Mixail Zoşşenko: QIZIL SÖZLƏR (hekayə)

Uşaq olanda böyüklərlə şam etməyi çox sevərdim. Bacım Lelya da belə şam yeməklərini məndən az sevməzdi.
Əvvəla, stola cürbəcür yeməklər qoyulurdu. Bu da Lelya ilə məni xüsusilə valeh edirdi.
İkincisi, hər dəfə onlar öz həyatlarından maraqlı əhvalatlar danışırdılar.
Bu da Lelya ilə məni çox əyləndirirdi.
Əlbəttə, ilk vaxtlar stol arxasında özümüzü sakit aparırdıq. Lakin sonralar ürəkləndik. Lelya söhbətlərə qarışmağa başladı. O, hey naqqallıq edərdi. Mən də hərdən fikrimi bildirərdim.
Bizim mülahizələr qonaqları məşğul edərdi. Əvvəl-əvvəl hətta ata-anam da razı idilər. Çünki qonaqlar bizim inkişafımızı və ağlımızı görürdülər.
Lakin sonralar şam yeməklərinin birində belə bir hadisə baş verdi.
Atamın rəisi yanğınsöndürəni xilas etməsi haqqında inandırıcı olmayan bir əhvalat danışmağa başladı. Həmin yanğınsöndürən guya yanırmış və atamın rəisi də onu alovun içərisindən çıxarıbmış. Ola bilsin ki, belə əhvalat olmuşdu, amma bu, təkcə Lelya ilə mənə xoş gəlmədi.
Lelya elə bil iynənin üstündə oturmuşdu. Üstəlik o, buna oxşar, ancaq daha maraqlı bir hadisəni xatırladı. Və tələm-tələsik bu hadisəni danışmaq istəyirdi ki, unutmasın.
Lakin atamın rəisi tərslikdən lap asta-asta danışırdı. Lelya isə daha dözə bilmədi. O, əlini rəisə sarı etinasızlıqla yellədərək dedi:
Bu nədir ki! Bax, bizim həyətdə bir qız...
Lelya sözünü qurtara bilmədi, çünki anam ona “ss” elədi. Atam da ona qaşqabaqlı baxdı.
Atamın rəisi hirsindən qızardı. Lelyanın “bu nədir ki! ” deməsi xoşuna gəlməmişdi.
O, valideynlərimizə müraciətlə:
-Başa düşmürəm, nə üçün siz uşaqları böyüklərlə bir yerdə oturdursunuz, onlar mənim sözümü kəsirlər. Bax, indi mən kələfin ucunu itirdim. Harda qaldım mən?-dedi.
-Lelya günahını yüngülləşdirmək istəyilə tez dilləndi:
-O, yerdə qaldınız ki, yanmış yanğınsöndürən sizə necə “mersi” dedi. Ancaq qəribədir, madam o yanıb və huşsuz uzanıbsa, bir söz deyə bilərmi? Bax, bizim həyətdə bir qız...
Yenə də Leylanın sözü yarımçıq qaldı, çünki bu dəfə anamdan sillə “aldı”.
Qonaqlar gülüşdülər. Atamın rəisi isə hirsindən daha da qızardı.
Gördüm ki, işlər dolaşıb, vəziyyəti düzəltmək qərarına gəldim. Lelyaya dedim:
-Atamın rəisinin söhbətində qəribə heç nə yoxdur. Baxır adam necə yanıb, Lelya. Başqa cür yanan yanğınsöndürənlər hətta, huşsuz uzansalar belə hər halda danışa bilərlər, daha doğrusu, nə danışdıqlarını özləri də bilmədən sayıqlayırlar. Bax, o, “mersi” deyib. Amma, özü bəlkə də “gözətçi” demək istəyirmiş.
Qonaqlar qımışdılar. Atamın rəisi isə hirsindən titrəyərək valideynlərimizə dedi:
-Siz uşaqlarınızı pis tərbiyə edirsiniz. Onlar səfeh mülahizələri ilə mənim sözümü kəsir, demək olar, ağzımı açmağa imkan vermirlər.
Stolun aşağı başında, samovarın yanında oturmuş nənəm Lelyaya nəzər salaraq həyəcanla dedi:
-Bir fikir verin, bu qızcığaz etdiyi hərəkətlərin peşmançılığını çəkməkdənsə, təzədən yeməyə girişib. Baxın, baxın, o, hətta iştahasını belə itirməyib, iki nəfərin payını yeyir...
Lelya etirazını nənəyə bərkdən bildirməyə etiraz etmədi, ancaq sakitcə deyindi:
-Hirsi su ilə yatırarlar.
Nənə bu sözləri eşitmədi. Lakin Lelya ilə yanaşı oturmuş atamın rəisi bunu öz payına götürdü.
O, Lelyanın dediklərini eşidəndə təəccübdən gözləri bərəldi və valideynlərimizə müraciətlə:
-Hər dəfə sizə qonaq gəlməyə hazırlaşanda uşaqlarınızı xatırlayıram, o saat da sizə gəlmək həvəsim sönür,-dedi.
Atam dedi:
-Uşaqların həqiqətən özlərini ədəbsiz apardıqlarını və bununla da bizim ümidlərimizi doğrultmadıqlarına görə bu gündən etibarən mən onlara böyüklərlə bir yerdə şam etməyi qadağan edirəm. Qoy onlar çaylarını içib, öz otaqlarına çəkilsinlər.
Lelya ilə mən xırda serdiya balıqlarını yeyib, qonaqların şən zarafatları və gülüşü altında öz otağımıza getdik.
O vaxtdan düz iki ay böyüklərlə bir yerdə oturmadıq.
İki ay ötəndən sonra isə Lelya ilə başladıq atama yalvarıb-yaxarmağa ki, bizə yenidən böyüklərlə şam etməyə icazə versin. Həmin gün atamız yaxşı əhval-ruhiyyədə olduğundan dedi:
-Yaxşı icazə verirəm, ancaq stol arxasında danışmağı sizə qadağan edirəm. Bircə dəfə bərkdən danışsanız, bir daha stol arxasında oturmayacaqsınız.
Və gözəl günlərin birində biz yenidən stol arxasında böyüklərlə birlikdə şam edirdik.
Bu dəfə dinməz-söyləməz oturmuşduq. Axı, atamızın xarakterinə bələd idik. Bilirdik ki, lap yarımca söz demiş olsaq belə, o, böyüklərlə bir yerdə oturmağa daha heç vaxt icazə verməz.
Hələlik atamın qoyduğu qaydadan o qədər də zərər çəkmirdik. Biz dörd nəfərin payını yeyir və gülüşürdük. Belə hesab edirdik ki, bizə danışmağı qadağan etməklə böyüklər hətta uduzublar. Danışmadığımızdan yalnız yeməyə girişmişdik.
Lelya və mən mümkün olan hər şeyi yeyib, şirniyyata keçdik.
Şirniyyatdan yeyib, çay içəndən sonra qərara gəldik ki, ikinci mərhələyə keçək-yeməyi lap əvvəldən başlayaq, çünki anam stolun üstünü boş görüb, təzə yeməklər gətirmişdi.
Mən bulkanı götürüb, yağdan bir tikə kəsdim. Yağ tamam donmuşdu, onu buzluqdan yenicə götürmüşdülər.
Donmuş yağı bulkaya çəkmək istəyirdim. Bunu etmək mənə müyəssər olmadı. Yağ parçası daş kimi idi.
Onda mən yağı bıçağın ucunda tutub, çayın üzərində isitmək istədim. Çayımı isə çoxdan içdiyimdən yağı mənimlə yanaşı oturmuş atamın rəisinin stəkanının üzərində isitməyə başladım.
Atamın rəisi nə isə söyləyir və mənə diqqət yetirmirdi.
Bu ara bıçaq stəkanın üzərində qızdı. Yağ altdan bir az əridi. Mən yağı bulkaya çəkmək istəyirdim və artıq əlimi stəkandan aralayırdım ki, birdən o, bıçaqdan sürüşüb stəkana düşdü.
Qorxumdan quruyub qaldım. Bərəlmiş gözlərimi şappıltı ilə qaynar çaya düşən yağa zilləmişdim.
Sonra ətrafa göz gəzdirdim. Qonaqlardan heç kim baş vermiş hadisəni sezməmişdi.
Nə baş verdiyini təkcə Lelya görmüşdü.
O, gah mənə, gah da stəkandakı çaya baxaraq gülməyə başaldı.
Atamın rəisi danışa-danışa qaşığı götürüb çayını qarışdıranda Lelyanın gülməyi daha da artdı.
Rəis çayını o qədər qarışdırdı ki, yağ tamam həll olundu. Çay indi toyuq supuna oxşayırdı.
Atamın rəisi stəkanı əlinə götürüb yavaş-yavaş ağzına yaxınlaşdırdı.
Rəisin yaxantını içəndə nə edəcəyi və daha sonra nə baş verəcəyi Lelya üçün son dərəcə maraqlı olsa da, hər halda o, bir az qorxdu. Hətta atamın rəisinə “içməyin!” –deyə qışqırmaq üçün ağzı da açıldı.
Ancaq atamıza baxanda xatırladı ki, danışmaq olmaz, odur ki, susdu.
Mən də heç nə demədim. Ancaq əlimi yelləyir və gözümü atamın rəisinin ağzından çəkmirdim.
Bu ara atamın rəisi stəkanı ağzına yaxınlaşdırıb böyük bir qurtum aldı.
O saat da gözləri təəccübdən bərəldi, ufuldadı, yerindən atıldı, ağzını salfetka ilə tutdu, öskürməyə və tüpürməyə başladı.
Valideynlərimiz ondan soruşdular:
-Sizə nə oldu?
Atamın rəisi qorxudan heç nə deyə bilmədi.
O, barmağı ilə ağzını göstərdi, hayqırdı və qorxa-qorxa stəkanına nəzər saldı.
Hamı maraqla stəkanda qalmış çaya baxdı.
Anam həmin çaydan dadaraq dedi:
-Qorxmayın, çayınıza adi kərə yağı qarışmışdır.
Atam dedi:
Hımmm......maraqlıdır yağ çaya necə düşüb? Ehey, uşaqlar, müşahidələrinizi bizimlə də bölüşün!
Danışmaq üçün söz alan Lelya dedi:
-Minka stəkanın üstündə yağı isidəndə birdən yağ sürüşüb çaya düşdü. –Bu yerdə o, özünü saxlaya bilməyib bərkdən güldü. Qonaqların da bəziləri gülümsədilər. Bəziləri isə təlaşlı görkəmlə öz stəkanlarına baxdılar.
Atamın rəisi dedi:
-Sağ olsunlar ki, hələ stəkanıma yağ atıblar. Onlar qətran da tökə bilərdilər. Maraqlıdır, əgər bu, qətran olsaydı mən özümü necə hiss edərdim... bu uşaqlar məni dəli edəcəklər.
Qonaqlardan biri dedi:
-Məni başqa məsələ maraqlandırır. Yağın çaya düşdüyünü uşaqlar görüblər. Buna baxmayaraq, heç kimə bir söz deməyiblər. İmkan veriblər ki, belə çay içilsin. Onların əsas cinayəti bundan ibarətdir.
Bu sözləri eşidən atamın rəisi bərkdən qışqırdı.
-Aha, doğurdan da, yaramaz uşaqlar, nə üçün mənə xəbər vermədiniz? Onda mən bu çayı içməzdim...
Lelya gülməyini kəsərək dedi:
-Atam bizə stol arxasında danışmağı qadağan edib. Buna görə də biz heç nə demədik.
Mən gözlərimin yaşını silərək dedim:
-Atam bizə bircə söz deməyə də icazə vermir,yoxsa, biz deyərdik.
Atam gülümsəyərək dedi:
-Bunlar yaramaz yox, səfeh uşaqlardır. Əlbəttə, bir tərəfdən onların göstərişə sözsüz əməl etmələri yaxşıdır. Belə də davam etmək lazımdır-göstərişə əməl etmək və qayda-qanunu gözləmək. Lakin bütün bunları ağılla görmək lazımdır. Əgər heç nə baş verməsə, sizim vəzifəniz susmaqdır. Lakin çaya yağ düşdü, yaxud nənə samovarın süzgəcini bağlamağı unutdusa, siz hay-küy salmalısınız. Onda cəza əvəzinə təşəkkür alarsınız. Hər şeyi vəziyyətə uyğun şəkildə etmək məsləhətdir. Bu sözləri qəlbinizə qızıl hərflərlə yazmalısınız. Əks halda cəfəngiyyat alınar.
Anam dedi:
-Yaxud, mən sizə mənzildən çıxmağı qadağan edirəm. Birdən yanğın baş verir. Onda, ay səfehlər yanmayınca mənzildən çıxmayacaqsınız? Əksinə dərhal mənzildən çıxıb hay-küy salmalısınız.
Nənəm dedi:
-Yaxud da, mən hamıya ikinci dəfə çay süzdüm. Amma Lelyaya süzmədim. Deməli, mən düzgün hərəkət etdim.
Bu yerdə Lelyadan başqa hamı güldü. Atam isə nənəyə dedi:
-Siz heç də düzgün hərəkət etmədiniz, çünki vəziyyət yenidən dəyişdi. Aydın oldu ki, uşaqlar günahkar deyillər. Əgər günahları varsa, bu, səfehlikdəndir...
Rica edirəm, Lelyaya çay süzün.
Qonaqlar gülüşdülər. Lelya ilə mən isə əl çaldıq.
Təəssüf ki, atamın sözlərini o vaxt başa düşmədim. Lakin sonralar anladım və bu qızıl sözləri qiymətləndirdim. Hörmətli uşaqlar, həmin sözlər həmişə, həyatın hər bir anında mənimlə oldu: şəxsi işlərimdə, müharibədə, təsəvvür edin ki, hətta öz işimdə belə.

Məsələn, mən öz işimi qədim, gözəl sənətkarlardan öyrənmişəm. Onların yaratdığı qaydalar üzrə yazmağa məndə böyük ehtiras vardı.
Lakin mən gördüm ki, şərait dəyişib. Həyat və kütlə artıq onların dövründə olduğu kimi deyil. Buna görə də onların yolunu təkrar etmədim.
Ola bilsin, buna görə mən adamlara elə bir qəm-qüssə gətirmədim. Və müəyyən dərəcədə xoşbəxt oldum.
Xülasə, qədim zamanlarda müdrik bir adam (o, ölüm məhkum olunmuşdur) demişdir: “Heç kimi ölümündən əvvəl xoşbəxt adlandırmaq olmaz!”
Bunlar da qızıl sözlər idi.

