə əsasında aparılır.
Heç kimə sirr deyil ki, dövləti xarici düşmənlərdən qoruyan əsas dayaq ordudur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Həmin il Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyuldu. Lakin bolşeviklərin ölkəmizi ilhaqı nəticəsində Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu quruculuğu prosesi dayandı. Diqqətəlayiq fakt budur ki, sovetlər dövründə hərbi quruculuq işi müstəsna olaraq Kreml mənsublarının ixtiyarında olsa da, Azərbaycanda 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Etiraf etmək lazımdır ki, bu, uzaqgörən, başqa sözlə, 40-50 il sonraya hesablanmış siyasət idi. O dövrdə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı.
SSRİ məkanında “müttəfiq respublika” adlandırılan ölkədə belə bir qərarın verilməsi cəsarət və “ölçülü-biçili” strategiya tələb edirdi. Azərbaycanda milli hərbi kadrların hazırlanması Moskva funksionerlərinin diqqətini dərhal cəlb etdi və H.Əliyevə güclü təzyiqlər başladı. Ancaq Azərbaycanın rəhbəri bu təpkiləri sovetlərin öz ideologiyaları fonunda dəf etməyi bacardı və başladığı işi sona çatdırdı. Azərbaycan müstəqillik qazanandan sonra bu məktəbin məzunları milli ordunun yaradılmasında əsas baza rolunu oynadı.
Azərbaycan Ordusunun uğurlarının arxasında gərgin iş, ağıllı fəaliyyət, düzgün qurulmuş hərbi strategiya durur. Ən yaxın tariximizdən məlumdur ki, bütün bunların əsası ötən əsrin 90-cı illərinin ortalarında yenə də mərhum Heydər Əliyev tərəfindən qoyulub. Həmin qarışıq dövrdə tarix xalqımızdan, dövlətimizdən tələb edirdi ki, güclü ordu yaradılsın. Erməni qəsbkarlarının qarşısını yalnız bu yolla almaq olardı. Bu vacib tarixi şərti yerinə yetirmək missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev müasir tələblərə cavab verən yeni ordu quruculuğunun memarı və strateqi oldu. Azərbaycan Respublikası gənclərinin 1-ci forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bir qrupu ilə görüşdəki nitqində (Prezident Sarayı, 1 fevral 1997-ci il) Heydər Əliyev demişdi: “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Bu gün Azərbaycan Ordusu dövlətimizin müstəqilliyini etibarlı şəkildə qoruyur. Torpaqlarımızın işğaldan azad edilməsi və ölkə ərazisində terrorçulara qarşı uğurlu əməliyyatların davam etdirilməsi dediklərimizə əyani sübutdur.
Ordu quruculuğu ardıcıllıqla davam etdirilməli, silahlı qüvvələrimizin müasirliyi və döyüş qabiliyyəti daim artırılmalıdır. Bu işdə nə fasiləyə, nə də arxayınçılığa yol vermək olmaz.

Novruz Novruzov

AzVP-nin Siyasi Şurasının sədri

Oxşar məqalələr