AXTAR

Ermənistan nə qisasçılıqdan qurtara bilir, nə də alət olmaqdan

az guc
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bu təcavüzkar dövlətin qisasçı xarakterinin ifadəsi idi. Həmin təxribatların cavabı təcavüzkara güclü əks-zərbə oldu və düşünmək olardı ki, nəhayət İrəvanın siyasi hakimiyyəti strategiyasının absurd olduğunu anlayacaq. Lakin belə görünür ki, bu ölkə, onun hakimiyyəti və cəmiyyətinin aparıcı qüvvəsi olan millətçi daşnak tör-töküntüləri hələ də siyasi korazehinlikdən uzaqlaşa bilmirlər. Halbuki, artıq erməni siyasi analitiklər də mümkün hərbi əməliyyatların ssenarisindən danışanda açıqca bildirirlər ki, döyüşlər paytaxt İrəvanın 2 km-lik məsafəsində gedəcək.
Keçmiş deputat, “Alternativ layihələr” ekspert qrupunun rəhbəri Vahe Ohanesyan sentyabrın 21-də “Novosti Armenii”-nin müxbiri ilə söhbətində bildirib ki, erməni cəmiyyəti indi nəyi necə edəcəyini bilmir: “Biz dövlətçilik təfəkkürü ilə çalışmırıq, erməni elitası isə bu gün dedi-qodularla məşğuldur”.
“Məsuliyyət hissi olan liderlərin, sosial təbəqələrin həqiqətən də konsolidasiyası çox vacibdir. Biz birlikdə çalışmalıyıq. Bu gün Ermənistanda mövcud olan bu avantüra – siyasi ehtiyatsızlıqdır, sanki baş verənlərin Ermənistana heç dəxli yoxdur, bu isə bizi gözləyən fəlakətin qapısını açır”,-deyə o, fikrini yekunlaşdırıb. Təbii ki, siyasi ekspert ölkəsi tərəfdən Azərbaycana qarşı yönəlmiş təxribatlara və bu əməllərin təxribatçılara, başqa sözlə, erməni cəmiyyətinə gətirdiyi bəlalara işarə edir. Ermənistanda dövlətçilik təfəkkürünün olmaması isə məlum həqiqətdir. Bunun yerini ermənilər faşist ideologiyası ilə doldurmağa çalışırlar. Azərbaycana qarşı qisasçılıq strategiyasını yürüdürlər. Nəticə etibarı ilə “yedikləri qapaza” görə isə Rusiyanı günahlandırırlar. Bu cür taktika isə Ohanesyanın çıxardığı nəticələri təsdiqləyir, belə ki, dövlətçilik təfəkkürü olan cəmiyyət, adətən, öz hamisinin əleyhinə çıxmır. İş o yerə çatıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə, yəni öz silahdaşlarına müraciət edib ki, Rusiyanın rəhbərlik etdiyi “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nı kəskin tənqid etməkdən çəkinsinlər.
İş burasındadır ki, sentyabrın 21-dən 22-nə keçən gecə erməni diversiya qrupları yenidən Azərbaycana qarşı təxribata cəhd ediblər. Aydındır ki, təxribatçılıq yolunun seçilməsi də ermənilərdə dövlətçilik təfəkkürünün zəif olmasından irəli gəlir. Buna görədir ki, erməni qəzeti “Qraparak” yazır ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan digər iki keçmiş prezident Robert Koçaryanı və Serj Sarkisyanı yığıb Azərbaycana qarşı qisasçılıq fəaliyyətinə son qoymağı, hazırkı hakimiyyəti müdafiə etməyi məsləhət görəcək, arqumenti də bu olacaq ki, Azərbaycana qarşı vuruşmaq ermənilərə fayda gətirməyəcək.
Pis addım deyil, təki səmərəsi olsun. Ancaq bir məsələ şəksizdir: Levon Ter-Petrosyan bu addımı Azərbaycanın hərbi-siyasi gücü qarşısında atmağa məcburdur. Çünki, Ermənistan hakimiyyəti həmişə gücə tabe olub.
Novruz NOVRUZBƏYLİ
Azad Vətən Partiyası,
Siyasi Şuranın sədri

Oxşar məqalələr