Rus dilindən tərcümə edəni:
Novruz Novruzov
“Pioner” jurnalı-1987

Günah

(Hekayə)
-Bağışlayın, sizə zəng etmək olar?
-Zəng? -duruxdu. Bəlkə heç mənim telefonum yoxdur- yanakı baxdı, dodaqları qaçdı.
-Var!
-Hardan bilirsiniz?- qəşəng qaşları çatıldı. Belə daha yapışıqlı görünürdü. Gülümsədim:
-Bayaq tanışınızla danışanda dediniz ki, sizə, evə zəng eləsin.
-Doğurdan a,- yavaşca güldü.
Yaman çoxbilmiş oğlana oxşayırsınız, -şəhadət barmağını mənə silkələdi...
...İlahi, onun bu hərəkətləri mənə nə qədər doğma görünürdü. Elə bil dünyaya ayaq basandan belə duurşlu, belə danışıqlı, belə gülüşlü bir qızın həsrətindəymişəm, indicə tapmışam.
Ovsunlanmış kimi gözümü ona dikmişdim, çəkə bilmirdim.
Deyəsən özü də duydu bunu. Narahatlıqla yol uzunu boylandı. Avtobus görünmürdü-biz dayanacaqda idik.
Tanışlığımız yarımca saat olardı.
Adi payız günlərindən biri idi. Yağış yağırdı. Belə günləri mən çox sevirəm. Ümumiyyətlə, yağış mənim üçün nur çeşməsidir. Yağışın altında gəzəndə xeyli yüngülləşirəm. Elə bilirəm göydən tökülən su damcıları insanların, dünyanın bütün günahlarını yuyub aparır. Hər şey yuyulur, təmizlənir, təptəzə görsənir. Belə günlərdə plaşımı geyinib, başıaçıq küçələrdə dolaşmağı xoşlayıram. Bu cür havada küçəyə çətirlə çıxanları görəndə təəccüblənirəm: “Nə qəribə adamlar var dünyada. Bunlar niyə çətir götürürlər axı. Yağışda islananda nə olar. Uzaqbaşı xəstələnər, bir-iki gün yerdə yatarlar. Elə günahlı ayaq üstündə olmaqdansa, günahsız xəstə yatmaq yaxşıdır ”. Əlbəttə, çox vaxt bunları əsəbi olanda deyirdim. Kimdənsə inciyəndə, kimisə nədə isə günahkar biləndə.
Bu gün də incimişdim. Redaktordan.
Axı, mən jurnalistəm.
Səhərdən dilxor idim. Redaktor dünənki yazımın ən yaxşı yerinə quş qoymuşdu. Məni yanına çağırıb deyir: “Filan məsələni bu cür yazmaq olmaz. Atamıza od vurarlar!” Dedim:
-Olmaz ki, elə əvvəlcədıən biz onların atalarına od vuraq?
Kişi çaşıb qaldı. Kəsdirə bimədi, ciddimi dedim, ya zarafatlamı. Ayrı heç nə demədim, mənası yoxdur, onsuz da bildiyini edəcəkdi.
İşdən çıxanda yağış başladı. Sevindim. Yağış lap yerinə düşmüşdü.
Küçələri bir-bir dolaşır, necə deyərlər, dərdimi dağıdırdım. Birdən yadıma düşdü ki, dostuma zəng etməliyəm. Çoxdan zəng etməliydim, ancaq indi yadıma düşmüşdü. Yaxınlıqdakı telefon-avtomata sarı getdim. Çata-çatda bir qız-daha doğrusu indi mənimlə üz-üzə dayanan qız özünü yetirdi.
-Bağışlayın, artıq iki qəpikliyiniz yoxdur?
Elə səsiylə də məni sehrlədi.
-Var, -dedim. Ancaq yalandan, bircə dənəydi. İki qəpikliyi ona uzatdım. Aldı. Təşəkkür etdi. Zəng etmək istəyəndə başını buladı. Avtomat işləmirdi.
-O getmək istəyir, bu saat gedəcək-bunu ürəyim dedi.
Ay qız-hardansa mənə cəsarət gəldi. Tində telefon budkası var, gedək ordan zəng edin. Elə mən də zəng etməliyəm. Nədənsə tez əlavə etdim: dostuma... Mənalı-mənalı baxdı, bir söz demədi. Yağış hələ də yağırdı.
İşin tərsliyindən burada da avtomat xarab idi, dəstəyi qırmışdılar.
-Bəlkə o biri tindəkinə də baxaq-üzlülük etdiyimdən qıpqırmızı olmuşdum. Yavaşca güldü.
-Nə olar, baxaq dedi.
Xoşbəxtlikdən avtomat saz idi. O zəng etdi, kiminləsə danışdı, ona zəng etməsini tapşırdı.
Mən tamam islanmışdım, amma soyuğu hiss etmirdim. Sanki qız mənə hərarət vermişdi. Sonra onu ötürmək üçün icazə istədim. Yenə güldü... yenə bir söz demədi...
...Di yaxşı, sağ olun, mən getdim. O idi. Avtobus gəlmişdi. Bir anlıq özümü itirdim.
-Dayanın, hara ... bəs... telefon...nömrə...zəng?
Duruxdu, elə bil nəsə tərəddüd edirdi. Sonra cəld çantasını açdı, telefon nömrəsini kağız parçasına yazıb ovcuma dürtdü, qaçıb artıq tərpənən avtobusa atıldı. Getdi. O saat da darıxmağa başladım. Elə bil çoxdan bir yerdə idik. Bu nədir? Yoxsa...
Öz-özümə güldüm. Nə bilim, mənə qəribə gəlirdi, birinci dəfəydi başıma gəlirdi.
Şəhərin üstünə qaranlıq çökürüdü. Yağış da səngimişdi. Həmişə qələbəlik olan küçələr indi bomboş idi. Evə getməyi qərara aldım, acmışdım, günortadan bəri dilimə heç nə dəyməmişdi.
Qızı unuda bilmirdim. Nömrəni xatırladım. Kağız hələ də ovcumda idi. Açıb baxdım. Axırıncı iki cüt rəqəm mənə nəyisə xatırlatdı. Hə-, bu mən idim, daha doğrusu, mənim dünyaya göz açdığım tarix idi. 48-ci il, ayın 13-də. Elə bildim bu gün səadətimi tapmışam. 13 ən çox sevdiyim rəqəm idi, xoşbəxtlik rəmzi kimi baxırdım ona. Kim bilir bəlkə çoxlarının nəhs saydığı bir rəqəmi xoşbəxtlik rəmzi saydığımdan özümə bir az qəribə görünürüdüm. Yox, bunlar hamısı hisiyyatdır. Ancaq...bir də...24 yaşına çatmışdım. Hələ heç bir qız ürəyimə hakim kəsilə bilməmişdi. Qəribə deyil?
Mənimlə qurtaranlardan çoxları evlənmişdi. Evlənməyənlər də özləri demişkən vaxtlarını “mənalı” keçirmişdilər, bir-ikisiylə gəzib sonra ayrılmışdılar. Nə isə...
Evə çatmışdım. Özüm haqda hər şeyi demədim axı. Hərçəndi deməli bir şey də qalmayıb. Adım Nofəldir. Kirayənişinəm, evin sahibəsi xəstədir, bacısıgildə qalır. Tək yaşayıram iki gözlü mənzildə. Universitetin jurnalistika fakultəsinin qiyabi şöbəsində oxuyur, mərkəzi qəzetlərdən birində işləyirəm, maaşım da pis deyil.
...Üç gün sonra zəng etdim. İşdən sonra saat 6-da. Dəstəyi özü götürdü.
-Salam!
-Salam- təəccüb vardı səsində, görünür tanımamışdı, bir də necə tanıyaydı axı. Ancaq bu üç gün ərzində mən qəti qərara gəlmişdim. Hər şeyi deyəcəkdim ona, lap açıqca. Deyəcəkdim ki, dünya da, həyat da, insanlar da çox qəribədir. Həm də çox mürəkkəbdir. Həyatda elə insanlar var ki, onlar dünyaya özləri üçün gəlirlər. Gəlirlər ki, özləri üçün işləsinlər, özləri üçün geysinlər, yesinlər, gəzsinlər. Amma dünyaya göz açan insanlar arasında elələri də var ki, onlar başqaları üçün doğulurlar. Bax, bu adamlar öz tərəf müqabillərini tapanda həyata nə üçün gəldiklərini bilirlər. İnsan həyatı bu vaxt dərk eləyir. Başa düşür ki, dünya təkcə torpaqdan, sudan, insanlardan, şəhərlərdən, evlərdən ibarət deyil. Həm də sənin ikinci “məninə”çevrilən bir şəxsiyyət də var dünyada. O hər gün səninlədir. Səninlə birgə yatır-durur, birgə fikirləşir, arzular bir, əməllər bir. Bu iki nəfər bütöv bir harmoniyaya çevrilir-bunların haımsını deyəcəkdim ona. Axırda da deyəcəkdim ki, mənə harmoniya olan ikinci “mənim” sizsiniz...
-Niyə dinmirsiniz? Kimdir danışan? -əsəbiləşdiyi hiss olunurdu.
-Bağışlayın... mənəm, o günü... yağışlı gündə, demişdim sizə zəng edəcəm.
-A, sizsiniz? Fikirləşirəm ki, bu kimdir belə, zəng eləyib, amma səsini çıxartmır. Bir də salam. Necəsiniz?
-Yaxşıyam. Nə əcəb sizdən?
-Sizə demişdim ki, zəng eliyəcəm. Bir də...
-Darıxmışdınız, hə?
Bu cür şuxluq etməsi cəsarətimi artırdı:
-Darıxmaq da sözdür, elə bil ki, min il bir yerdə olmuşuq, indi də düz min ildir ki, bir-birimizdən ayrılmışıq.
Dinmədi, görəsən, nə fikirləşirdi.
-Üzr istəyirəm, bəlkə bu bir qədər tezdir, ya nə bilim-dilim topuq çaldı, istədiyimi deyə bilmədim,- bilirsiniz, yenə cəsarətim çatmadı, demək istəyirəm ki...
Bir təhər özümü toplayıb-biz görüşməliyik-dedim.
-Yox, yox, mümkün deyil- səsində titrəyiş vardı.
-Yaxşı, mən sonra zəng edərəm, sonra... cəld dəstəyi asdım, niyə belə etdim, bunu sonralar başa düşdüm. Qeyri-iradi hiss etmişdim ki, bu sözlərdən sonra o: “bir də mənə zəng etməyin”-deyə bilərdi.
Aradan iki gün keçdi. Adi, həmişəki günlər idi, təkcə mən dəyişmişdim. Belə bir az da qəribələşmişdim. Yemək-içməkdən çox üst-başımın qayğısına qalırdım. Bəzən bəxtə, qismətə də inanırdım. Tez-tez qocaların sözünü təkrarlayırdım: “Qismətdən qaçmaq olmaz”.
Mən sehrlənmişdim. O qızın ucbatından... bəlkə də həsrətindən. Artıq yəqin etmişdim ki, əməlli-başlı vurulmuşam. Qərarım da qəti idi: evlənəcəyəm, vəssəlam.
Zəng edib anama da deyəcəkdim, ancaq tərəddüd etdiyimdən hələ gözləyirdim. Görüş haqqında sualıma qızın- mümkün deyil deməsi məni fikrə salmışdı. Öz-özümə ona müraciətlə: “Əgər mümkün deyildisə telefon nömrəsini niyə verirdin?”-deyirdim. Ancaq xəyalım öz işindəydi. Artıq adını bilmədiyim o qızla (sevgilimlə) saatlarla musiqiyə qulaq asır, dağları, meşələri, dərələri doyunca gəzirdim. “Budur, qızın ayağı daşa dəyib əzilmişdir. Etirazlarına baxmayaraq, onu qucağıma alıb aparıram. O, hirslənib sinəmi yavaşca yumruqlayır. Mən məzəmmətlə bərkdən gülüb, onu sinəmə daha da möhkəm sıxıram, sonra dərə aşağı qaçıram”.
Xəyallarımdan ayılanda elə məyus olurdum ki, elə bilirdim dünyada kimsəsizəm. Hətta bir məşhur el məsəlini öz halıma uyğun dəyişdirmişdim: “Qız evinin xəbəri yoxdur, oğlan xəyalında toydur”.
Mən özümdən, yeniyetmə xəyallarımdan utanırdım. Axı bu yaşa çatasan, uşaq-uşaq xəyallara düşəsən, eşidən-bilən olsa gülərdi mənə. Deyəsən, kitabda yazılanlar doğruymuş ki, məhəbbət adamı uşaq da edə bilər, mütəfəkkir də.
Fikrim-zikrim zəng edib, sonra onunla görüşmək idi. Bir neçə dəfə danışıb əhvalını soruşmuşdum. Amma səsində həmişə nə isə bir kədər hiss edirdim. Bir də sövq təbii mənə elə gəlirdi ki, o, nədənsə narazıdır. Bir dəfə bunu ona dedim. Ancaq həmin saat etiraz etdi: “yox, yox, siz nə danışırsınız?”-lakin səsinin kədərini mən lap aydınca duydum.
Axır ki, bir gün görüş üçün onun razılığını aldım. Həmin gün ha çalışdım özümü tox saxlayım, olmadı. Daxilən çox narahat idim, elə bil ürəyim əsirdi. Hətta ömrümdə ilk dəfə siqaret də çəkdim. Ancaq acı tüstünün heç bir xeyri olmadı. Görüşə bir saat qalmış birdən-birə sakitləşdim. Xasiyyətim belə idi. İnstitut vaxtı da imtahan verəndə əvvəl qorxurdum. Həyəcandan dəhlizdə o baş bu başa var-gəl edirdim. Elə ki, imtahana girdim, hər şey keçib gedirdi, tamam sərbəst aparırdım özümü. Necə deyərlər islanmışın yağışdan nə qorxusu.
Görüş yerinə yarım saat tez getdim. Soyuq payız küləyi əsdiyindən camaat az görünürdü. Külək hardansa gətirdiyi kağız qırıntılarını burulğan təki fır-fır fıraldır, birdən küləyin caynağından qopan kağızlar baş alıb uzaqlara gedir, dənizin üstündə asılıb qalırdılar. Dəniz də coşmuşdu. Dalğalar cövlan edirdi.
Fikirləşirdim ki, ilk məhəbbət görüşüm dünyanın təlatümlü vaxtına düşdü və mən buna da rəmzi məna verərək duyğularımın təlatümü kimi qəbul edirdim.
Birdən uzaqdan onun gəldiyini gördüm. Bütün bədənimi sevincli-hərarətli bir hiss bürüdü. Bax, elə bu andaca hər şey, hər şey gözümdə adiləşdi. 13 rəqəminin xoşbəxtliyi də, özümün qəribəliyim də, duyğularımın təlatümlüyü də... Hamısı, hamısı adiləşdi. Romantikam, xəyallarım harasa uçub getdi. Mən adicə bir insan idim. Və bir insan kimi də rahat yaşamağa haqqım vardı. Bu, mənə güc verirdi-həyat gücü, yaşamaq gücü.
Mən soyuqqanlıqla ona tərəf addımladım. Və biz küləyin şiddətindən inləyən çılpaq çinarın altında qarşılaşdıq.
Gözlərimi onun gözlərinə zilləmişdim. Telefonda danışanda səsində duyduğum məhzunluğu indi gözlərində sezirdim. O, bunu gizlətməyə çalışır, havanın şıltaqlığından, iş-gücdən danışır, gözlərindəki mənanı bildirmək istəmirdi. Ancaq, Heyhat! Bütün bu cəhdlər əbəs idi: mən hər şeyi gözəlcə görürdüm. Səma kimi mavi, tərtəmiz, büllur gözlərin kədəri daha dərindən, ürəyin, beynin, qanın içərilərindən süzülüb gəlirdi. Və bu saflığın, aydınlığın içərisində gözlə görünməyən, ancaq duyulan, hiss edilən bir qara nöqtə kimi sezilərək adamı ehtiyatkarlığa, həddi, biçimi gözləməyə çağırırdı. Mən gözlərin bu sehrkarlığına inanırdım, uşaqlıqdan alışmışdım buna. Anam həmişə məni gözlərimdən oxuyardı: xəstələndiyimi, əsəbləşdiyimi, yorulduğumu və hətta acdığımı belə baxışlarımdan öyrənərdi. Elə o vaxtdan da gözlər ürəyin açarına çevrilmişdi mənim üçün. Ondan bu kədərin, məhzunluğun səbəbini soruşmağa cürət etmirdim. Birdən onu incidər, ürəyinə toxuna bilərdim. Bir də nədənsə bu kədər məni yamanca qorxuzurdu, onun sirri məni nə qədər maraqlandırsa da, elə bil bu sirr açılsaydı həyatda nəyisə itirəcəkdim. Ancaq bir məsələ mənə toxtaqlıq verirdi. Axı, o hər halda mənimlə görüşə çıxmışdı. Buna görə də onu evə dəvət etməyi qərara aldım. Havadan zəhər yağırdı və bu cür havada qızla şəhərdə gəzmək məni gülünc vəziyyətə sala bilərdi. Fikrimi ona dedim. Əvvəl heç nə demədi, gözlərini dənizin üstündən harasa uzaqlara, dənizin o biri başına zillədi. Sonra sakitcə-nə olar gedək!-dedi. Xoşbəxtlikdən taksi tez düşdü və biz kirayə qaldığım evə getdik.
Hər şeyi zəndlə nəzərdən keçirirdi. Hətta taxta ayaqçıqları çürüdüyündən əsim-əsim əsən pilləkəni də diqqətlə yoxladı və soruşdu:
-Qorxmursan ki, bir gün bu çürük pilləkən qırılar kəlləmayallaq gələrsən yerə? O ilk dəfə gördüyüm tək, yanakı baxışla, dodaqlarında təbəssüm mənə baxırdı.
-Yox, dedim. ondan qorxmuram.
-Bəs... nədən qorxursan?- iri açılmış gözlərində təbəssüm qarışıq heyrət vardı.
-Gözlərindəki kədərdən!- düz gözlərinin içinə baxdım. Bir xeyli lal-dinməz mənə baxdı, sonra dərindən köksünü ötürdü:
-Müvəqqətidir...Həyatımda ilk və son tufandır bu kədər, birdən gəldiyi kimi, eləcə də birdən də çıxıb gedəcək. Yenə xeyli sükut etdi, sonra astaca həsrətlilər kimi dedi:
-Sən narahat olma, həyatda belə tufanlar çox olur, lap çox, saysan bəlkə də milyonlarcadır. İnsanın həyatında bu tufan tək bircə dəfə baş verir. Gərək onun içindən çıxmağa çalışmayasan. Axıra qədər qala bildin, ömrün də onun kimi qaynar keçəcək, yox, qala bilmədinsə onda həyatın boyu ona kənardan həsrətlə, həsədlə baxacaqsan. Bax, ola bilsin ki, bir vaxt sən də xatırlayacaqsan ki, həyatından belə bir tufan keçib.
Son cümləsinədək onu gülümsəyərək dinləyirdim. Ancaq axırıncı sözləri məni tərpətdi, tez və əsəbi soruşdum:
-Bəs niyə “bir vaxt” ya da “xatırlayacaqsan?”. Barmağını dodaqlarına aparıb susmaq işarəsi verdi. Otağımı da diqqətlə gözdən keçirdi. Yazı stolumun üstündə olan mənim stolüstü kitablarımı- “Martin İdeni”i, “Ovod”u, “Foma Qordiyev”i götürüb vərəqlədi. Sonra soruşdu:
-Martin özünü öldürməsəydi olmazdımı?
-Yox,başqa cür mümkün deyildi. O, ölümü ilə mənən yüksəldi, qələbə çaldı-dedim.
-Bəs onun məhəbbəti, o Rufu həqiqətən sevsəydi... axırda ona qovuşmaq imkanı da yaranmışdı.
-Yox-başımı buladım,-əgər Ruf Martini Martin onu sevən qədər sevə bilsəydi bu imkan elə əvvəlcədən də var idi.
O, Martini ürəyinin bütün gücü ilə sevə bilməzdi, mühiti buna imkan vermirdi.
Sözümü qurtarandan sonra onun üzünün, gözlərinin kölgəsi elə dəhşətli dərəcədə artmışdı ki, mən artıq dözə bilmədim.
Əsəbi halda “bəsdir, bəsdir!” –deyərək qollarından yapışıb özümə tərəf çəkdim. Qəfildən uşaq səsinə bənzər bir çığırtıdan ikimiz də diksindik. Ani sükutdan sonra gülümsədim. “Lənət sənə, qonşunun pişiyidir”-dedim. O isə təlaşla plaşını geyinirdi.
Hazırlaşıb qapını açdı, sonra mənə tərəf döndü:
-Bilirsən, mənim ailəm var. Ərimi sevməsəm də, hər halda nifrət də etmirəm. Körpə oğlumu isə bütün varlığımla sevirəm. Sənsə həyatımın tufanıydın! Bu olmalıydı. Ancaq gəlişin vaxtsız idi. Əlvida! Xoşbəxt ol!
O getdi. Ağır vicdan əzabı içərisində başımı əllərimlə sıxaraq oturmuşdum. Mən günaha batmışdım, ərli arvadı sevmişdim. Bir şeydə təskinlik tapırdım ki, onun ailəsini dağıtmağa günahımın gücü çatmamışdı. Qəfil tufan yaman ağır olurmuş.
Pəncərənin şüşələrinə dəyib dağılan yağış damcılarının səsini eşidən kimi bayıra qaçdım. Axşamın toranında yağışın altında bomboş küçələri dolaşır və elə hey öz-özümə deyirdim: “Axı, telefon nömrəsini mənə niyə verdin, niyə mənimlə görüşə çıxdın?”.

Novruz

Novruz İbrahimoğlu: Haqq döyüşçüsü

Sənədli povest

Gənclik-1997
Bakı
Az
İ-13
Redaktoru Vasif Quliyev
Novruz İbrahimoğlu
Sənədli povest

B:,1997. 68 səh.

“Gənclik” nəşriyyatının qrifi ilə çap olunub.
Povestdə Qarabağ müharibəsində fədakarlıqla vuruşaraq qəhrəmancasına həlak olmuş şəhid əsgər, “Azərbaycan bayrağı” ordenli Bəhruz Allahverdi oğlu Nuriyevin cəsur döyüş yolundan bəhs edilir.

***

O, cəbhəyə nə həvəslənib getmişdi, nə də könlünə qəhrəmanlıq düşmüşdü. Sadəcə bir vətəndaş kimi Vətənin dar günə düşdüyünü, xalqın həyatına qaranlıq çökdüyünü bütün ciddiliyilə dərk etmişdi.
O, cəbhəyə, ölüm-dirim savaşına yola düşəndə kimsə ondan soruşmamışdı: getmək istəyirsən, ya yox? Kimsə onu təhrik etməmişdi bu addımı atmağa. Dərrakəsinin gücüylə anlamışdı ki, hərə düşmənə bir daş atmasa onun qabağını saxlamaq çətin olacaq. Getmişdi düşmənə bir daş atmağa ürəyində min igidin təpəri. Və bir də getmişdi ki...!!!

***

Bu hadisə baş verəndə dünyanın gərdişindən və həyatın mahiyyətindən xəbərsiz bir uşaq idim. Səhərdən axşamadək valideynlərimin nəvazişi altında həyətimizdə o yan-bu yana qaçar, təbiəti və həyatı heyrətlə seyr edərdim. Hadisələrin mənasını tam dərk etməsəm də onların şəkli heyrətamiz dəqiqliklə hafizəmdə həkk olunardı.
Aydın bir yay səhəri həyətlərdə gəzən adi pişiklərdən birinin vəhşi hərəkətlərini uşaq marağı ilə diqqətlə izləyirdim. Marığa yatmış pişik gözlərini qırpmadan irəliyə zilləmişdi. İrəlidə isə dünəndən əsən güclü küləyin ağacdan yerə saldığı quş yuvası və yuvanın içərisində, görünür, təsadüfən sağ qalmış bir cüt bülbül balası vardı. Ana bülbül yuvanın ətrafında həyəcanla vurnuxaraq bərkdən cükküldəyir, gərginlikdən və əlacsızlıqdan aşağı-yuxarı uçaraq vay-şüvən qoparırdı. Maraq sadəlövh uşaq qəlbimin humanizmini dondurduğundan baş verə biləcək faciəni hiss etmirdi. Pişik yırtıcı cəldliyilə qəfil balalara doğru şığıyanda ana bülbül öz sinəsi ilə düşməninin qabağını kəsdi və onun caynağına keçərək məhv oldu.
Bu hadisənin təəssüratı uzun müddət qəlbimi ağrıtdı və böyüdükcə dərindən anladım ki, həqiqi məhəbbət fədakarlıq, fədakarlıq isə qurbanlar tələb edir. Və bunu da dərk etdim ki, Vətən torpağı uğrunda cismən şəhid olanlar ürəklərində böyük Vətən eşqini yaşadanlardır.

