AXTAR

Səfərbərlik Rusiyanı xilas edəcəkmi?!

rus ukr
Dünyanın siyasi isteblişmentində Rusiyanın Ukraynaya təcavüzkarlığı barədə ikimənalı fikirlər, demək olar ki, yoxdur. Çünki, prezident Putin “xüsusi əməliyyat” adlandırsa da, başqa ölkənin ərazisinə bu cür soxulmağın işğalçılıq müharibəsindən başqa adı yoxdur. Bir çox siyasi analitiklər Putini günahlandıraraq onun səhv etdiyini bildirir. Ancaq, fikrimizcə, Rusiya prezidentinin alternativ yolu yox idi. Yəni, Ukraynanın dünya güclərinin Qərb cəbhəsinə qoşulması Rusiya imperiyasının parçalanmasının növbəti mərhələsi demək idi. Donbasın, Luqanskın, habelə Krımın ilhaqı, əslində, Ukraynanın məhvinə yox, Rusiyanın indiki sərhədlər daxilində qorunub saxlanmasına hesablanmış addımdır. Bəlkə də Putin necə bir çətin yola girdiyinin fərqində idi. Lakin o, bu addımı atmalı idi ki, ölkədaxili mümkün iğtişaşların qarşısını ala bilsin. Kreml siyasətçilərinin səhvi onda idi ki, onlar imperiyanın dağılması ya görmürdülər, ya da görmək istəmirdilər. Səhvin ana xətti budur. Köməkçi xətlər isə beynəlxalq birliyin bu işğala qarşı əlbir olacağını proqnozlaşdıra bilməməkdən irəli gəlir.
Artıq demək olar ki, Rusiya-Ukrayna müharibəsinin kulminasiya nöqtəsi geridə qalıb. Ukrayna dərin bataqlığa çevrilib. Və bu bataqlığın ilk qurbanı Rusiyadır. Bu günlər prezident Vladimir Putinin Rusiyada qismən səfərbərlik həyata keçirməsi uğursuzluğun açıq etirafıdır. Bu etirafın arqumenti isə əhalinin böyük əksəriyyətinin səfərbərlikdən yayınması, başqa sözlə, müharibənin əleyhinə çıxmasıdır. İnformasiya kanallarının yaydığı məlumata görə, 300 min nəfərin səfərbərliyə alınacağı planlaşdırılan aksiyanın ilk həftəsində artıq 261 min nəfər rusiyalı kişi xaricə qaçıb. "Mash" teleqram kanalı isə Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonundakı hərbi komissarlıqda baş vermiş silahlı insident barədə məlumat yayıb. Hadisə zamanı səfərbərliyə cəlb olunan 25 yaşlı Ruslan Zinin hərbi komissar Aleksandr Yeliseyevi güllələyib. Ağır yaralanan hərbi komissar xəstəxanaya yerləşdirilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 25 sentyabr məlumatında bildirilir ki, Rusiya komandanlığı itki vermiş bölmələrini yenidən təchiz etmək üçün hərbi personalı təlim keçmədən birbaşa təmas xəttinə səfərbər edir: “Rusiya silahlı qüvvələrinin komandanlığı yeni gələnləri birbaşa təmas xəttinə qaytarmaq üçün təlim keçmədən hərbi heyəti səfərbərliyə göndərir. Bu, düşmən hərbi
qulluqçularının mənəvi-psixoloji vəziyyətinin səviyyəsinin və vəzifələrini yerinə yetirmə keyfiyyətinin azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir”.
Bütün bu faktlar Rusiyanın daxilində ciddi iğtişaşların baş qaldıracağı ehtimalını artırır. Belə olarsa, onda Rusiyanın subyektlərində suverenlik haqda şüarların meydana çıxması qaçılmaz olacaq. Axı, batan gəmidə kim qalmaq istəyər?!
Novruz Novruzbəyli
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

Oxşar məqalələr