***
1989-cu ilin soyuq payız günlərindən biri idi. Axşamdan başlayan xəzri getdikcə güclənir, özü ilə şimaldan həmişə olduğu kimi iliyə işləyən soyuqluq gətirirdi. Gecə saat on birə işləyirdi. Texniki Universitetin axşam şöbəsində təhsil alan tələbələr dərsdən çıxıb metronun yaxınlıqdakı “Elmlər Akademiyası” stansiyasına axışırdılar. Dəstə-dəstə gedən gənclər qızğın mübahisə edirdilər.
Ağır dövr idi. Azərbaycanın ictimai-siyasi həyatında gərginlik durmadan artırdı. Rusların çoxəsrlik əsarətindən, SSRİ adlanan imperiyanın cəngindən qurtulmaq üçün azadlıq hərəkatı genişlənirdi. Mərkəzi meydanlarda tez-tez siyasi mitinqlər, müəssisələrdə tətillər keçirilirdi. Bir tərəfdən də əsrlər boyu qonşuluqda yaşayan ermənilər Azərbaycanın torpaqlarını ələ keçirtmək üçün rus havadarlarına arxalanaraq iğtişaşlar törədir, türkləri döyür, öldürür, onları doğma torpaqlarından qovurdular. Yerindən, yurdundan didərgin düşmüş, evini, var-dövlətini itirmiş adamlar iri şəhərlərdə, paytaxt Bakıda özlərinə sığınacaq axtarır, isti yuva, pal-paltar və bir tikə çörək üçün hökumət idarələrinin qapılarını döyürdülər. Əfsus ki, həmişə Moskva koloniyaçılarının göstərişləri ilə oturub-durduqlarından müstəqil idarəetmə qabiliyyətinə malik olmayan həmin idarə rəhbərləri adamları canıyananlıqla qəbul etsələr də onların dərdlərinə əlac qılmaq üçün dəyərli bir şey edə bilmirdilər.
Tələbələrin sırasında metroya tələsən bir gənc də vardı. O, gödəkçəsinin boyunluğunu qaldırıb əlləri ciblərində, qaşları düyünlənmiş halda fikirli-fikirli gedirdi. Mübahisə edənlərin səsləri aydın eşidilsə də onlara maraq göstərmir, söhbətə qoşulmurdu.
Metronun “Ulduz” stansiyasını keçəndən sonra baş vermiş xırda hadisə gəncin qanını lap qaraltdı. Vaqona daxil olan sarışın, ortayaşlı kişi ayaqüstə güclə dururdu. Qatar yerindən tərpənəndə kişi möhkəm ləngərlədi, az qaldı ətrafdakı qızları itələyib yıxsın. Gənc cəld qüvvətli əlləri ilə onun çiyinlərindən tutub düzəltdi, əlini tutacağa sıxıb, “держи крепка” dedi. Bu vaxt onun gözlərində nifrət qarışıq istehza vardı. Gözləri süzülən sərxoş “sağ ol” əvəzinə özündən razılıq ədası ilə “че смотриш?” soruşdu.
-Ты замолчи сволоч, biz nə hayda, bu nə hayda-arxada dayanan yekəpər cavan kişi dözməyib əsəbiliklə əlini yuxarı qaldırdı.
-Yox,yox, lazım deyil- gənc həmin adamın əlini havada tutdu- vaxt gələcək, özləri öz başlarına döyəcəklər- dedi. Onun yaşına uyuşmayan bu təmkinliliyi kəmhövsələ kişinin əsəblərinə su çilədi, qəzəblə “bədbəxt alkaş” deyib, üzünü yana çevirdi.
Evdə anası gənci gözləri qızarmış halda qarşıladı.
-Niyə ağlamısan, nə olub?- gənc təlaşla soruşdu.
-Heç nə, vallah, heç nə, gəl çörəyini ye- deyə anası mətbəxə keçdi.
Gənc əynini dəyişib, əllərini yudu. Mətbəxə keçib, sakitcə çörəyini yedi. Anasının tökdüyü çaydan bir qurtum içib:
-Di yaxşı, de görüm, noolub axı?- soruşdu.
Anası ah çəkib, yazıq-yazıq dedi:
-Səni əsgərliyə çağırıblar.
Bu vaxt atası Allahverdi kişi də mətbəxə keçdi.
-Ata, məni əsgərliyə çağırıblar, gedəcəm qəhrəmanlıq göstərməyə-gənc şuxluq edərək valideynlərinin könlünü almaq istədi.
-Vallah, sən məni öldürəcəksən, axırıma çıxacaqsan mənim- anasının gözləri doldu.
-Nadiyə?!- Allahverdi kişi arvadına gözağartması verdi. Sonra üzünü oğluna tutdu:
-Ay oğul, əsgərlik pis şey deyil, hamımız əsgərlik çəkmişik. İntəhası indi zamana xarabdı, gündə min bir hadisə baş verir.
-Məni əsgərlik, baş verən hadisələr qorxutmur. Bunlar nə vaxtsa olmalıydı. Sadəcə, Rusiyada qulluq etmək istəmirəm. Ermənilər lap ağını çıxardıblar, az qala hər gün sərhədlərimizi pozur, kəndlərimizi atəşə tuturlar. Bu ağır gündə biz niyə gedib başqa yerdə əsgərlik çəkməliyik. Axı, sabah ermənilər hücum etsələr bizi oradan bura vuruşmağa göndərməyəcəklər ha. Buradakı rus əsgərləri isə onlarla döyüşməyəcək. Hərbi komissardan xahiş edəcəyəm, məni Azərbaycanda saxlasın.
Allahverdi kişi oğlunun inadcıllığına bələd idi. Bilirdi ki, qərara gəlibsə, çətin onu Rusiyaya göndərmək mümkün olsun. Heç ürəyində özü də buna razı deyildi.
-Oğul, başa düşürəm səni, hər gün Qarabağdan qara xəbərlər gəlir. Ürəyimin başı sızıldayır. Vətən torpağının yağmalanamsına dözmək insanın öz-özünə xəyanətidir. Ancaq, başa düş ki, sən bizim övladımızsan. Heç bir valideyn istəməz ki, övladının burnu qanasın. Görürüsən, anan sənin fikrini necə çəkir?!
-Bütün bunları başa düşürəm, düz deyirsən. Amma övlad da ata-anasının qədrini bilsin gərərk. Biz hamımız vətənin övladlarıyıq. Vətənin dərdini çəkmək bizim borcumuzdur. Yadındadır Xankəndindəki dava?!
Oğlunun ona bu cür “dərs” verməsi Allahverdi kişinin ürəyini açırdı. Bəhruz sanki həmişə onun ürəyini oxuyurdu, onun istəyincə hərəkət edirdi. Xankəndindəki dava da yaxşı yadında idi.
...1986-cı ilin yayında Bəhruzla növbəti Qarabağ səfərinə çıxmışdı. Əvvəl getdilər Ağdama. Bir-iki gün doğma kəndləri Kəngərlidə qalandan sonra qalxdılar Şuşaya, Cıdır düzünü, İsa bulağını gəzdilər. Axşamı Şuşada gecələmək istədilər, turist əlindən yer tapmadıqlarından endilər Xankəndinə, mehmanxanada yer aldılar.
Şamdan sonra Allahverdi kişi uzanır ki, dincini alsın. Bəhruz da enir aşağı həyətə. On beş-iyirmi dəqiqə keçmiş növbətçi qadın hay-küylə Allahverdi kişinin dalınca yüyürür ki, bəs durma, düş aşağı, oğlun dalaşır. Heç demə, Bəhruz sakitcə durduğu yerdə iki dığa ona yaxınlaşıb, sataşıblar. Bəhruz fikir verməyib. Onda dığalardan biri:
-Bura türk torpağı deyil, erməni torpağıdır, burda biz oturmalıyıq, sən isə ayaqüstə dayan-deyə onu itələyir. Və dərhal aldığı zərbədən səntirləyir. İkinci dığa işə qarışanda onun da ağız-burnunun qanı bir-birinə qarışır. Dığaları Bəhruzun əlindən güclə alırlar.
Allahverdi kişi bunları yaxşı xatırlayırdı və Bəhruzun vətənpərvərliyi ürəyinə təpər verirdi. Elə bu hissin təsiri ilə də dedi:
-Gecdir, özün də yorğunsan, dur yat, sabah komissarlığa özüm də gedəcəyəm səninlə.
Bəhruz əllərini bir-birinə sürtdü:
-De Quran haqqı!
Allahverdi kişi gülümsünüb:
-Sənin canın üçün düz sözümdü-dedi.
Nadiyə oğlunun boynunu qucaqlayıb, başını köksünə sıxdı. Həzin səslə dedi:
-Bu gün bağçanın müdiri Aliyə xanım soruşurdu ki, rəsmlər necə oldu, Bəhruz hələ çəkib qurtarmayıb? Balacalar səni yaman səbirsizliklə gözləyirlər.
-Lap az qalıb, de ki, bir-iki günə qurtarıb, özüm gətirib divaradan asacağam.
-Mənim rəssam balam-ana oğlunun saçını tumaraldı.
Səhərisi hərbi komissarlıqda ata- oğulu səmimi qarşılayıb, tutarlı dəlil-sübutları müqabilində bir söz demədilərsə də, Bəhruzu Rusiyanın Azərbaycandakı hərbi hissələrindən birinə göndərmək üçün səbəb də tapmadılar. Alahverdi kişinin gözləmədiyi halda oğlunun rəssamlığı karına gəldi. Sitalçay yaxınlığındakı hərbi hissədən gəlmiş zabit Bəhruzu öz hissələrinə aparmaq arzusunda olduğunu bildirdi. Yəqin ki, rus millətindən olan həmin zabit hissəyə rəssam yox, vətənpərvər apardığını bilsəydi, dərhal fikrindən daşınardı.
1990-cı il yanvarın 12-də Bəhruz əsgərliyə yola düşdü. Onu yola salmaq üçün dostları, qohumları, doğmaları yığışmışdı. Hamı narahat idi. Həmin günlər Azərbaycan həyəcan və təlatüm içərisində yaşayırdı. Xalq məngənə arasında sıxılırdı. Bir tərəfdən sovet imperiyasından qurtulmaq üçün çarpışmalar, o biri tərəfdən erməni-rus işğalına məruz qalan torpaqların müdafiə dərdi... Bakıda casusların, çuğulçuların təxribatları baş alıb gedirdi. Mühafizəkar və çürümüş kommunist rejiminin dağılma prosesinin kulminasiya nöqtəsinə çatan Moskva bu inqilabdan daha az itki ilə çıxmaq üçün düyünlərin ağırlıq mərkəzini müttəfiq adlandırdığı respublikaların ərazilərinə keçirməyə çalışır, bundan ötrü milli münaqişələr törədir, yerli əlaltılarının və mafiyanın hakimiyyət davasından məharətlə istifadə edirdi.
Bəhruz əsgərliyə yola düşəndən bir həftə sonra Bakıda qanlı qırğın oldu. Şəhərin küçələri xalqın şəhid övladlarının qanına boyandı. Bir an çərisində şəhərə yeridilən xüsusi təlim görmüş minlərlə rus əsgəri əliyalın camaatı gülləbaran etdi, cavanları tankların tırtılları altında əzdi.
İki həftə idi ki, Sitalçay düşərgəsində Bəhruza hərbi qayda-qanun öyrədirdilər. Necə yerimək, necə salamlaşmaq, yüksək vəzifəlilərin, özündən rütbəlilərin əmrlərinə sözsüz tabe olmaq... Yanvarın 24-də nizami yeriş təlimi zamanı əsgərlərin arasında Bakı qırğını haqqında cürbəcür söhbətlər gəzirdi. Hərbi hissənin rəhbərliyi bu pıçıltılardan çox narahat idi. Rəhbərlik Moskvadan xüsusi tapşırıq almışdı: nəyin bahasına olur-olsun yerli əhalidə ruslar əleyhinə əhval-ruhiyyənin qızışmasına yol verməmək. Buna görə də polkovnik Borisova yerli əsgərlərlə profilaktik söhbətləri gücləndirmək tapşırığı verilmişdi.
Əsgərlər sıraya düzüldükdə polkovnik irəli çıxdı:
-Salam, yoldaş əsgərlər!
-Sağlıq arzulayırıq, yoldaş polkovnik!- əsgərlərin səsi həmişəki kimi gur idi. Polkovnik bundan ruhlandı, sıralarda tək-tük görünən yerli gəncləri bir-bir nəzərdən keçirib dedi:
-Yoldaş əsgərlər, xarici düşmənlər böyük vətənimiz Sovet İttifaqını məhv etmək üçün dəridən-qabıqdan çıxır, şanlı sovet ordusunun içərisinə ixtilaf salmaq istəyirlər. Lakin buna nail ola bilməyəcəklər. Biz həmişə möhkəm olmuşuq, möhkəm olaraq da qalacağıq. Bir neçə gün əvvəl Bakıda ekstremist ünsürlər hökuməti devirmək üçün üsyan qaldırmışlar. Xalq kömək üçün Moskvaya müraciət etmiş, Qızıl Ordunu Bakıya çağırmışdılar. Qüdrətli ordumuz ekstremistləri məhv edərək Azərbaycan xalqının azadlığını qorumuşdur.
-Yalandır, yoldaş polkovnik, bu məlumat düz deyil- Bəhruz qəfildən necə çığırdı, heç özü də bilmədi, sonra sözünə davam etdi- ruslar silahsız nümayişçiləri öldürüblər, azadlıq istəyən dinc adamları. Vaxt gələcək, həqiqəti hamı biləcəkdir.
Polkovnik qəzəbindən qıpqırmızı qızardı. Təntiyərək boğula-boğula əmr etdi:
-Yoldaş əsgər, sənə beş günlük həbs elan edirəm- sonra Bəhruzun komandirinə müraciətlə- kapitan Zaytsev, əsgərlərin təlim-tərbiyəsi ilə pis məşğul olursunuz, sizə axırıncı xəbərdarlıq elan edirəm-dedi.
Erkən səhər telefon zəngindən evdəkilərin hamısı diksindi. Hərbi hissədən zəng vurmuşdular. Allahverdi kişini hissəyə dəvət edirdilər.
Polkovnik Borisov Allahverdi kişi ilə mümkün qədər nəzakət və ehtiramla danışmağa çalışırdı:
-Oğlunuz tərbiyəli, cəsarətli, qoçaq uşaqdır. Ondan elə bir ciddi narazılığımız yoxdur. Ancaq bir az dikbaşlığı var. Böyük-kiçik saymır, özündən böyüyün üzünə ağ olur. Düzdür, cavandır, hələ hər şeyi tam analmır, vaxt ötdükcə özü hər şeyi başa düşəcək. Hər halda bu cür xasiyyət onun başına çox bəlalar gətirə bilər. Axı, sizin millət həmişə öz yüksək mədəniyyəti ilə seçilib, böyüklərə, necə deyərlər, ağsaqqala hörmət göstərib. Yaxşı olar ki, bir ata kimi Bəhruza lazımi öyüd-nəsihət verəsiniz.
Allahvedi kişinin gözü polkovnikdə olsa da fikri oğlunun yanında idi. O, Borisovun imperiya nümayəndəsi kimi rolunu aydın başa düşürdü. Üstəlik, bunu da bilirdi ki, hakim millətin silahlı qüvvələrinin zabitləri ilə zarafat etmək olmaz. Onlardan nə əclaflıq desən gözləmək olar. Buna görə polkovniklə məsələni qəlizləşdirmək istəmədi. Əslində isə Allahverdi kişinin ürəyində qəzəb və nifrət cövlan edirdi. Həmin günlər Bakı qırğınının şahidi olan bütün türklərin halı bu cür idi. Buna baxmayaraq, Allahverdi kişi özünü toplayıb, polkovnikə onu vaxtında çağırtdığına və səmimi söhbətinə görə təşəkkür etdi. Sonra oğlu ilə görüşmək arzusunda olduğunu bildirdi.
-O-o-o, əlbəttə, sizinçün hər cür şərait yaradacağam ki, oğlunuzla ətraflı söhbət edə biləsiniz- polkovnik özünü üzügülər və qayğılı göstərərək dedi. Dərhal Bəhruzun qauptvaxtdan çıxarılıb ayrıca otaqda yerləşdirilməsi barədə göstəriş verdi. Onun üçün bu saat hərbi intizamdan çox Moskvanın yerlərdəki əvvəlki nüfuzunu qoruyub saxlamaq daha vacib idi.
Ata-oğula ikinəfərlik otaq ayırmışdılar. Söhbətləri uzun çəkdiyindən Allahverdi kişi gecəni orada qalmalı oldu. Bəhruz atası ilə kəskin danışmasa da heç cür ipə-sapa yatmırdı. Nəyin hesabına olursa olsun haqlı olduğunu atasına sübut etməyə çalışırdı.
Allahverdi kişi oğlunun fikirləri əleyhinə bir söz demir, yalnız atalıq instinkti ilə himayədarlıq və övladını xata-baladan hifz etmək üçün öyüd-nəsihət verirdi.
-Tamamilə haqlısan, düz deyirsən, Moskvaya bel bağlamaq olmaz. Ümumiyyətlə, şimaldan bizə nicat yoxdur. Amma bu o demək deyildir ki, açıqdan-açığa rusları söymək lazımdır. Bu çox təhlükəlidir. Sənin başına nə oyun desən açarlar. Başa düşdüyün şeyi o saat dilinə gətirmə - deyən ataya oğlunun təhlükəsizliyindən başqa heç nə lazım deyildi.
-Bütün bunları mən də anlayıram-Bəhruz qızğınlıqla izah edirdi,-88-ci ilin noyabr mitinqlərindən üzü bəri çox hadisələr gözümün qabağında baş veib. Populistləri də görmüşəm, iş görənləri də. Amma biirncilər ikinciləri üstələyir. Özü də çox üstələyir. Üstəlik, iş görənlər hələ baxır nə iş görür?! Azadlıq mübarizəsi aparır, yoxsa ki, kimin üçünsə vəzifə davası edir?! Tək bunları anlamağın özü də azdır. Həqiqi mənada vuruşmaq, çarpışmaq gərəkdir. Hər kəs əlindən gələni etməsə biz məhv olarıq...bir millət kimi.
-Nə deyim, ay oğul?! Danışmağına sözüm yoxdur, düz danışırsan. Di gəl ki, zamana xarab olub. Qorxuram başına bir iş gələ. Yoxsa ki, mən də istəyirəm ki, cavanlarımız içi sən qarışıq qalxsınlar ayağa, torpaq, xalq uğrunda əllərinə silah götürsünlər.
-De Quran haqqı!
-Qurana and olsun düz sözümdü!
Səhərisi Allahverdi kişi Bakıya fikir-xəyal içərisində qayıtdı. Dünya görmüş adamıydı, bilirdi ki, bu işlərin axırı yaxşı qurtarmayacaq. Çünki Bəhruz dinc oturan deyildi. Arxasında duran olmadığından isə onu göz-görəti məhv edirdilər. Bütün bu çalpaşıq fikirlər Allahverdi kişini rahat buraxmırdı. Amma evdə məsələni çox ağartmadı. Onsuz da səksəkədə olan arvad-uşağın nigarançılığını artırmaq istəmədi.
Bir həftə sonra Bakıya təcili xəbər gəldi ki, Bəhruzu yenə də qaputvaxta salıblar. Allahverdi kişi özünü başıalovlu hərbi hissəyə çatdırdı. Milli münaqişə zəminində bir neçə rus əsgərini möhkəm əzişdirdiyinə görə Bəhruzu cəzalandırmaq istəmişdilər. Lakin Abbasov familiyalı bir zabit çox çətinliklə Bəhruzun haqlı olduğunu sübuta yetirərək onun həbsdən azad edilməsinə nail olmuşdu. Allahverdi kişi həmin zabiti nə qədər soraqladısa, tapa bilmədi. Amma onun kişi hərəkəti oğlu sarıdan ürəyinə toxtaqlıq verdi. Kişidə elə bir inam yarandı ki, sanki oğlunun başı üzərində onu xata-baladan hifz edən hansısa ilahi bir qüvvə hərlənir. Bəlkə də bu, Bəhruzu öz yolundan döndərə bilməmək əlacsızlığından və vətənpərvər ata kimi yurdun dar günündə övladını gözlənilən təhlükələrdən çəkindirməyə cəsarət etməməkdən doğan özünətəskinlik inamı idi. Hər halda bu hadisədən sonra Allahverdi kişiyə Bəhruzun başına gələcək hadisələrin labüdlüyü fikri aşılanmışdı. Və o, bütün bunlardan sanki heç narahat olmamalı idi.
Bir neçə ay sonra gözlənilmədən Bəhruzun xidmət yerini dəyişərək onu Gəncədəki hərbi hissəyə göndərdilər. Bu, polkovnik Borisovun əməli idi. Gəncə şəhəri Ermənistanla sərhədə yaxın idi və “şuluq” adamlara qaynar nöqtələrdə daha asanlıqla qulaqburması vermək sahəsində polkovnikin zəngin təcrübəsi vardı. Allahverdi kişiyə də gün kimi aydın idi ki, Bəhruzu Gəncəyə niyə göndəriblər. Gədəbəydən Qazaxa qədər Ermənistanla sərhəd boyunca 150 kilometrlik məsafədə hər gün atışmalar baş verir, adamlar həlak olurdular. Əgər ermənilər tərəfdən rusların hərbi bazalarında yerləşmiş nizami ordu atəş açırdısa, Azərbaycan tərəfdən tək-tük avtomat və tüfənglərlə silahlanmış pərakəndə özüünmüdafiə dəstələri fəallıq göstərirdi. Xalqın ayağa qalxaraq mütəşəkkil mübarizəyə başlamasının qarşısını almaq üçün Moskva DTK-sı Azərbaycanın özünümüdafiə dəstələrinə öz agentlərini soxuşdurur, qoçaq və bacarıqlı döyüşçüləri, erməni-türk münaqişəsində imperiyanın oynadığı rolun mahiyyətini aydın dərk edənləri arxadan vurmaqla aradan götürürdülər. Buna görə də Allahverdi kişi oğluna hər adama inanmamağı dönə-dönə tapşırırdı.
Bəhruzun Gəncəyə göndərildiyi bir həftə olardı. Şam yeməyi digər əsgərlər üçün adi qaydada keçsə də, Bəhruz və onunla oturan bir neçə türkün həyəcanı gözlərindən oxunurdu. Rota komandiri Rüstəm bunu sezdiyindən cavanlara yaxınlaşdı:
-Hə uşaqlar, nə deyirsiniz bu axşam güləşəcəyik? Görək, bu təzə gələn “əjdəha”nın cavabını kim verə biləcək?- deyə o, Bəhruzu göstərdi.
Kapitanın səmimiyyətinə şübhə yox idi, lakin bu, əsgərləri diksindirdi. Birinci Bəhruz dilləndi:
-Komandir, bu gün yaman yorulmuşuq, xahiş edirəm, güləşi sabaha saxlayaq.
-Nə olar, qalsın sabaha, bəs, bu axşam nə edəcəksiniz?
-hı...Bəhruz duruxdu və cəld özündən quraşdırdı- heç nə, bəlkə leytenant Petrovla bir az söhbətləşdik. Petrov Bakını görməyib, istəyir ki, ona şəhər haqqında danışım. Kapitan istehza ilə gülümsündü. “Ay məni aldatdın ha!”-düşündü. O, leytenant Petrovu yaxşı tanıyırdı və yaxşı bilirdi ki, leytenant iş üçün dəfələrlə Bakıya gedib. Üstəlik, hərbi hissənin silah anbarının açarı Petrovun tabeliyində idi.
-Yaxşı, işinizdə olun- deyə, kapitan uzaqlaşdı.
-Yaxşı başımızdan elədik- Bəhruz astadan qımışdı. Sonra uşaqlardan soruşdu:
-Bu qıyıqgöz kapitan özbəkdir?
-Yox- Arif cəld dilləndi, -qazaxdır. Deyirlər, rusları görən gözü yoxdur.
-Ona hələ baxarıq-Bəhruz qaşlarını çataraq bildirdi.
Uşaqların leytenant Petrovla söhbətləri pis keçmədi. Azərbaycan xalqının səxavəti və ermənilərə “qan uddurmaları” sağlığına kalan vuran leytenantı kazarmaya az qala sürüyə-sürüyə gətirdilər. Əvəzində isə yerli özünümüdafiə dəstələrinə üç avtomat silah, iki yeşik patron, bir neçə əl qumbarası ötürüldü. Bəhruz işlərindən xeyli məmnun qalmışdı. Qısa müddətdə yerli özünümüdafiə dəstələri ilə əlaqə yaratması və onların işinə yaraması ürəyincə idi. Bu axşamkı iş onun üçün ilk sınaq kimi yadda qalacaqdı. Hiss edirdi ki, ona hələ isinişməyiblər, tam etibar eləmirlər. Başa düşürdü ki, qarşılıqlı etibarın yaranması üçün vaxt lazımdır. Lakin onu da anlayırdı ki, etibar işdə yaranır. Buna görə də hər bir məsələnin həllində fikir yürütməkdən çox icra etməkdə özünü irəli verir, ağır və çətin anlarda qabağa durmaq üçün inadcıllıq göstərirdi.
Əsgərlik həyatının bir neçə ayı arxada qalmışdı. Bəhruz hissənin nümunəvi əsgərlərindən idi. O, hərbi biliklərə səylə yiyələnir, təlimlərə ciddi yanaşır, atıcılığı dərindən öyrənirdi. Hərbi savadını artırdıqca özünü daha inamlı və güclü hiss edirdi. Getdikcə onda olan kəşfiyyatçı istedadı da özünü büruzə verirdi. Hissədə komandirlərlə xoş münasibət saxlayan Bəhruz şəhərə çıxmaq bəhanəsilə icazə alır, özünümüdafiə dəstələrinə qoşulub gecə reydlərində iştirak edirdi. O, təhlükəli oyun oynadığını dərk edərək şüurlu surətdə buna gedirdi. Bu onun iradəsinin tələbi idi və iradəsinin əksinə getməyi ağlına da gətirmirdi. Çünki o, yalnız gecə reydlərində əlində silah cəsur dostları ilə birlikdə düşmən üzərinə gedən zaman ürəyində rahatlıq tapırdı.
Bir dəfə Bəhruz gecə reydinə çıxmaq üçün hissədən gedəndə kapitan Rüstəm onun qabağını kəsdi:
-Sıravi Nuriyev, hara belə?
-Şəhəri gəzməyə çıxıram, yoldaş kapitan.
-Xalqın bu ağır günündə gəzmək vaxtıdır?- Rüstəmin sınayıcı baxışları onun ürəyindəkiləri Bəhruza anlatdı.
Ancaq o, geri çəkilmədi:
-İmperiya nökərləri imkan versələr, xalqı ağır gündən çıxarmağı bacaran oğullar çoxdur. Amma çox təəssüf ki, eyni millətdən olan qardaşlar da bir-birlərinə həyan durmurlar.
-Kimin bostanına daş atırsan, dost? Yoxsa elə bilirsən bu cür açıq-saçığlığına görə sənin başını sığallayacaqlar?
Bəhruz hövsələsizliklə başını yellədi. Rüstəm rus olsa idi, bu sayaq danışıq onun eyninə olmazdı. Ancaq hər hansı bir türklə öz xalqı haqqında fikir yürütmək onun mənliyini təhqir etmək idi. Çünki Bəhruzun düşüncəsinə görə hər bir türk şüuru və əməli ilə xalq üçün çalışmalıydı, daha söz ilə yox. Buna görə də nəzakətlə dedi:
-Üzr istəyirəm, yoldaş kapitan, mən mayor Petrovdan icazə almışam, getməliyəm- deyə, rəsmi icazə vərəqəsini Rüstəmə götərdi.
-Çox yaxşı, ancaq iki saatdan sonra qayıdarsan hissəyə, axşam öz çarpayında yatırsan. Oldu?
-Mənim...
-Səbr elə, dost, axıradək qulaq as, yalnız bu axşam getmə, öz yerində ol. Uşaqları da xəbərdar et, çuğulçuluq edən var. İmperiya dediyin kəhkəşanın axırına isə az qalıb, gözümüz qabağında yıxılır. Bir də... unutma ki, mən türkəm. “Türkün türkdən başqa dostu yoxdur” kəlamı rəmzi olsa da zamanın sınağından çıxmışdır.
Elə bil Bəhruza dünyanı verdilər. Sağollaşıb ilk dəfə Rüstəmə “qardaş” deyə müraciət etdi. Bu söhbətdən sonra Rüstəmlə dostlaşan Bəhruz özünü ən arxalı adam sayırdı.
90-cı ilin qızılı payız günləri başlanmışdı. Neçə gün idi ki, ermənilər Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərini, Qazaxın, Ağstafanın sərhəd yaşayış məntəqələrini toplardan və minaatanlardan atəşə tuturdular. Camaat arasında ölən, yaralanan vardı. Ermənistan tərəfdən atılan mərmilər tez-tez hədəfə dəyirdi. Çünki, əslində atıcılar təcrübəli rus hərbiçiləri idi. Azərbaycan tərəf güc-bəla ilə bir neçə top əldə etsə də, özünümüdafiə dəstələrində peşəkar hərbiçilər olmadığından, dünənə qədər yer əkib becərən döyüşçülərin atəşləri o qədər də sərrast olmurdu. Həmin vaxtlar xalqın dərdli günlərinin sorağı tez yayılırdı. Bəhruz bu xəbəri eşidəndə dözə bilmədi. Tovuzlu uşaqlarla əlaqə yaradıb, ertəsi gün icazəsiz-filansız Əlibəyliyə yollandı. Kəndə çatanda atışma gedirdi. Bəhruz qorxu-hürkü bilmədən birbaşa topçulara yanaşdı. Qısa söhbətdən sonra topdan atəş açmaq üçün ona icazə verdilər. O, ilk dəfə idi ki, döyüş vaxtı topdan atəş açırdı. Təlim zamanı asan olurdu: sakitcə, tələsmədən hədəfi nişan alıb atırdın. Bilirdin ki, cansız əşyanı məhv edirsən. Ancaq indi qarşında səni tikə-tikə etməyə hazır olan düşmən durmuşdu. Onun idarə etdiyi topun lüləsi sənə tuşlanıbdır. Bircə an geciksən və səhv etsən sən özün məhv olacaqsan.
Bəhruz koordinatları diqqətlə müəyyənləşdirdi. O, mümkün qədər cəld və səliqəli işləyirdi. Məqsədinə çatmaq üçün bütün bacarığını sərf edirdi. Döyüş zamanı onun gözünə məhv edilməli olan məkrli və hiyləgər düşməndən savayı heç nə görünmürdü. Döyüşçü kimi onun bir məharəti də düşməni məhv etmək bacarığı idi. Həm də həmin anda o amansızlaşdı. Ancaq hərdən düşmənin insan olduğunu, onun da köksündə ürək döyündüyünü düşünəndə Bəhruzda təəssüf hissi baş qaldırır, qəlbində insanlığa nifrət oyanırdı. O, belə hissləri qəlbində dondururdu. Dərk edirdi ki, insanlıq bəşəri meyardır və onun qiymətini ayrı-ayrı millətlərin, etnik qrupların, yaxud şəxslərin mənfurluğu ilə ölçmək olmaz.
Bəhruz nişangahı nizamlayıb bir neçə addım geri çəkildi. Gözlərini top lüləsinin uzandığı səmtə zilləyib, təmkinlə əmr verdi: Atəş: Topun guruldamağı ilə hardasa uzaqda, amma gözlə görünən məsafədə görünən toz dumanının göyə bülənd olması bir anın içərisində baş verdi. Durbinlə düşmən postunu müşahidə edən orta yaşlı döyüşçü dönüb heyrətlə Bəhruza baxdı:
-Düz ürəyinə vurdun, bacıoğlu! -dedi.
Bəhruz hissəyə iki gün sonra qayıtdı. Ancaq qayıtmağı ilə qaputvaxta salınmağı bir oldu. Vəziyyət ağır idi. İki gün əvvəl Əlibəyli kəndi istiqamətindən açılan top atəşilə Ermənistan ərazisində bir tank vurulub məhv edilmiş, tankın içərisində olan rus hərbiçilərindən bir zabit və iki əsgər ölmüşdü. Məsələdən yüksək rütbəli zabitlər hali idilər. Diviziya komandiri, general Formilov hadisələri soyuqqanlı qarşılasa da, bu dəfə yerlilərə “qulaqburması” verməyi qərara almışdı. General hiyləgər və xeyrini bilən adam idi. O, imperiyanın dağıldığını aydın görür, buna görə özünün də nə vaxtsa imperiya əsgəri kimi etdiyi günahlarla üzbəsurət qalacağını bilirdi. Nəzarətsizliyin və özbaşınalığın hökm sürdüyü şəraitdə general yükünü tutmağı da unutmurdu. O, rüşvətxorluğu ilə məşhurlaşmışdı və zabitlər arasında hər hansı iş üçün rüşvətin miqdarı barədə fikirləşəndə “Formilovdan soruş” ifadəsi məhz generala aid idi. Amma hərdən generalın damarlarında velikoris şovinizmi tüğyan edəndə o, öz hirsini yerlilərdən kimisə cəzalandırmaqla soyudurdu. Bu dəfə kirinə Bəhruz keçmişdi. Özü də sanballı faktla. Onsuz da bu gənc haqqında verilən gizli məlumatda onun aradan götürülməsi məsləhət görülürdü. Sadəcə müvafiq məqam gözlənilirdi ki, bu da gəlmişdi. Hələlik generalın fikri “hissəni özbaşına tərk etdiyi və hərbi andı pozduğuna” görə Bəhruzu tribunala vermək idi.
Gecə Arif nəzarətçini ələ alaraq birtəhər Bəhruzun yanına girdi. İki gün idi ki, bir-birlərindən xəbərləri yox idi. Dostlar qucaqlaşıb, görüşdülər. Cəmi üç dəqiqə vaxtları vardı. Buna görə Arif tələsik sözünü dedi:
-Uşaqlar yaman narahatdırlar. Səni qurtarmaq üçün yollar arayırlar, hətta Gəncə varlılarına müraciət ediblər. Camaat pul toplayıb verməyə hazırdır. Müvafiq adam axtarırlar.
-Uşaqlara de ki, kapitan Rüstəmə yaxınlaşsınlar, o, bunların him-cimlərinə yaxşı bələddir- Bəhruz təmkinini pozmadan sakitcə məsləhət gördü.
-Qazax Rüstəmi deyirsən?
-Qazax demə, türk de. Onun imkanı olsa mütləq kömək edəcək.
General ciddi cəm-xəm eləsə də Rüstəm onu yerlilərlə görüşə razı sala bildi. Gəncəlilər rus zabitlərinin incə damarlarını gözəl bildiklərindən Formilovla görüşə əli dolu, yemək-içməklə gəldilər. Bahalı “Kəpəz” konyakını vurandan və “hərbçi ailəsinə maddi kömək” söhbəti ortaya çıxandan sonra isə general lap muma döndü. Lakin “sözünün” üstündə möhkəm duraraq iki milyon manatdan bir qəpik də aşağı düşmədi.
Gəncəlilərin köməyi və səxavəti sayəsində xata Bəhruzdan sovuşdu. Rüstəm düşünürdü ki, bu hadisədən sonra Bəhruz bir qədər geri çəkilər, bir müddət özünümüdafiə dəstələrindən gen gəzər. Ancaq gözlədiyinin əksi oldu. Bir neçə gün sonra Bəhruz özü ona yaxınlaşdı:
-Salam, qardaş! Çox sağ ol, mənə böyük kömək elədin. Doğrudan da deyəsən, bu bu dünyada türkün türkdən başqa dostu yoxdur.
-Salam dost, bu kəlamın tarixi mənası olsa da türkün dünyada dostları çoxdur. Yaxşı, indi nə fikirləşirsən?
-Eh... fikirləşirəm ki, nə təhər eləyim, aradan çıxım, torpağı ermənilərdən təmizləməyə gedim.
-Torpaq uğrunda mübarizə üçün inadcıllıq gözəl xüsusiyyətdir. Amma özünü də düşünməlisən. Sən ki, rusları tanıyırsan! Alçaq bir xəyanətin qurbanı olarsan.
-Qardaş, Bakıda mənim rus dostlarım çoxdur, hamsı da yaxşı insanlardır.
-Sadə xalq ayrı, onun bu işə qarışacağı yoxdur. Söhbət imperiyanı qoruyanlardan, bu siyasəti yeridənlərdən, onların qulluqçularından gedir. Hələ yerli nökərləri demirəm, türk nökərləri.
-Bunları yavaş-yavaş mən də anlayıram. Ancaq qəti bilirəm ki, vuruşmasaq, bir nəfər kimi ayağa qalxmasaq nəslimizi-kökümüzü kəsəcəklər. Qəti deyirəm, bilsəm ki, tikə-tikə doğrayacaqlar, tonqalda yandıracaqlar, ya nə bilim, nə edəcəklər, yenə də vuruşacağam. Türklərin bir yaxşı sözü də var: torpaq uğrunda ölən varsa, vətəndir. Ölsəm, vətən uğrunda öləcəyəm. Mən bilən bundan şərəfli ölüm yoxdur. Bir də ki, Bəhruz gülümsündü-axı, heç çəm ölməyə hazırlaşmıram!
-Bu nə sözdür, dost, heç səni ölməyə qoymarıq da. Raport yazıb, səni öz rotama keçirəcəyəm. Deyəsən, mühafizənlə şəxsən məşğul olacağam- Rüstəm yarı zarafat, yarı ciddi dedi.
Rüstəmin rotasına keçəndən sonra Bəhruz deyirdi ki, həyatının şah dövrü başlayıb. Çünki, istədiyi vaxt özünümüdafiə dəstələrinə qoşulur, camaatı erməni hücumlarından qoruyurdu.
Bir axşam Arif xəbər gətirdi ki, vəziyyət yenə gərginləşib, uşaqlar səni gözləyir. Bəhruz tez Rüstəmi axtarıb tapdı.
-Komandir, iş var, mən getməliyəm- deyə icazə istədi.
-Hara gedirsən- Rüstəm təəccübləndi- dünən məşqdə ayağın burxulmadı?Bu vəziyyətdə nə edə biləcəksən?
-Getməliyəm, komandir, uşaqlar xəbər göndərib, vəziyyət ağırdır. Mütləq getməliyəm.
Rüstəm narazılıqla başını yırğaladı:
-Yaxşı, get, ancaq özündən muğayat ol. Çox da qabağa durma, ayağın səni darda qoyar.
Bəhruz şəhərə çıxıb dostu Kamalı tapdı. Kamalla danışıb, onun maşınında Əlibəyli kəndinə gəldi. Özünümüdafiə dəstəsinin fəal üzvlərindən olan Yusif qonşu Ağdam kəndinə köməyə getməyə hazırlaşırdı.
Kamalla danışıb, onun maşınında Əlibəyli kəndinə gəldi. Özünümüdafiə dəstəsinin fəal üzvlərindən olan Yusif qonşu Ağdam kəndinə köməyə getməyə hazırlaşırdı. Bəhruz dərhal ona qoşuldu.
Onlar kəndə çatanda top atəşlərindən yanıb külə dönmüş evlərin, ağacların tüstüsü, qoxusu hələ çəkilməmişdi. Döyüşçülərə Rasim adlı şəxs rəhbərlik edirdi. Bəhruz dərhal qumbaraatanı götürüb çiyninə aşırdı.
-Bu mənim- dedi, bununla qor-qoduğa yaxşıca dərs vermək olar.
Qumbaraatanla döyüşmək Bəhruzu həmişə həyəcnlandırırdı. Bu silahı səmərəli işlətmək üçün açıq döyüşə girməliydin. Düşmənlə üzbəüz döyüş isə Bəhruzun xarakterinə uyğun idi.
Komandir döyüşçülərə tapşırıq verdi. Sonra adət etdikləri cərgə ilə düşmən yuvasına doğru irəlilədilər. Erməni olacağına yaxınlaşıb, böyük bir ağaclıqda mövqe tutdular. Bu vaxt yeddi nəfər erməni əsgəri hərbi maşında yaşayış məntəqəsinə girdilər. Bəhruz dərhal komandirə yaxınlaşdı, səsini boğaraq dedi:
-Komandir, icazə ver, düşməni maşını ilə birgə məhv edim. Öhdələrindən təkbaşına gələrəm-deyə qumbaratanı göstərdi.
Rasim razılıq vermədi:
-Yox, tələsmə, qayıdanbaş özlərini öldürər, maşını qənimət götürərik.
Komandirin planını hamı bəyəndi. Dəstə düşmən səngərinə doğru bir az da irəliləyib, pusquda dayandı. Təxminən iki saatdan sonra ermənilər yenidən maşına doluşdular. Rasim dərhal göstəriş verdi:
-Otuz metrlik məsafəyə qədər buraxın. Təxminən...-o, əlini irəli uzatdı-qoz ağacına çatanda atəş açarıq. Biri də salamat qalmamalıdır. Bəhruz, qumbaraatanı hazır saxla, gördün əkilirlər, atəş aç. Oldu?!
-Oldu, yoldaş komandir-deyə hər kəs yerində hazır dayandı.
Lakin gözlənildiyinin əksinə olaraq maşın tamam başqa istiqamətə yön aldı. Hamı dilxor oldu. Bəhruz isə hirsindən bilmirdi nə etsin. O, təzədən Rasimə yaxınlaşdı:
-Komandir, icazə ver onların dalınca gedim, kəsə yolla qabaqlarına çıxaram. Bu dığaları elə-belə buraxmaq olmaz.
-Yox, səbirli ol!-Rasim sakitcə dedi.
-Çox xahiş edirəm...-Bəhruz təkid etdi.
-Dedim ki, olmaz!-deyib, Rasim gözü ilə Yusifi axtardı. İşarə ilə onu yanına çağırıb, kənara çəkdi:
-Kimlərdəndir bu ürəkli oğlan, birinci dəfədir görürəm- soruşdu.
-Əsli Qarabağdandır, özü bakılıdır. Canlara dəyən oğlandır, qorxu-hürkü bilmir, ölümü isə saya salmır. Əlibəylidə neçə dəfə birlikdə döyüşə girmişik, həmişə özünü irəli verib, qabaq-qənşər döyüşür.
Rasim Bəhruzu yanına çağırdı:
-Silahını yoxla, ikimiz məntəqəyə girəcəyik. Erməni öldürməmiş geri dönən deyilik. –Mənim istədiyim də elə budur, yoldaş komandir-Bəhruz sevincini gizlədə bilmədi.
Silahlarını hazır saxlayıb düşmən yuvasına girdilər. Yaxınlıqdakı evdən yaman səs-küy gəlirdi. Ermənilər qonşu türk kəndindən çalıb-çapdıqlarından yeyib-içib kef çəkirdilər.
Bəhruz Rasimə pıçıldadı:
-Komandir, məni kənardan qoru, sakitcə girim içəri, hamısını cəhənnəmə vasil edim.
Rasim razılaşmadı.
-Yox, birlikdə gedəcəyik.
Həyətə girəndə qəfil bayıra çıxan erməni onları gördü. Əvvəl çaşdı, elə bildi özününkülərdir. Gülə-gülə irəli yeriyəndə birdən məsələni anladı:-Ara, türklər-qışqırıb geri qaçmaq istədi, ama macal tapmadı. Bəhruzun atəşilə od püskürən qumbara onun ortasından keçərək qapı-pəncərəni dağıtdı. Otaqdakı ermənilərdən neçəsi öldü, məlum olmadı. Dərhal atışma başladı. Heç demə qonşu evlərin zirzəmiləri ermənilərlə dolu imiş. Xaraktercə qorxaq olan ermənilər güllələri sağa-sola yağış kimi yağdırırdılar. Qüvvələr nisbəti onların xeyrinə idi. Bəhruz dalbadal atəş açır, irəli can atırdı. Lakin Rasim əmr verərək dəstəni geri çəkdi. Kəndə qayıdanda Bəhruz Yusifə dedi:
-Əsgərliyi qurtarandan sonra mütləq özüünmüdafiə dəstələrinə qoşulub torpağı qoruyacağam.
Beləcə günlər, aylar bir-birini yola verdi. Bəhruzun əsgərlik müddətinin sona çatmasına az qalmışdı. 1991-ci ilin payızı idi. Artıq SSRİ adlanan imperiya qismən rəsmi şəkildə dağılmışdı. Lakin çoxəsrlik imperiyanın ətalət gücü ilə cəmiyyətə təsiri davam edirdi. Xüsusilə hərbi hissələr Rusiyaya tabeçiliklərini qoruyub saxlayaraq hökmranlıqlarını yeridirdilər. Ancaq hər halda əvvəlki mif yox olmuşdu və təkəbbürlü rus təbəələri daha çox öz canlarının hayında idilər. General Formilov və on minlərlə onun kimilər Azərbaycanda xalqın qanı hesabına yığdıqları var-dövləti Rusiyaya daşımaq üçün əlləşirdilər.
Gəncədəki hərbi hissə də məhvərindən oyanmışdı. Hissənin Rusiyaya köçürülməsi barədə söz-söhbətlər genişlənirdi. Vaxt daraldıqca imperiya nökərlərinin vəhşiliyi artırdı. İgid türklərin satqıncasına arxadan vurulması halları çoxalmışdı. Bəhruzun başı üzərində təhlükə qanad çalırdı. Dostları nə illah edirdilərsə, Bəhruz “dinc” oturmur, Rusiyaya daşınan silahlardan özünümüdafiə dəstələrinə mümkün qədər çox ötürülməsinə çalışırdı. Ruslar onu iş başında yaxalaya bilmirdilər. Göstəriş isə verilmişdi: Bəhruzu “iş” başında görən kimi dərhal atəş açıb məhv etməli. Bu haqda Rüstəm də bilirdi. Hələ ki ruslar ona etibar edirdilər. Əlbəttə türk kimi yox, qazax kimi. Bu iki məhfumun eyniliyini isə, onlar heç ağıllarına da gətirmirdilər. Rüstəm gecə-gündüz Bəhruzu aradan çıxarmaq haqqında düşünürdü.
Bəhruz öz işində idi. O, axşama yaxın silahdaşlarını başına yığdı.
-Uşaqlar- dedi, bu əclaflar neftimizi, var-dövlətimizi talayaraq aparıb özlərinə top-tüfəng düzəldiblər. İndi də burda nə var hamısını Rusiyaya daşıyırlar. İstəyirlər bizi əliyalın qoysunlar. O tərəfdən də gecə-gündüz erməninin əlinə silah verib üstümüzə göndərirlər. Sabah düşmənə nə ilə cavab verəcəyik, heç özümüz də bilmirik. Deyəsən, Moskvadan göstəriş alıblar: bizə daha pulla da silah satmırlar. Bircə yol qalır: özümüz hücum edib silahı zorla almalıyıq.
Bəhruzun təklifi ilə onun da daxil olduğu beş nəfərlik əməliyyat qrupu seçildi. Uşaqların hamısı Bəhruz kimi karate ustası idi. Əməliyyat planı cızıldı. İş səssiz-küysüz yerinə yetirilməli idi. Bəhruzdan başqa qrupda daha iki nəfər əsgər vardı.
Silahın daşınmasına nəzarəti ruslar xeyli gücləndirmişdilər. Maşınlar anbarlarda zabirlərin müşayiəti ilə yüklənir, sonra nəzarətçi zabit və silahlı əsgərin mühafizəsi ilə aerodroma yollanır, oradan yük təyyarələrilə Rusiyaya göndərilirdi.
Əməliyyatın keçiriləcəyi gün 30 maşın silah yola salınmalıydı. Maşınlar bir-bir yüklənib anbardan çıxarılır, müəyyən edilmiş yerdə saxlanılaraq yola düşmək üçün əmr gözlənilirdi.
Sonuncu, otuzuncu maşın yüklənib hazır olan kimi kabinədə mürgü döyən zabit “banı bağlayın!” əmri ilə qışqırdı. Nədənsə arxadan cavab əvəzinə boğuq xırıltı gəldi. Zabit “donuz köpək uşağı” deyə onları söyüb hirslə aşağı düşdü. Elə bu an üzü maskalı bir nəfər onun üstünə atıldı. Aldığı zərbədən zabit huşunu itirib yıxıldı. Sürücünün də vəziyyəti eynilə belə oldu. Maşını yükləyən qalan üç nəfər əsgərin isə artıq əl-qolu sarınmışdı. Üzlərinə qara maska taxmış “basqınçılar” huşunu itirənlərin ağızlarına dəsmal tıxadılar, özlərini də sürüyüb zenit yoluna kəndirlədilər. Dərhal maskalarını çıxarıb maşında öz yerlərini tutdular. “Basqınçılar” Bəhruz və dostları idi. Bəhruz avtomatı götürüb maşının banına qalxdı. Yuxarıdan ətraf aydın görünürdü və lazım gəlsəydi o, döyüşə girəcəkdi. Onlar heç bir şübhə doğurmadan maşını lazımı yerə sürdülər. Otuzuncu maşının sıraya durduğunu görcək kolonun başçısı mayor Petuxov tərpənmək əmri verdi.
Şərti olaraq “Sonuncu maşın” adlandırılan əməliyyatın birinci hissəsi uğurla yerinə yetirilmişdi. Qalırdı ikinci, əsas məsələ: yolda maşını aradan çıxarmaq.
Darvazadan çıxanda Bəhruz diqqətlə ətrafı nəzərdən keçirdi. Təxminən 500 metr aralıda dayanmış ağ rəngli jiqulini görəndə gözləri güldü. Əməliyyat plan üzrə gedirdi. Yolun yarısına çatanda Bəhruz sezilmədən arxadan kabinəni taqqıldatdı. Sürücü bir balaca sürəti azaldaraq qabaqdakı maşını 50 metrə qədər irəli buraxdı. Bu vaxt arxadan gələn ağ rəngli jiquli otuzuncu maşını ötdü və qabağa keçəndən sonra arxa oturacaqda əyləşən şəxs bir neçə kağız topasını pəncərədən yolun ortasına atdı. Bürmələnmiş hər kağızın içərisində 5-6 santimertlik polad bizlər pərçimlənmiş diyircəklər vardı. Otuzuncu maşının sürücüsü bütün məharətini toplayaraq təkərləri bürmələnmiş kağızlara doğru yönəltdi. Bir an sonra sağ tərəfdən qabaq təkər fısıltı ilə boşaldı və maşın sağa əyildi. Jiqulu sürətini artırıb gözdən itdi. Otuzuncu maşın isə bir az irəliləyib dayandı və dəstədən xeyli aralandı. Bundan xəbər tutan mayor Petuxov dayanmaq əmri verdi. O, əvvəl diqqətlə ətrafa baxdı. Gözünə şübhəli heç nə görsənmədi. Sonra otuzuncu maşına yaxınlaşdı:-nə baş verib, leytenant?-soruşdu.
-Maşının təkərinə mıx batıb, yoldaş mayor- deyə Bəhruzun anbarda vurub uydurduğu zabitin paqonlarını taxmış əsgər cavab verdi. Sonra mayoru arxayın etmək məqsədilə:- Ən geci on beş dəqiqəyə təkəri dəyişdirəcəyik-dedi.
Dəstəni yolda saxlamağa mayorun ixtiyarı yox idi. Buna görə əsəbi halda əmr etdi:
-Sizə 8 dəqiqə vaxt verirəm, cəld olun. Ehtiyatı əldən verməyin, yükə başınızla cavabdehsiniz. Şübhəli adamlara atəş açmaqdan çəkinməyin.
-Oldu, yoldaş mayor, 8 dəqiqəyə yola düşəcəyik.
Dəstə yoluna davam etdi. Otuzuncu maşın əmr verildiyi kimi düz səkkiz dəqiqədən sonra yola düzəldi. Ancaq bir az getmiş magistral yoldan çıxaraq sağa buruldu, dağlara sarı yön aldı. Hacıkənd meşələrində onları özünümüdafiə dəstəsinin döyüşçüləri gözləyirdilər.
Bəhruz maşını dostlarına təhvil verən kimi xidməti paltarını geyinib, hissəyə qayıtdı. Artıq hissədə fövqəladə vəziyyət elan edilmişdi. Lakin bu, yalnız verilən əmrdə idi. Çünki, dağılan orduda nizam-intizam tamam pozulmuşdu. Həmin axşam Moskva televiziyası Azərbaycan rus hərbiçilərinə və onların ailələrinə quldur basqınları barədə böhtan və təhdidlə dolu xəbərlər verdi.
Rüstəm görürdü ki, daha Bəhruzun öhdəsindən gələ bilmir. Xidmətin sonu yaxınlaşdıqca Bəhruz daha inadcıl və cəsarətli hərəkət edirdi. Rüstəm vacib işi olmasını bəhanə gətirərək Bəhruzu birtəhər razı salıb, onunla birlikdə Bakıya yola düşdü.
Allahverdi kişi şam yeməyini yenicə qurtarmışdı ki, qapının zəngi çalındı. Adəti üzrə axşamlar qapını özü açdığından ayağa durdu. Qapıda idman paltarı geyinmiş bir gənc dayanmışdı. O, rusca danışırdı:
-Salam, axşamınız xeyir!
-Axşamınız xeyir!
Gənc öz evi kimi içəri girdi. Birdən nəyisə xatırlamış tək gülümsünüb:
-Hə, mən Bəhruzun rota komandiriyəm, adım Rüstəmdir.
-Ay xoş gəlib, səfa gətirmisən-Allahverdi kişi gülə-gülə Rüstəmi qucaqladı. Ancaq qəfil ağlına gələn müdhiş fikirdən rəngi ağappaq ağardı. Özünü toplayıb, Rüstəmə güclə “içəri keç” deyə bildi. Onun bu halını Rüstəm o saat duydu. Dərhal qapıdan bayıra boylanıb:
-Bəhruz!-deyə çağırdı.
-Gəlirəm-aşağıda qonşularla görüşən oğlunun kişiləşmiş səsini eşidən Allahverdi kişinin rəngi-rufu üstünə gəldi. Şadlıq içində:
-Nadiyə, ay Nadiyə-çağırdı, bəri dur, Bəhruz gəlib.
-Ata-oğul qucaqlaşdılar. Nadiyə isə balasını duz kimi yaladı. Ana sevincindən nə edəcəyini bilmirdi. Elə hey “sənə gələn qada-bala mənə gəlsin, ay oğul” deyirdi.
Yolda Bəhruz Rüstəmdən qəti xahiş eləmişdi ki, Gəncə hadisələri barədə valideynlərinə bir kəlmə də söz deməsin. Rüstəm razılaşmışdı. Ancaq bildirmişdi ki, atasının yanında Bəhruza bir neçə kəlmə söz deyəcək. Buna görə də gəldiklərinin ertəsi günü üçlükdə söhbət zamanı Rüstəm Gəncədəki hərbi hissənin vəziyyəti barədə söz açdı. Rus zabitlərinin işləklərindən, yerli camaata bəslədikləri münasibətdən ətraflı danışdı. Sözünün axırında dedi:
-Bəhruzun orada qalması təhlükəlidir. Zabitər bu saat quduz it kimidirlər. İmperiyanın süqutundan sonra orduda başıpozuqluq artıb. Törətdikləri cinayətləri ört-basdır etmək üçün ağıllarına gələn hər şeyi edirlər. Bəhruzun adı çoxdan onların siyahısındadır. Xoş təsadüfdən indiyədək ona xətər yetirə bilməyiblər.
-Xoş təsadüf niyə? Nə üçün demirsən ki, məni həmişə onlardan qorumusan?
-Yaxşı, yaxşı, sənə demişəm ki, mən yalnız borcumu yerinə yetirirəm. Bu gün də mən bir türk və müsəlman kimi borcumu yerinə yetirərək Bəhruzu sağ-salamat sizə təhvil verirəm. Ondan muğayat olun, heç yana buraxmayın. Əsgərliyini qurtarmağına lap az qalıb. İki aydan sonra Gəncəyə gəlib sənədlərini məndən alarsınız.
Bəhruz həyəcandan ayağa qalxdı:
-Yox, yox, sən nə danışırsan, mən heç cür qala bilmərəm, uşaqlar məni gözləyir.
Allahverdi kişi söhbətin məğzini tam anlamırdı. Axı, Bəhruzun hərbi hissə ilə nə şərikli malı vardı ki, bölə bilmirdilər.
-Ay oğul, bir məni başa sal görüm, Bəhruz hansı günahın sahibidir-o, sualını Rüstəmə verdi.
Mən söz vermişdim ki, danışmayacağam, ancaq deyəsən sözümün üstündə dura bilməyəcəyəm-deyə, Rüstəm olub-keçənləri olduğu kimi Allahverdi kişiyə danışdı.
Allahverdi kişi nə qərara gələcəyini kəsdirmirdi. Bircə onu anlayırdı ki, oğluna nə qal, nə də get deyə biləcəkdi. Hər şey Bəhruzun özündən aslı idi.
Ertəsi gün Rüstəm yola düşdü. Ondan bir neçə gün sonra Bəhruz da dözməyib Gəncəyə qayıtdı. Üstündən iki ay keçəndən sonra isə tovuzlu özünümüdafiə döyüşçüləri ağ jiqulidə Bəhruzu deyə-gülə evlərinə gətirdilər. Allahverdi kişi oğlunun “bəlalı” günlərinin qurtarması fikri ilə rahat nəfəs aldı.
1992-ci ilin aprelinədək ailə sanki qayğısız dövran sürürdü. Əslində isə bütün xalq kimi hamı gərginlik içərisində yaşayırdı. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü gündən-günə genişlənirdi. Qarabağın dağlıq hissəsinin əksər yaşayış məntəqələrini düşmən zəbt etmişdi. Fevral ayının 26-da XX əsrin görünməmiş vəhşiliklərindən biri törəndi: birləşmiş erməni-rus qoşunu gecə yarısı qəflətən hücum edərək Xocalı yaşayış məntəqəsini xaraba qoydular, dinc əhalini zirehli maşınların qabağına qatıb gülləbaran etdilər. Faciənin ağrılı dəhşətləri, imperiyanın genosid siyasəti xalqı dərd içində yandırırdı.
Həmin günlər erməni neofaşistlərinə müqavimət göstərmək üçün Azərbaycan milli ordusunun yarandığı vaxt idi. Lakin xarici kəşfiyyatlar, rus imperiyasına və yerli mafiyalara xidmət edən bir sıra siyasi qüvvələr ordunun yaradılmasına mane olur, ayrı –ayrı döyüşən dəstələr yaradaraq ümumi ahəngi pozur, öz məqsədlərinə çatmaq üçün ölkədə pərakəndəlik, hərc-mərclik və qalmaqal salırdılar. Bütün bunlara baxmayaraq mənən sağlam qüvvələr malik olduqları güc müqabilində ölkənin başı üzərini bürümüş qara buludları dağıtmaq üçün mübarizə aparır, bu yolda gah uğur qazanır, gah da uğursuzluğa düçar olurdu.
Aprel ayında Bakıda yeni təşəkkül tapan Milli Ordunun tərkibində 772 nömrəli könüllü beynəlmiləl batalyon yaradıldı. Təşkilatçı kimi ştamp zavodunun işçisi Vladimir Malinov fəallıq göstərirdi. Bəhruz bu barədə eşidəndə dərhal arayıb-axtarıb ünvanı tapdı və heç kimə bildirmədən batalyona yazıldı. Döyüşlərdə düşüb-çıxdığı çətinliklər, gördüyü dəhşətlər onu daha ciddi və sərt etmiş, həm də kişi kimi yetişdirərək müstəqil həyata hazırlamışdı. O istəmirdi ki, bu təhlükəli dövrdə atdığı hər addım üçün valideynləri iztirab çəksinlər. Çox vaxt evdən çıxanda “instituta gedirəm” deyər, əslində isə hərbi hissəyə yollanaraq dostları ilə təlim keçərdi. Allahverdi kişi ilə Nadiyənin yeganə təsəllisi ondan ibarət idi ki, batalyon hələ Bakıdan kənara çıxmırdı.
Beynəlmiləl batalyonda bəzi başqa millətlərin nümayəndələri olsa da əsasən yerli türklər və ruslar cəmlənmişdi. Könüllü yığıldıqları üçün hamısı say-seçmə adamlar idi. Gecə-gündüz təlim keçir, kamil döyüşçü tək formalaşırdılar. Bəhruzun döyüş təcrübəsi karına gəlirdi. Bildiklərini yoldaşlarına yorulmadan öyrədirdi.
Aprelin axırlarına yaxın Nadiyənin əzablı günləri başlandı. Dörd gün idi Bəhruz evə gəlmirdi. Ana ürəyi hüzndən yarpaq tək əsir, qorxusundan Allahverdi kişiyə də bir söz demirdi. Ata isə üzdə özünü tox göstərir, nə çəkirdisə içində çəkirdi. Səhər Nadiyə işə gedəndə Bəhruzun qonşuluqda yaşayan dostu Vaqifi gördü. O, arvadı görcək:
-Nadiyə xala, Bəhruzdan nə xəbər var?-soruşdu.
-Nadiyənin ürəyi üzülüb düşdü ayağının altına, hürkək-hürkək:
-Nə xəbər olmalıydı, ay oğul?-deyə, suala cavab verdi.
-Bəhruzun daxil olduğu batalyon xüsusi təyinatlıdır axı. Harda qaynar nöqtə var, ora göndərəcəklər-Vaqif arvadın halının fərqinə varmadan dedi.
Nadiyənin nitqi tutuldu. İşə necə gəlib çıxdı, bilmədi. Bütün günü gözü yaşlı dolanıb, bir kəslə kəlmə də kəsmədi. Axşamüstü hamı evinə dağılışdı, amma Nadiyə oturduğu yerdən tərpənmədi. Sevimli Bəhruzu olmayan evə getməyə ananın ayaqları gəlmirdi.
Axşamın toranında bağçanın gecə növbətçisi Məşədi Rəna işə gələndə Nadiyəni tək-tənha oturub ağlayan gördü. Həyatın hər üzünü görmüş Məşədi Rəna Nadiyənin dərdini yüngülləşdirmək üçün ona qoşulub bir xeyli ağladı. Sonra qoynundan uzun təsbehini çıxarıb “sübhanallah əlhəmdülillah, vəla” deyə-deyə o yan-bu yana çevirdi. Birdən sevincək:
-Bəsdir, ay qız, bəsdir gözünün qorasını sıxdığın, oğlun sağ-salamatdır, bu saat da evdə oturub səni gözləyir. Dur get evinə-eşiyinə-dedi.
-Nə danışdığındır, ay arvad, dörd gündür uşaqdan xəbər-ətər yoxdur, bir gördüm deyən də olmayıb-hövsələsi bir tikə olan Nadiyə az qala hirsini-hikkəsini Məşədi Rənanın üstünə tökəcəkdi.

Ancaq Məşədi Rəna səbrlə təsbehini dübarə çevirib inamla dedi:
-And olsun yaradana Allah-təala oğlunu sağ-salamat qaytarıb evinizə.
Naşükürlük eləmə, dur get evə, oğlun səni gözləyir.
Məşədi Rənanın inamı Nadiyəyə də sirayət etdi. Durub hövlnak evə qaçdı. Blokun ağzına çatanda gözlərinə inanmadı. Bəhruz bacısı uşağının əlindən tutub həyətdə gəzişirdi.
-Oğul!-deyə yanıqlı səslə nalə çəkən Nadiyə qeyri-iradi dizi üstə çöküb Bəhruzun ayaqlarını qucaqladı,- sənə qurban olum-dedi.
-Nə edirsən, ay ana, dur ayağa- Bəhruz təlaşla dilləndi.
Amma Nadiyə tərpənmədi, elə bil onun canına dünyanın rarahatlığı çökmüşdü, oğlunun ayaqlarını buraxmaq istəmirdi.
-Dur ayağa, dur, ayıbdır, camaat baxır-Bəhruzun sərt səsi Nadiyəni ayıltdı. Yavaş-yavaş ayağa qalxıb oğlunun boynunu qucaqladı.
Bir neçə həftə sonra komandanlığın göstərişi ilə batalyon ön cəbhəyə yola düşdü. Artıq batalyondakı döyüşçülər bir-birlərinə isinişib dostlaşmışdılar. Tofiq, İlham, Şirxan, Yavər, İsmayıl, Volodya, Sədrəddin, Genandi, Zülfü, Dmitri, Yuri, Azər, Faiq, Bəhruz... Döyüşçülərin hərəsinin özlərinə məxsus ləqəbi var idi. Bəhruzunki isə Sonbeşik idi. Batalyonda hamı onu sevdiyindən belə adlandırmışdılar. Bəhruzun vəzifəsi minaatan qrupunda tuşlayıcı idi. Amma bu şərti idi. O hər işə qoşulur, çətinə düşənin dadına çatır, hərbi əməliyyatların, döyüş planlarının hazırlanamsında iştirak edirdi. İstəkli qumbaraatanı isə çiynindən yerə qoymurdu.
1992-ci ilin iyununda Kəlbəcər rayonu və ətraf kəndlər uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Batalyon məhz belə bir qaynar nöqtəyə göndərilmişdi.
İlk döyüş Kəlbəcərin qızıl mədənləri ətrafında, Söyüdlü kəndində oldu. Ermənilərin quldur dəstələri qəfildən batalyona hücum etdilər. Yağan güllələr döyüşçülərə göz açmağa imkan vermirdi. Bəhruz qaya parçasının arxasına sıxılaraq aramsız atəş açırdı. Lakin düşmən snayperi onun yerini aydın gördüyündən tərpənməyə qoymurdu. Güllələr Sonbeşiyin böyür-başından vıyıldayıb keçirdi. Bu isə ona dəqiq nişan almaqda mane olurdu. “Erməni qoduğu məni öz yurdumda deşiyə soxub”-deyə Bəhruz düşündü və üzündə istehzalı və əsəbi təbəssüm göründü. Öz-özünə “yaxşı baxarıq” dedi. Atəşi bir anlığa saxlayıb, cəld silahını doldurdu. Tətiyi ayağa çəkib, snayper atəşinin açıldığı səmtə diqqətlə nəzər saldı. Fikrində hər şeyi ölçüb-biçəndən sonra bir anlığa qaşları çatıldı və ilahi bir cəsarətlə açıqlığa çıxıb daldalandığı yerdən, təxminən 200-250 metrlik məsafədə olan iri ağacın başını nişan alıb atəş açdı. Yekəpər snayperin necə yerə aşdığını əksər döyüşçülər öz gözlərilə gördülər. Onun bu qəhrəmanlıq trjyuku o qədər gözlənilməz idi ki, ani müddətə hər iki tərəf susdu. Birinci dostu İlhamın səsi gəldi:
-Sağ ol, Sonbeşik-deyə o, avtomatdan atəş aşa-aça dostunun köməyinə gəldi.
Silahlar yenidən gurladı. Lakin düşmənin qüvvəsi zəifləmişdi. 15-20 dəqiqəlik atışmadan sonra quldurlar qaçıb aradan çıxdılar.
Döyüşlər bir-birini əvəz edirdi. Batalyon ilk gündən qazandığı uğuru getdikcə genişləndirir, döyüşçülər vuruşdan-vuruşa püxtələşirdilər. Beynəlmiləl dəstənin qəhrəman sorağı artıq ölkənin hər tərəfinə yayılmışdı. Kəlbəcər camaatı dəstənin üzvlərini, xüsusilə Bəhruzu yaxşı tanıyır, hər kənddə, obada onlara hörmət-izzət göstərirdilər. Sonbeşiyin qəhrəmanlıqları dağlar diyarında dillər əzbəri olmuşdu.
Batalyon yeni döyüş tapşırığı almışdı. Qonşu Ağdərə rayonunun işğal edilmiş kəndlərini azad etmək üçün komandanlıqdan xüsusi tapşırıq gəlmişdi.
Dəstə təcili tədarük görərək Ağdərə istiqamətində yürüşə başladı. Yürüşün əvvəlində Kəlbəcərin özünümüdafiə döyüşçüləri də beynəlmiləl batalyonla birgə hərəkət edirdilər. Relyef dağlıq olduğundan yollar ensiz və kələ-kötür idi. Bu isə manevrləri çətinləşdirir, texnikanın hərəkətinə mane olur, sürətli hücumlara imkan vermirdi.
Dəstənin önündə bir neçə zirehli döyüş maşını gedirdi. Maşınların ətrafında və arxasında canlı qüvvə hərəkət edirdi. Çərəktar yolunda ermənilər pusqu qurmuşdular. Erməni bicliyi özünü göstərirdi:-yer pis seçilməmişdi. Yolun altı yarğan, üst tərəfi qayalıq idi. Yarğanın dibi ilə gur dağ çayı axırdı. Qabaqda isə meşəlik vardı. Quldurlar meşədə mövqe tutmuşdular. İlk atəşdən heç kim kəsdirə bilmədi ki, hansı tərəfdən atırlar. Dərhal “uzanın” əmri verildi. Güllələr dolu kimi yağanda isə düşmənin gizləndiyini hamı başa düşdü. Müxtəlif silahlardan o dərəcədə güclü atəş açılırdı ki, düşünməyə belə macal yox idi. Zirehli maşınlar manevr edə bilmədiklərindən fəaliyyətsiz qalmışdılar. Yalnız lap qabaqdakı maşından ətrafı seyr etmək mümkün idi. Onun heyəti özünü itirmişdimi, ya nədənsə susurdu. Bütövlükdə hər iki batalyonun məhv edilməsi təhlükəsi vardı. Tezliklə düşmənə cavab atəşləri eşidildi. Ancaq bu, dağınıq və məqsədsiz atəşlər idi. Təxminən iki saat belə davam etdi. Dəstə nə geri, nə də qabağa gedə bilirdi. Komandir cəsur uşaqları yığıb onlarla məsləhətləşdi. Yerləşdikləri ərazini hissələrə bölüb, hərəsinə bir hissəyə rəhbərlik etməyi tapşırdı. Məqsəd kiçik bölmələrlə qayalıqlara çəkilib mövqeni möhkəmlətmək idi. Lakin tapşırığı yerinə yetirmək asan deyildi. Ermənilər duyuq düşmüş kimi atəşi daha da gücləndirmişdilər. Güllələrin vıyıltısı dəstəyə təzə gəlmiş gənc və təcrübəsiz əsgərləri artıq vahimələndirmişdi. Belə davam edə bilməzdi. Əks halda məhv olmaq təhlükəsi labüd idi.
Bəhruz böyük gərginliklə ətrafı müşahidə edir, özünəməxsus dəqiqliklə ölçüb-biçirdi. Gözləmək olmazdı. Saniyələr batalyonu ölümə sürükləyirdi. Adəti üzrə üzündə istehzalı və əsəbi təbəssüm göründü. Uzandığı yerdən sıçrayaraq ayağa qalxdı. “Al gəldi vartan köpək uşağı”-deyə bağıraraq üzü meşəyə atəş açmağa başladı. Güllələr onun üstünə yağış kimi yağdı. Amma o, ölümsaçan qurğuşunlardan yayınmağı bacarır, gah qayalara dırmanır, gah yerə yatır, gah da ayaqüstə durur, sanki ölümlə rəqs edirdi. Həm də hərəkətlərinin ritminə uyğun dalbadal atəş açırdı. Vəziyyət nə qədər ağır və çıxılmaz olsa da onun bu cür fədakarlığı döyüşçülərdə inam və ruh yüksəkliyi yaratdı. Düşmən atəşindən göz açmayaraq qapalı bir yerə qısılmış özünümüdafiə döyüşçülərindən bir qrupu Bəhruzu yolun ortasında atışan gördükdə qışqırdılar:
-Komandir, bizi buradan çıxart!
Bəhruz qaça-qaça onların gizləndikləri yerin yanından keçib, atəşi özünə cəlb etdi. Uşaqlar yerlərini dəyişərək döyüşə qoşuldular. Bəhruz sonra yolu keçib özünü yarğana atdı, beş-on metr yumalanıb ayağa qalxdı, əyilə-əyilə irəliyə doğru yüyürdü. Dəstənin önü bərabərinə çatanda dırmanıb yola çıxdı. Zirehli maşının qülləsinə sıçrayıb əli ilə düşmənin atəş nöqtələrini bir-bir göstərməyə başladı. Ermənilərin iki atəş nöqtəsini susdurandan sonra üçüncüsünün susdurulmasını gözləmək lazım gəlmədi. Düşmən dabanına tüpürüb qaçmağı özünə qənimət bildi. Ancaq qaça-qaçda atdığı sonuncu mərmi zirehli maşının lap yanında daşlığa düşdü. Partlayışın zərbə dalğası güclü olduğundan ağır zirehli texnika yerində titrədi. Bəhruzu elə bil kimsə əli ilə götürüb yerə çırpdı. Toz dumanı çəkilməmiş döyüşçülərdən kimi “Sonbeşik” kimi də “komandir” çığıraraq özlərini Bəhruzun yanına atdılar. O, çox tez ayıldı. Ayılan kimi də ayağa durdu. Xoşbəxtlikdən burnu da qanamamışdı. Ancaq bədənində ağrılar vardı. Yoldaşları nə qədər təkid etdilərsə, onu qospitala göndərə bilmədilər. “Boş şeydir” deyib qətiyyətlə imtina etdi. Həmin döyüşdən sonra hamı Bəhruza qəhrəman kimi baxır, hər işdə onunla məsləhətləşməyə çalışırdı.
Batalyon meşədə qərar tutub dincəlirdi. Döyüşçülər silahlarını təmizləyib yağlayır, növbəti döyüşə hazırlaşırdılar. Qarşıda Ketevan kəndi dururdu. Onun düşməndən təmizlənməsi əmri vardı.
Nahar vaxtı uşaqlardan kimsə dedi ki, yerli camaat xeyli ərzaqla bərabər batalyona içki də sovqat verib. Sonra təklif etdi:
-Uşaqlar, kim bilir sabah döyüşdə nə baş verəcək. Bəlkə də bizlərdən kimsə axşama sağ-salamat qayıtmayacaq. Gəlin öz sağlığımıza bir balaca vuraq.
Təklifdə qeyri-adi heç nə olmasa da acı bir həqiqəti xatırlatdığından hamı bir-birinin üzünə baxdı. Ancaq Bəhruz dostlarının qəlbinə qəm-qüssənin yol tapmasına imkan vermədi.
-Yox, dost, mən razı deyiləm!- Bəhruz cəld dilləndi.
-Niyə ki, Sonbeşik, öz sağlığımıza içəcəyik də?!-Tofiq ərklə dedi.
-Başa düşürəm, ancaq badələri sabah günorta Ketevan kəndində həm öz sağlığımıza, həm də qələbəmizin şərəfinə qaldıracağıq-Bəhruzun səsinin şən tonu hamıya sirayət etdi, uşaqların qaş-qabağı açıldı. Tofiq nəyisə xatırlamış tək soruşdu:
-Sonbeşik, sabah iyulun 7-si deyil? Sənin...
Bəhruzun dodağı qaçdı, çöhrəsinə təbəssüm qondu.
-Uşaqlar-Tofiq sevinclə dedi-sabah Bəhruzun anadan olduğu gündür, 21 yaşı tamam olur, gərək bunu əməlli-başlı qeyd edək.
Ketevan kəndi uğrunda döyüş bir neçə saat çəkdi. Uşaqlar qətiyyətlə, qəhrəmanlıqla vuruşurdular. Ermənilər döyüşçülərin cəsarəti qarşısında davam gətirməyərək geri çəkildilər. Bəhruz sözünə əməl etdi. Naharda onun və qələbənin sağlığına badə qaldırıldı. Bəhruzun baxışları həmişəki kimi ciddi olsa da ürəyində sevinc vardı. Uşaqlardakı inam və üstəlik də qələbə onun gənc qəlbini riqqətə gətirirdi.
İstirahət vaxtı döyüşçülər bir yerə yığışıb söhbətləşir, uşaqlıq günlərini yada salıb əylənirdilər. Bəhruzun səmimiyyətlə “Sınıx” ləqəbi verdiyi döyüşçü dedi:
-Ay uşaqlar, siz Sonbeşiyin indiki vaxtını görürsünüz, uşaqlığından xəbəriniz yoxdur. Bilirsiniz nə oyunlar çıxardırdı? Dostu Namiq mənə danışıb ki, bir gün Sonbeşik sinif yoldaşlarını kinoya aparmağa söz verir. Vədə çatanda qalır mat-məəttəl, 20-30 nəfərin pulu xeyli eləyir, cibdə də ki, bir qəpik yox. Görür qızların yanında pərt olacaq, əl atır kələyə. “B” sinfində oxuyan İvan neçə gün imiş dərsə gəlmirmiş. Sonbeşiyin əlini girəvə düşür: tez özünü verir qonşu siniflərlə ki, bəs rus bölməsində oxuyan İvanın dədəsi rəhmətə gedib, onun üçün pul yığırıq. Adama bir manatdan düşün. Xeyli pul yığıb sözünə əməl edir. Kinodan çıxanda hələ uşaqlara dondurma da alır. İki-üç gün keçmiş İvan dərsə gəlir. Yoldaşları ona baş sağlığı verirlər. İvan çaşıb qalır, hətta uşaqlardan bir-ikisi ilə tutaşır ki, nə danışırsan, mənim dədəm sağdır. Məsələnin üstü açılır. İvan da eləmir tənbəllik, tez özünü verir Bəhruzun yanına ki, dədəm sağ olduğu üçün pulun yarısı mənə çatır.
Döyüşçülərin şən qəhqəhələri meşə quşlarının səsinə qarışmışdı. Beləcə, Bəhruz ömür qalasının 21-ci daşını ölümün gözlə-qaş arasında meydan oxuduğu cəbhədə hördü.
Ertəsi gün Kozlovu iş dalınca Bakıya göndərəsi oldular. Bəhruz ona bərk-bərk tapşırdı:
-Bax, unutma ha, mütləq bizə get, imkan olmasa zəng elə, məndən salam de. Anamla ayrıca danış de ki, olsun vəziyyətim lap əladır, yemək-içməyim də öz yerində. Bir də de ki, biz hələ vuruşmuruq, burada təlim keçirik.
İki gün sonra Kozlov sevimli Sonbeşiyin tapşırığına əməl edərək onun salamını anasına çatdırdı. Nadiyə sevincindən bilmirdi nə etsin. Oğluna göndərmək üçün tələm-tələsik ərzaq tədarükü görürdü. Eşidəndə ki, Kozlov sonrakı gün qayıdacaq, lap təşvişə düşdü. İmkanı olsaydı bütün dükan-bazarı yığıb Bəhruza göndərərdi. Böyük qızı Kəmalə ilə birgə əli çatan şirniyyatdan bişirib Bəhruza bağlama düzəltdi.
Bir həftə sonra Nadiyə oğlunun səsini telefonda eşitdi. Gecə saat bir idi. Telefonun uzun-uzadı cingiltisi ailədə hamını qorxutdu. Nadiyə hövlnak aparata yüyürdü. Dəstəyi qulağına aparan kimi gözləri yaşardı, gülə-gülə:
-Ay kişi, Bəhruzdur- dedi.
Bəhruzun səsi güclə eşidilirdi.
-Ana,salam!
-Salam, başına dönüm, anan ayağının altında ölsün, niyə evimizə gəlmirsən?
-Gələcəyəm, darıxma, qoy bu ermənilərlə haqq-hesabı qurtaraq, gələcəyəm.
-Atan deyir sənə nə göndərək, nəyə ehtiyacın var?
-Heç nə lazım deyil, hesab edin ki, burada istirahətdəyəm, heç nəyə ehtiyacım yoxdur. Vaxt azdır, camaat danışmaq üçün növbə gözləyir. Kişiyə, uşaqlara məndən salam de. Sağ ol!
-Bəhruz Kəlbəcərdən danışırdı. Batalyon rayon mərkəzinə qısamüddətli istirahətə gəlmişdi. Boş vaxtlarında uşaqlar yığışıb söhbətləşir, keçirdikləri döyüşləri təhlil edirdilər. Belə söhbətlərdə qaradinməz Bəhruzun dili açılırdı.
-Uşaqlar, o, həvəslə danışırdı-əsas məsələ odur ki, döyüş vaxtı bir yerdə oturub gözləməyəsən. Hərəkət etmək, tez -tez sürətlə yerini dəyişmək, müxtəli sitiqamətlərdə atəş açmaq lazımdır. Döyüş haqqında gözəl bir söz var: ən yaxşı müdafiə hücumdur. Tamamilə doğru deyilib. Vuruşda qalib gəlmək istəyirsənsə, qorxub çəkinmədən düşmənin üzərinə get. Nə qədər güclü olsa da sənin cəsarətin onun iradəsini qıracaq, gözünü qorxudacaq. Nəticədə başlayacaq təntiməyə, səhvlərə yol verməyə. Bir də düşmənin xarakterini nəzərə almaq lazımdır. Tarixdən məlumdur ki, erməni təbiətcə qorxaqdır. Onun qənimi mərdlik və cəsarətdir. Açıq döyüşlə erməninin üzərinə hücum etsən, canının dərdindən dabanına tüpürəcək.
“Erməni qan gördü” ifadəsi yox yerdən yaranmayıb.
-Necə qorxaqdırlar ki, bizim camaatın başlarını kəsir, odda yandırır, bəzən balta ilə doğrayır, qadına, uşağa aman verməyib öldürürlər- Dərviş ləqəbli əskər soruşdu.
Bəhruzun gözlərində nifrət qığılcımları oynadı:
-İnsan başını kəsmək igidlik yox, zülmkarlıq, vəhşilikdir, insanlığı itirməkdir. Əslində isə ermənilərin bu cür vəhşilikləri qorxaq və bu müharibədə haqsız olmalarından irəli gəlir. İndi hamıya məlumdur ki, ermənilərin arxasında rus qoşunları dayanır. Ermənistan ordusunda isə çoxlu xarici muzdlular var. Onlar xüsusi hərbi təlim keçmiş qatillərdir. Yoxsa ki, Ermənistan ordusu təkbaşına bizim torpaqları işğal edə bilərdi?
-Hə düz deyirsən-deyə, Dərviş razılaşdı.
Sentyabr ayında ayağından yüngül yaralandığına görə Bəhruza 10 günlük məzuniyyət verdilər. Getmək istəmirdi, dostları birtəhər razı saldılar. Hərbi yük daşıyan maşınlardan birində Bakıya yola düşdü. Ancaq Yevlaxa çatanda fikrini dəyişdi. Tovuza getməyi, özünümüdafiə dəstəsindən olan dostları ilə görüşməyi qərara aldı. Yol kənarındakı dükanda gördüyü büllur güldan xoşuna gəldi. “Anam üçün yaxşı hədiyyədir” düşündü və pulunu verib götürdü.
Tovuzun Əlibəyli kəndinə çatanda axşamüstü idi. Bəhruz birbaşa Yusifgilə getdi. Bu ailədə onu yaxşı tanıyır, hamı xətrini istəyirdi. Yusif dostunu doğma qardaşı tək qucaqladı, hal-əhval tutdu.
Şam yeməyindən sonra Yusif hazırlaşmağa başlayanda Bəhruz:
-Hara belə,-soruşdu.
-Sən uzan dincini al, bizim balaca bir əməliyatımız var. Düşmən düşərgəsindən “dil” gətirməliyik. Allah qoysa səhər
görüşərik-Yusif cavab verdi.
O saat Bəhruzun gözləri güldü.
-Deyəsən, vaxtında gəlmişəm-dedi. Mən də səninlə gedəcəyəm.
-Yox-Yusif etiraz etmək istədi-inşallah, sağalıb gələrsən, birlikdə döyüşərik.
-Nə danışırsan, belə belə fürsəti əldən buraxmaq olar, mütləq getməliyəm-deyən Bəhruzun öhdəsindən gəlmək ümkün olmadı.
Yusif, Bəhruz, Kamal, Xaliq və Etibar silahlanıb düşmən ərazisinə keçdilər. Etibar komandirlik edirdi.
-Yusif-o dedi sən bir nəfərlə irəli getməlisən.
Bəhruz cəld özünü qabağa verdi.
-Yusiflə qabaqda mən gedəcəm-dedi.
Etibar onun xasiyyətinə bələd idi. Həm də Bəhruz elə ürəkdən hərəkət edirdi ki, ona etiraz etmək, sadəcə, insafsızlıq olardı. Ancaq Bəhruz axsadığından komandir Xaliqlə Kamalın da onlarla getməsini əmr etdi. Dörd yoldaş ermənilərin düşərgəsinə yaxınlaşdılar. Yusif pıçıltı ilə dedi:
-İmkan düşsə əlavə bir girov da götürün. Dünən əclaflar kəndimzidən iki nəfər xırda uşağı girov tutub aparıblar, onlarla dəyişərik.
İşığın gur olduğu evlərdən birini “qurban” seçdilər. Həyətə girəndə Bəhruz Yusifi qabaqladı:
-Sənin üç övaldın var, mən subayam-dedi. Qapını mən açacağam, sən arxadan məni qoruyarsan dedi.
Bu dəfə Yusif razılaşmadı:
-İçəri birlikdə girək-dedi.
Pilləkənlə ehmalca yuxarı qalxdılar. Səs-səmir gəlmirdi. Qəfil qapını açıb içəri atıldılar. Ancaq tərs kimi otaqda heç kəs yox idi. Bayıra çıxanda qonşu evdən ermənilər onları gördülər. Kolluqda gizlənmiş Xaliq astadan dedi:
-Sakitcə onlara tərəf gedin, guya yerlisiniz, yad olduğunuzu başa düşməsinlər.
Yusiflə Bəhruz heç nə olmamış kimi ermənilərə sarı getdilər. Uzaqda əlverişli mövqe seçərək bütün bunları müşahidə edən Etibar dostları sarıdan nigaran qaldığından hövsələsizlik edib düşmənə tərəf pulemyotdan atəş açdı. Yusifgil çətinliklə geri döndülər. Dörd nəfər erməni onları təqib etməyə başladı. Geriyə qaçan Bəhruz addımlarını yavaşıdaraq arxadan gələn erməninin nisbətən yaxınlaşmasına imkan verdi. Sonra o qəfildən geri dönərək 15-20 metrlikdə düşmənlə üz-üzə dayandı. Üzbəsurət görüşdən erməni təntidi, qorxudan bilmədi nə etsin. Sonbeşiyin sərrast atəşindən sonra o, qışqırmağa da macal tapmadı. Bəhruz özünü ağaclığa verib yoldaşlarını səslədi:
-Birinə layiq olduğu cəzanı verdik, qaldı üçü. Onlar da cəzalarına çatmalıdırlar.
On dəqiqəlik atışmada qalan üç ermənini də gəbərtdilər.
Bəhruzun kefi kökəlmişdi. Ancaq gözləri kefiköklük yox, əzab və iztirab ifadə edirdi. İşgəncə çəkirmiş tək yana-yana fikirləşirdi:
İnsanın insanı öldürməsi vicdan əzabına düçar olmaqdır. Amma Kərkicahan, Xocalı, Şuşa faciələrini törədən, haqsızcasına torpaqlarımıza göz dikən, günahsız körpələri öldürən, girov götürən erməniləri öldürmək yalnız savab işdir.
Bəhruz üç gün Yusifgildə qaldı. Arada “ölüm-itim dünyasıdır” deyib, iki dost yadigar şəkil də çəkdirdilər. Sonra Bəhruz Bakıya yola düşdü. Gəncəyə çatanda dözə bilməyib maşını saxlatdırdı, düşüb batalyona qayıtdı.
Hissəyə çatanda dostları ilə əməlli-başlı hal-əhval tutmağa macal tapmadı. Batalyon döyüşə gedirdi. Ağdərə rayonunda teleqüllə yerləşən ərazini ələ keçirmək əmri vardı. Teleqüllədən müşahidə məntəqəsi kimi istifadə edən düşmən ətraf ərazini xeyli vaxtdı ki, özündə saxlayırdı. Hər yan girintili-çıxıntılı qayalıq və meşəlik olduğundan fəal döyüş əməliyyatına imkan yox idi. Əsas məsələ düşmənin atəş nöqtələrini susdurmaq idi. Bu işi yalnız top atəşləri ilə görmək olardı. Düşmən də eyni taktikadan istifadə edirdi. Ancaq bir neçə saatlıq atışma tərəflərdən heç birinə üstünlük vermədi. Toplar bir-birinin ardınca gurlasa da mərmilər hədəfdən yan keçirdi. Batalyonun topçuları naşı idilər. Həmin dövrdə Azərbaycan Ordusunda hərbi mütəxəssislər çatışmırdı. Komandirlər savadlı topçuları, tuşlayıcıları əl-əl gəzirdilər.
Hirsindən Bəhruz bir yerdə qərar tuta bilmirdi. Vaxt ötürdü. Nə isə etmək lazım idi. Əgər düşmən onların zəifliyini başa düşsəydi hücuma keçəcəkdi. Tərs kimi mərmi də qurtarırdı. Sonuncu mərmi topa qoyulanda Bəhruz özü tuşlayıcının yerinə keçdi. O, artıq nə edəcəyini qərarlaşdırmışdı. Düşmənə psixoloji zərbə vurmaq lazım idi. Bəhruz düşündüyü hədəfi nişan alıb fitili çəkdi. Atəş açıldı. Əsgərlərin gözü qabağında teleqüllənin gövdəsi ciddi zədələndi və müvazinətini saxlaya bilməyib ortadan yana əyildi. Bu atəşlə həm ermənilərin müşahidə məntəqəsi məhv edildi, həm də düşmənə göstərildi ki, həlledici anlarda türklər dəqiq atəş açmağı bacarırlar. Sonra Bəhruz əl qumbaralarını götürüb:
-Uşaqlar, mən getdim, möhkəm durun-dedi.
Vladimir Malinov onun qabağını kəsərək:
-Sən nə edirsən, göz görə-görə özünü ölümün ağzınamı atmaq istəyirsən?- deyə ona mane olmaq istədi.
-Mən onlarla təkbətək görüşmək istəyirəm, onlar bu torpaqda qonaq idilər, ancaq nankorluq edib düşmənə çevrildilər. Xocalıda ödürülən günahsız körpələrin qanını onlardan almalıyıq.
Bu sözlərin qabağında Malinov gücsüz idi. O, yalnız Bəhruzun arxasınca həsədlə baxıb, döyüşçülərə dedi:
-Belə adamlar haqqında deyərlər ki, “öz xalqının oğludur”. Uşaqlar biz onu öz canımız kimi qorumalıyıq. Tez olun, pulemyotçular, hazır dayanın. Qumbara partlayışı eşidən tək atəş açıb düşmənin diqqətini yayındırmaq lazımdır.
Bəhruz artıq dərəni keçib, yuxarı, meşəyə doğru dırmaşırdı. Səbirsizliklə tələssə də ehtiyatı əldən vermir, tez-tez dayanıb ətrafı dinləyirdi. Kəşfiyyatçılıqda təcrübəsi olduğundan bilirdi ki, bu ətrafda düşmən postu olmalıdır. İri bir daşın arxasına keçib, nəfəsini dərdi. Gözaltı elədiyi yerə təxminən 50-60 metr qalırdı. Top gurultusundan ətrafdakı səsləri ayırd etmək mümkün deyildi. Uzanıb qulağını torpağa dayadı. Səsləri dinləməyə başaldı Yuxarıdan tappıltı səsi gəlir, getdikcə güclənirdi. Anladı ki, daş yumalanır. Dörd-beş saniyə keçməmiş daş vıyıltı ilə onun sağından keçib dərə aşağı milləndi. Daş çox kələ-kötür olduğundan top atəşlərinin titrəyişi onu yumalada bilməzdi. Güman ki, daş gözətçinin ayaqları altından qaçıb, yumalanıb. Demək, məntəqə yuxarıda olmalı idi. Kəmərinə bağladığı əski parçalarını açıb, cəld çəkmənin üstündən ayağına sarıdı. Ustufca yuxarı qalxmağa başladı. Az sonra gözətçi məntəqəsinin düz üstünə çıxdı. Düşmənin danışığını aydın eşidirdi. Biri xalis erməni idi, digəri ləhcəsindən əcnəbiyə oxşayırdı. Səs salmadan Bəhruz onların arxasına keçdi. Elə yer seçib gizləndi ki, orada düşməni müşahidə edə bilsin. Sonra müxtəlif səmtlərdə daş atıb onların fikrini yayındırmağa çalışdı. Gözətçilər işarə ilə danışmağa başladılar. Erməni əcnəbiyə him-cimlə nəsə başa salmağa çalışdı. Sonra əcnəbi sürünə-sürünə aşağıya enib, məntəqəyə yaxınlaşdı, qəfil erməninin üstünə atılıb polad tiyəli bıçağı saplağına qədər onun xirtdəyinə soxdu. Dığa bir az xırıldayıb üzü üstə düşdü. Bəhruz cəld onu qaldırıb daşa elə söykədi ki, öldüyü bilinməsin. Özü isə uzağa getmədi, həmin daşın arxasında gizlənib gözləməyə başaldı. Az sonra əcnəbi getdiyi kimi də sürünə-sürünə geri qayıtdı. Silahını daşa söykəyərək dikəlib oturdu. Yoldaşını dümsükləyib nəsə demək istədi. Ondan səs çıxmadığını görüb, deyəsən nə baş verdiyini anladı. Əlini silaha atmaq istəyəndə isə Bəhruz qayanın arxasından şığıyıb sol əli ilə onun ağzını qapadı, sağ əlindəki ucu şiş daşla gicgahına güclü zərbə endirdi. Əcnəbi o saat huşunu itirdi, bıçaqla ürəyinə vurulan zərbədən isə mənfur həyatını yad torpaqda alçaqcasına başa vurdu.
-Bu da sizin payınız-üzündə istehzalı təbəssüm yaranan Bəhruz öz-pzünə pıçıldadı.
Əsas iş atəş nöqtəsini susdurmaq idi. Əcnəbinin su qabını açıb, bıçağı və əllərinin qanını tələsik yudu. Qumbaraları yoxlayıb, çömələ-çömələ irəli hərəkət etdi.
Düşmən batareyasının ətrafında beş nəfər vardı. Biri tuşlayır, biri əmr verir, biri fitili çəkir, ikisi isə mərmi daşıyırdı. Burada bəlkə də 200-ə qədər mərmi vardı.
-Əclaflar, bizdə hər topun yanında bu qədər mərmi olsaydı çoxdan dədənizi belinizə şəlləmişdik-Bəhruz düşündü. Yol izini bir də diqqətlə nəzərdən keçirdi. Geriyə hansı cığırla qayıdacağını müəyyənləşdirdi. Sonra avtomatını çiynindən aşırıb əlinin altındakı daşın üstünə qoydu. Hər əlinə bir qumbara götürüb hazır dayandı. Bütün fikrini cəmləyib əvvəl sağ əlindəki qumbaranın fitilini dişləri ilə çəkib saymağa başaldı: bir, iki, üçə çatanda sol əlindəki qumbaranın da fitilini çəkdi. Yeddiyə çatanda hər ikisini düşmən üzərinə tulladı. Dalbadal qumbara partlayışları eşidilən kimi atəş səsləri gücləndi. Batalyonun döyüşçüləri iri pulemyotlardan aramsız atəş açırdılar. Düşmən də türklərin hücuma keçdiyini düşünərək bütün artilleriyanı işə salmışdı.
Bəhruz bir neçə dəqiqə gizləndiyi yerdən tərpənmədi. Sonra ehmalca boylanıb topun ətrafına baxdı. Yerdə dörd nəfərin cəsədi qalmışdı. Ha baxdısa beşincini görə bilmədi. Görünür, hərif aradan çıxmışdı. Daha vaxtı itirmək olmazdı. O, necə gəlmişdisə, eləcə də sürətlə geri qayıtdı. Ancaq uğuru möhkəmləndirmək mümkün olmadı.
Hərbi texnika və sursat sarıdan batalyon korluq çəkdiyindən heç də hər döyüşü səmərəli apara bilmirdi. Bu dəfə də həmin vəziyyət təkrar olundu. Batalyon irəli getmək əvəzinə yerində saydı. Bəhruz əziyyətinə görə heyfslənmirdi. “Düşmənlərimizdən altı nəfər də azalıb, bu da qənimətdir” deyirdi. Onu düşündürən başqa məsələlər idi. Son vaxtlar beynəlmiləl batalyonun buraxılacağı haqqında söz-söhbət genişlənmişdi. “Axı niyə?”-o öz-özündən soruşardı-bizim batalyon çoxlarından üstündür, burada hərbi intizam var, çevikdir, döyüşkəndir, hərbi əmrlər can-başla yerinə yetirilir. Bəzən yuxarıdan qəribə əmrlər gəlirdi: filan mövqeni, yaxud kəndi tərk edin. “Axı niyə?”-deyə, əsgərlər öz aralarında etiraz edirdilər, biz bu kəndi qanımız bahasına düşməndən təmizləmişik, neçə-neçə igid dostumuzu itirmişik bu torpaqda. Döyüşsüz-filansız necə tərk edək buranı? Bir də axı biz öz torpağımızdayıq?! Lakin suallar cavabsız qalır, yuxarıdan gələn əmrlərə qeyd-şərtsiz əməl olunurdu. Bu əmrləri kim verirdi, heç kim bilmirdi. Bəzən eşidirdilər ki, bütöv zavod, hətta rota özbaşına mövqeni qoyub, çıxıb aradan. Bəs, komandirlər nə edirmişlər? Təəccüblü bu idi ki, bütün baş verən cinayətlərdə, xəyanətlərdə müqəssir olmurdu. Hamı anlayırdı ki, kimsə əlaltdan bütün bu işləri idarə edir. Ancaq, kim? Ölkədə vəziyyət o dərəcə ağır və mürəkkəb, hadisələr o qədər qeyri-adi idi ki, bu sualın cavabı barədə bir kəs düşünə bilmirdi. Nəticədə isə bəzi əsgərlərin əli döyüşdən soyuyur, bədbinlik yaranırdı.
Oktyabr ayının 30-da yuxarıdan alınan əmr batalyonda ildırım tək çaxdı: batalyon yenidən təşkil olunmaq üçün buraxılır. Qəribədir, döyüşə tam hazır olan batalyonun nəyini yenidən quracaqdılar, məlum deyildi. Beləliklə, vətənin işğalçılardan qorunması uğrunda böyük şücaətlər göstərmiş beynəlmiləl dəstənin döyüş yolu cəmi bir neçə ay çəkdi. Savaşlarda zəngin təcrübə toplayaraq peşəkar hərbçi kimi yetişmiş onlarca gənc müharibənin qızğın və ağır çağında evlərinə dağılışdılar.
Hava soyumuşdu. Payız çiskinləri Bakını haqlamışdı. Üzücü narın yağış ağır müharibə dövründə elə bil camaatın dərdi üstünə dərd gətirirdi. Nadiyə əlini çənəsinə dayayıb pəncərədən bayıra baxırdı. Ancaq gözünə heç nə görsənmirdi, fikri oğlunun yanında idi. “Yəqin dağlara qar yağır, soyuq iliyə işləyir. Cəfakeş balam, Allah bilir bu qiyamətdə neyləyir”-deyə düşünən Nadiyə dərindən ah çəkdi. Qeyri-ixtiyari gözlərini bir nöqtəyə zilləyib xeyli baxdı. Öz-özünə “anan sənə qurban, gözlərim yol çəkdi”-dedi. Elə bu dəm iş yoldaşının balaca oğlu Nizami yüyürə-yüyürə gəldi:
-Nadiyə xala, Nadiyə xala!
-Nədir oğlum, niyə qaçırsan?
-Bəhruz gəlib!
Nadiyə uşağı başa düşmədi. Elə bildi uşaq oğlunu soruşur. “Yox-dedi Bəhruz hələ gəlməyib”.
-Yox ey-uşaq hövsələsizliklə əllərini yellətdi-deyirəm, Bəhruz gəlib, Seyid xalanın yanında çay içir.
-Boy, bismillah, bayaqdan fikrimdən çıxmırdı, görəsən yuxu-zad deyil ki-Nadiyə cəld Seyid Simaxanımın yanına qaçdı. Bəhruzu oturub çay içən görəndə sevincindən nəsə deməyi unutdu. Bircə onu bildi ki, oğlunun başını qucaqlayıb bağrına basdı. Bəhruzun gəlişi münasibətilə həmin gün axşam bütün ailə üzvləri ata evinə yığışmışdı:bacıları Kəmalə, Nailə, sahibə, böyük qardaşı İlham, evli olanların uşaqları-bir sözlə ailə həyatının səadətli günü idi.
Bəhruz institutda dərslərinə davam edirdi. Müəllimlər və tələbə yoldaşalrı ona xalq qəhrəmanı kimi yanaşır, daim hörmət və ehtiram göstərirdilər. O, bu rəğbət və məhəbbətdən sui-istifadə etmirdi, cəbhədə olduğu müddətdə dərslərə getməsə də fərdi surətdə hazırlaşaraq sessiya imtahanlarını başqa tələbələrlə birlikdə verirdi. Hətta bir dəfə soyuqdəyməsi olduğuna görə fizika imtahanına çətinliklə hazırlaşır, yuxudan səhrə saat 6-dan qalxıb kitablardan ayrılmırdı. Bacısı Sahibə bir gün dözmədi. Qayğıkeşliklə dedi:
-Nə olub özünü üzürsən, imtahan qaçmır ki, səhhətinə fikir ver. O cür odun-alovun içindən çıxıb gəlmisən, yəni güzəşt eləməyəcəklər?
-Niyə ki, ay bacı, razı olmasam da güzəşt edirlər. Ancaq nə vaxtsa əlimə diplom alanda bir şey bilməyəcəyəmsə, onda nə üçün oxuyuram. Bildin?!-bacısının xətrinə dəyməmək üçün Bəhruz yumşaqlıqla dedi.
-Yaxşı sən Allah, camaat hər xırda imkanda istifadə edir ki, həyat yolu hamar olsun. Düzlük təkcə sənə qalıb?
Bu dəfə Bəhruz bir az ciddiləşdi:
-Əvvələn, camaatdan bizə nə, bizim düzlüyümüz başqalarından öncə özümüz üçündür, ikincisi, əyriyə baxıb əyri olmaqdansa, düzə baxıb düz olmaq yaxşıdır, çünki bu, Allah yoludur. İndi necə bildin?!
-İndi bildim-bacısı səsinin intonasiyası ilə onun fikrinə qüvvət vermək istədi.
Ölkədə vəziyyət gündən-günə ağırlaşırdı. İnflyasiyanın başgicəlləndirici sürəti xalqa göz açmağa imkan vermirdi. Bir tərəfdən də cəbhədəki uğursuzluqlar camaatı əldən-dildən salır, cəmiyyətdə qarışıqlıq və səbatsızlıq yaradırdı. Dağılan tifaqda ölkənin gələcək inkişaf yolunda hökmranlığı ələ almaq üçün beş əsas qüvvə formalaşırdı. Bunlar rusiyapərəst, iranpərəst, qərbpərəst və xalqın öz gücünə arxalanan milli siyasi qüvvələr idi. Beşincisi, ən güclüsü isə yerli mafioz qruplaşması idi. Bu qüvvələrin mübarizəsi iqtisadiyyatda və Ermənistan-Azərbaycan müharibəsində gizli, hətta bəzən açıq şəkildə özünü büruzə verirdi. Ən çox uduzan xalqa arxalanaraq ölkənin bütövlüyü və tam müstəqilliyi uğrunda çalışanlar idi. Çünki, əvvələn, onlar meydanda tək idilər, heç bir kənar qüvvədən dəstək almırdılar. İkincisi, digər dörd qüvvə öz paylarını almaq şərtilə Azərbaycanı bölməyə meyilli olduqlarından lazım gələndə xalq tərəfdarlarına qarşı birləşirdilər. Nəhayət, üçüncüsü, təbii ki, bütün siyasi qüvvələr maskalanaraq xalq adından fəaliyyət göstərir və kimin kimliyi məsələsində xaos yaradılmasına nail olurdular. Bu da onlara özlərini qoruyub saxlamağa imkan verirdi. Xalq tərəfdarları isə açıq mübarizəyə can atdıqlarından onların siyasi imicini öldürmək üçün tez və asan vasitələr tapılırdı. Bu dövrdə həyat Azərbaycanın hər bri sakinini siyasətə və müharibəyə cəlb etmişdi. Çünki, həm siyasət, həm də müharibə adamların bu günkü və sabahkı həyatları ikə sıx bağlı idi. Bəhruz öz dostları Şirxan, İlham, Yavər və başqaları ilə vəziyyəti tez-tez müzakirə edir, bir vətəndaş kimi çıxış yolu axtarırdı.
-Biz nə edə bilərik, düşmən birdirmi, ikidirmi? Mafioz qruplar, xarici kəşfiyyat sadə adamların sadəlövhlüyündən məharətlə istiafdə edir, özümüzü özümüzə qarşı qoyurlar. Hadisələrin mahiyyətinə varanda baxırsan ki, əksəriyyəti DTK variantıdır. Demək, bizim bütün zülmlərimizdə də əsas rolu detekaçılar və əcnəbi dövlətlərin casusları oynayırlar. Xalq isə əslində onların gizlənmələrindən ötrü bir sipərdir. Bizim bircə yolumuz var: açıq mübarizə, lazım gəlsə əlbəyaxa döyüş. Bunu da ermənilərin başladıqları müharibədə etmək olar. Əgər biz tezliklə müharibəni uda bilsək, torpaqlarımızı işğalçılardan azad etsək, onda o biri düşmənlərimizin öhdəsindən də gələ bilərik-deyə, Bəhruz dostlarına qızğınlıqla izah edirdi-bu saat xalq üçün ən vacib məsələ torpaqlarımızın azad olunmasıdır.Biz döyüşməliyik.
Dekabrın ortalarında Bəhruz eşitdi ki, şərti olaraq “Qurtuluş” adlandırılan batalyon yaradılır. O, çox fikirləşmədən batalyona üzv yazıldı. Bundan xəbər tutan İlham, Şirxan, Yavər dostlarına baş çəkdilər. Batlyonun yaradılmasında bəzi siyasi qüvvələr fəallıq göstəridiklərinə görə onlar ciddi narahatlıq keçirirdilər. Bəhruz yaşına uyuşmayan təmkinliklə məsələnin məğzini onlara izah etdi:
-Bəzi siyasi qüvvələrin fəallığından mənim də xəbərim var. Ola bilsin kimlərsə siyasi imic qazanmaq, yaxud hansısa məqsədə çatmaq üçün bu işdə canfəşanlıq edirlər. Ancaq hər halda Bakıda yox, Qarabağda-ön cəbhədə vuruşacaq. Əsas məsələ budur. Eşitdiyimə görə üzv yazılanlar arasında təcrübəli döyüşçülər çoxdur.
-Onda biz niyə qalmışıq?...Mən günü sabah yazılacağam-İlham verdiyi suala özü cavab verdi.
-Sizi tək buraxmaq olmaz, əlinizdən xəta çıxar. Gərək özüm yanınızda olam-Yavər zarafatla dəstədən geri qalmayacağını bildirdi.
Şirxan əllərini yana açıb, çiyinlərini çəkdi:
-Siz harda, mən də orda-dedi.
Dekabrın 25-də, şaxtalı qış günündə batalyon cəbhəyə yola düşdü.
Dəstə əsasən könüllü vətənpərvərlərdən ibarət idi. Onlar azadlıq uğrunda canlarını əsirgəməyən igidlər idi. Ona görə də ağır döyüşlərin getdiyi ön cəbhəyə can atırdılar. Qarabağın şimalı batalyon üçün ilk döyüş meydanı oldu. Sırxavənd kəndinə hücum hazırlanırdı. Həmin vaxt Bəhruz kəşfiyyat qrupuna başçılıq edirdi. Qrupa konkret tapşırıq verilmişdi. Düşmənin artilleriya mövqeləri, canlı qüvvə və texnikası barədə ətraflı məlumat toplamaq gərəkdi. Komandirlə birgə Yavər və Şirxan tapşırığı yerinə yetirməyə yollandılar. Sübh erkən yola düşən qrup bir neçə saat sonra artıq düşmənin mövqelərinin əhatəsində idi. Onlar ehtiyatla hərəkət edir, atəş nöqtələrinin yerini və hətta cığırları, izləri xəritədə qeydə alırdılar. Hər postda düşmən əsgərlərinin və hərbi texnikasının sayını təxmini müəyyənləşdirib dəftərçəyə yazırdılar.
Günortaya yaxın qrup şose yolun kənarındakı sıx ağaclıqda özünə mövqe seçərək müşahidə aparırdı.
Uzaqdan maşın mühərrikinin səsi gəldi. Çox keçmədən aşağı döngədən “Ural” markalı iki hərbi yük maşını çıxdı. Qrupun gizləndiyi yerin bərabərində arxadakı maşının mühərriki xırıldayıb söndü. Birinci maşın da dayandı. Maşınların qapıları üzərində xaç şəkli vardı, ermənilər hərbi sursat daşıyrdılar. Birinci maşının sürücüsü kabinədən çıxıb arxa maşındakına ermənicə nəsə dedi. O da cavabında nəyi isə izah etdi. Sonra qabaqdakı maşın yoluna davam etdi. Və təpəni aşıb gözdən itdi. Deyəsən, gedən sürücü yoldaşına kömək göndərməyi vəd etdi. Xarab olan maşının sürücüsü bir az kabinədə oturub gözlədi, sonra düşüb mühərriki qurdalamağa başladı. Ətrafda sakitlik idi.
Bəhruz birdən qumbaraatanı götürüb:
-Uşaqlar, məni qoruyun, getdim dil götürməyə-deyib gizləndikləri yerdən açıqlığa çıxıb irəli yeridi. Yoldaşları onu saxlamağa və ya bir söz deməyə macal tapmadılar. Yavər nəsə pıçıldamaq istədi, ancaq Şirxan barmağını dodaqlarına söykəyərək “sus” işarəsi verdi.
Bəhruz ermənidən on-on beş metr aralıda dayanıb bərkdən “ахпер аристе” (qardaş bura gəl) dedi. Qəfil çağırışdan erməni diksindi. Karıxmış halda Bəhruza baxdı. Bu vaxt uzaqdan maşın səsi eşidildi. Deyəsən, erməni bundan cəsarətləndi. Yavaş-yavaş Bəhruza sarı gəldi. Onların arasında metr yarım məsafə qalanda Bəhruz bir anda polad tiyəli bıçağı düşməin xirtdəyinə sapladı. Düşmən əsgəri nə baş verdiyini anlamadan gəbərdi. Bəhruz onun cəsədini üstündən kənara atıb, maşına tərəf götürüldü. Qumbaraatanı maşının buferinə söykəyib, mühərriki işə salmağa çalışdı. Bu vaxt daha bir “Ural” maşını döngədən burularaq peyda oldu. Onun da qapısına xaç şəkli çəkilmişdi. Bəhruz özünü itirmədən sakitcə işində idi. Sürücü maşını saxladı. Qapını açıb düşmək istədiyi anda Bəhruz ildırım sürətilə sıçrayıb qumbaraatanı götürdü və atəş açdı. Maşın sürücü qarışıq alova büründü. Atəşin zərbə dalğası isə Bəhruzu yerə atdı. Yoldaşları cəld ətrafa baxa-baxa onun yanına qaçdılar. Bəhruza heç nə olmamışdı, yüngülcə zədələnmişdi. O tez ayağa qalxıb yanan maşına baxdı. Erməninin meyidi kabinədən başıaşağı sallanmışdı. Maşından qalın ütstü qalxırdı.
-Getdik-Bəhruz qumbaraatanı doldurub əmr verdi. Kəşfiyyatçılar yoldan 50-60 metr kənara çıxıb ağacların arası ilə getdilər. Üç-dörd dəqiqə keçmiş güclü partlayış səsi eşidildi. Partlayan yanan maşının benzin çəni idi. Az sonra atəş səsləri gəldi. Ermənilər küyə düşmüşdülər.
-Uşaqlar, cəld olun, ola bilər arxamızca düşsünlər-deyə, komandir sürəti artırdı. Ancaq tezliklə geri dönməli oldular. İrəlidə düşmən postu vardı. Ermənilərin hay-küyü aydın eşidilirdi. Dəstə ağacların sıx olduğu yerlərə çəkilib, bir neçə saat gözlədi. Toran qovuşan kimi gecələməyə əlverişli yer axtardılar. Ətrafı qalın kolluqlarla örtülmüş mağara üçünün də ürəyincə oldu. Bütün gecəni mağarada qaldılar. Bəhruz dinmzəcə oturub, uşaqlara kəlmə kəsməyə, hətta siqaret yandırmağa icazə vermirdi. Hərdən ətrafda ermənilərin bağırtı ilə bir-birlərini səsləmələri eşidilirdi. Hiss olunurdu ki, onlar kəşfiyyatçıları səylə axtarırlar.
Səhəri dirigözlü açdılar. Hava şaxtalı olduğundan gecə mağaranın içərilərinə çəkilmişdilər. Bura nisbətən isti olsa da nəmişlik idi. Nəfəs almaq çətinləşmişdi. Hava işıqlaşanda mağaranın ağzına yaxınlaşdılar. Ermənilərin səs-küyü gəlmirdi.
-Komandir, bəlkə tərpənək?-Yavər Bəhruza astadan dedi.
-Yox, hələ tezdir, dığalar qorxaq olsalar da tülküdən bicdirlər. Bir az keçsin görək nə olur. İndisə gəlin, toqqanın altını bərkidək.
-Azuqəmiz birdəfəlikdir- Şirxan qayğılı-qayğılı dilləndi.
-Eybi yox, Allah göydən baxır, bilir kimə kömək etmək lazımdır. Sən işində ol hər şey yaxşı olacaq-Bəhruz etinasızlıqla dedi.
Yeməkləri balıq konservi və çörəkdən ibarət idi. Yeməyi qurtarıb hər kəs öz qabında su içdi. Qışın soyuğunda buz kimi su dişlərini ağrıtdı. Yavər əl atıb siqaret çıxarmaq istəyəndə ermənilərin səsləri eşidildi.
-Lənət sənə kor şeytan, köpək uşağı istirahətimizi pzdular-Yavər əsəbiliklə deyindi. Dərhal mağaranın dərinliyinə çəkildilər. Beləcə üç gün mağaradan kənara çıxmayıb ac-susuz qaldılar.
Üçüncü gün səhər narın qar çiskinləməyə başladı. Axşamdan ermənilərin səsi kəsilmişdi. Günortaya qədər gözlədilər. Səs-səmir gəlmirdi. Kimsəsizliyə tam əmin olduqdan sonra bir-bir mağaradan çıxdılar. Bəhruz batalyonun yerləşdiyi istiqaməti kompasla müəyyənləşdirib, sürətlə şimal-qərb tərəfə yollanmaq göstərişini verdi. Ac olmalarına baxmayaraq bütün güclərini toplayıb yolu birnəfəsə gedirdilər. Çünki onların məlumatlarını batalyonda səbirsizlikə gözləyirdilər. Həm də qar üzərində ləpirləri qaldığından düşmən izə düşsəydi onları tez tapardı.
Bəhruz istiqaməti düz müəyyənləşdirmişdi. Heç bir maneəyə rast gəlmədən kəşfiyyat qrupu axşamüstü düşərgəyə çatdı. Ancaq batalyonda qrupun arxasınca əlavə qüvvə göndərmək barədə fikirləşiridlər.
Kəşfiyyatçıların gətirdikəri məlumatlar təhlil olunaraq müvafiq hücum planı hazırlanırdı. Hücumun dəqiq vaxtı iki gün sonraya təyin olundu.

Batalyon döyüşə hazırlaşan əsgərlər qüvvələrini səfərbər etmək üçün dincəlirdilər. Yavər dostunun şücaəti barədə uşaqlara hərarətlə danışırdı –and olsun Allaha düz sözümdür elə bil kinoya baxırsan . Sonbeşik erməniyə şirin- şirin necə “ахпер” dedisə bədbəxt oğlu yemə gələn quzu kimi irəli cumdu. Gözünə döndüyüm komandir də işini elə bitirdi ki, heç ruhu da incimədi. Belə söhbətləri Bəhruz xoşlamırdı. Ancaq özündən çox istədiyi Yavərin xətrinə dəymək istəmirdi. Müharibə onların talelərini bir düyündə elə birləşdirmişdi ki, lazım gəlsəydi bir-birlərindən ötrü ölümə gedəridlər. Bəhruzun güllələr altında, insan xarakterinin ən bariz açıldığı anlardan inanıb dostlaşdığı yaxınları çox idi. Onlar dərk edirilər ki, ölüm başlarının üstündən asılıb. Ancaq vicdanlarının hökmü ilə vətən yolunda ölümü yaşamaqdan üstün turdular. Yox onlar bu dünyaya ölmək üçün göz açmamışdılar. Sadəcə Tanrı onları azad və əyilməz yaratmışdı. Onlar hətta yaşadıqları cəmiyyətin tör-töküntülərini də qəbul edə bilmirdilər. Öz amalları və əməlləri ilə yalnız qəlblərdə arzulanan hansısa daha yüksək cəmiyyətə mənsub idilər. Bu gənclərin istedadı insanlıq idi. Onlar insanlığın qələbəsi uğrunda vuruşurdular və buna görə də cismani ölüm onlara bəşərilik və yaşarlıq bəxş edirdi.
Sırxavənd döyüşü bütün gün ərzində davam etdi. Həmin ərazidə yaşayış məntəqəsi olması və yol üstündə yerləşməsi kəndin strateji əhəmiyyətini artırırdı. Hər iki tərəf əvvəl artilleriya atəşi ilə mövqeləri sarsıtmağa çalışdı. Sonra zirehli texnikanı irəli verib, əsas gücü snayperlərin üzərinə saldılar. Texnikanın manevr etməsini ərazinin coğrafiyası məhdudlaşıdırdığından tezliklə piyadalara hücum əmri verildi. Ermənilər müdafiəni o dərəcədə gücləndirmişdilər ki, əslində kimin hücum etməsi bəlli olmurdu. Hər iki tərəfdən xeyli itki vardı. Kəşfiyyatçılar qrupu ən qızğın cinahda vuruşurdu. Bəhruz bir düşmən tankını vurub sıradan çıxarmışdı. Günortaya yaxın döyüşə əlavə qüvvələr cəlb olundu. Düşməni sıxışdırmaq əmri verildi. Bəhruz əlvrişli mövqe tutmaq üçün yerini dəyişəndə uşaqlardan birinin xeyli qabağa çıxdığını gördü. Bunu düşmənlər də sezmişdi. İgid döyüşçünün mövqeyi gülləbaran edilirdi. Ölümsaçan güllələrdən yayınmaq mümkün deyildi. Təxminən on dəqiqə aramsız atışmadan sonra döyüşçü yaralanaraq taqətsiz qaldı. Bəhruz fikirləşmədən ona sarı şığıdı. Düşmən atəşi ara vermədiyindən dizin-dizin sürünməyə başladı. O, gah yerə sinərək hərəkətsiz qalır, gah yerini dəyişir, gah da irəli qaçırdı. Yaralıya çatanda qeyri-ixtiyari “İlham” deyə bağırdı. İlham gözlərini ağır-ağır açdı.
-Gəlmisən qardaş, bilirdim ki, birinci sən özünü çatdıracaqsan-dedi.
-Qorxma, indicə burdan cıxacağıq. Hər şey yaxşı olacaq-Bəhruz dostuna toxtaqlıq verdi.
-Sonbeşiyin yanında mənə ölüm yoxdur!-İlham güclə gülümsəməyə başladı.
Vəziyyət ciddi idi. İlham sinəsindən ağır yaralanmışdı. Qan onu aparırdı. Ötən hər saniyə ölümə bərabər idi. Bəhruz baxdı ki, gəldiyi yolla geri qayıtmaq mümkün deyil. Yaxınlıqdan arx keçirdi. Arx dayaz və quru idi. Bəhruz dostunu qucaqladı. Yumalanıb onunla birgə arxa düşdü. İlham qucağında arxası üstə sürünməyə başladı. Tezliklə uşaqlar köməyə gəldilər. Yaralını xərəyə qoyub arxaya göndərdilər.
Bəhruz döyüşə qayıtdı. Komandiri olduğu qrupun mövqeyi güclü minomyot atəşinə tutulduğundan digər bölmələrdən ayrı düşmüşdü. Bunun nəticəsi isə fəlakətli ola bilərdi. Mövqeni sürətlə dəyişmək lazım idi. Yoxsa mühasirəyə düşmək qorxusu var idi. Hətta döyüşçülərin bəziləri geri çəkilmək barədə danışırdı. Bəhruz tez cəsarətli uşaqları bir yerə yığdı. O,qısa, ancaq inamla danışdı:
-Erməninin qabağından qaçmaqdansa, minaya düşüb parça-parça olmaq yaxşıdır. Döyüşü uduzanda da gərək kişi kimi uduzasan. Cəsarət qələbənin yarısı deməkdir. Napaleon deyib ki, “bir türk əsgəri döyüşdə on beş fransız əsgərinə bərabərdir”. Möhkəm durun.
Sonra Yuriyə, Şirxana, Yavərə və digərlərinə konkret tapşırıqlar verdi. Özü isə səngərə keçdi, yoldaşları ilə birgə atışa-atışa yeni mövqeyə keçməyə nail oldu.
Döyüş səngiyən tək Bəhruz İlhamı yoluxmaq istədi. Ancaq dedilər ki, vəziyyəti ağır olduğundan qospitala göndəridlər İki gün sonra isə öyrəndi ki, cərrahiyə əməliyyatı vacib olduğundan onu Bakıya yola salıblar.
...Bəhruz soyuqlamışdı. Böyrəkləri yaman ağrıyırdı. Qarda, şaxtada, meşədə, dağda gecələməsi səhhətinə mənfi təsir edirdi. Dostları çox dilə tutsalar da müalicə üçün qospitala getmirdi. Deyirdi qoyun bir az ara sakitləşsin sonra baxarıq.
Bir axşam batalyon rəhbərliyi Bəhruzu çağırıb konkret göstəriş verdi:
-Təcili olaraq “dil” gətirmək lazımdır.
O, özü ilə Yavər və Hilalı götürdü. Gecə ikən yola düşdülər. Saat yarım sonra cəbhə xəttini keçib, düşmən mövqelərinə yaxınlaşdılar. Gecə saat on iki radələrindı qrup artıq Ermənistan ordusunun talada məskən salmış düşərgəsini diqqətlə müşahidə edirdi. Soyuq qış günü olsa da səmada ulduzlar sayrışırdı. Ay işığında hər yan apaydın görsənirdi. Düşərgədə təxminən bir batalyon yerlşmiş olardı. Bəhruz bunu çadırların və texnikanın sayına görə müəyyənləşdirirdi. Düşərgənin iki çıxacağında gözətçi məntəqəsi vardı. Hərəsində iki növbətçi dayanmışdı. Kəşfiyyatçılar cənub istiqamətindəki məntəqənin gözətçilərindən birini öldürüb, digərini diri tutmağı qət etdilər. Əməliyyata başlamaq istəyirdilər ki, yüngül addım səsləri onları dayanmağa məcbur etdi. Ayrı-ayrı çadırlardan çıxan iki nəfər düşmən əsgəri oğrun-oğrun gedib düşərgədən azca kənarda olan taxta tikiliyə girdilər. Bu, kəşfiyyatçıların planını büsbütün pozurdu.
-Nə edək?-Hilal dilxorcasına pıçıldadı.
-Bir neçə dəqiqə sakitcə nə etmək barədə düşündülər. Yavər təklif etdi:
-Bəlkə elə bu iki nəfərin məsələsini həll edək.
-Pis fikir deyil-bayaqdan bu haqda fikirləşən Bəhruz dedi-ancaq, ora hamamdır, bacasını görürsünüz, həm də təzə söndürülüb, yaxınlıqda tüstülənən kösöv bunu göstərir. Amma, bu iki nəfər niyə xəlvəti ora girdi, bilmirəm. Hər halda burda bir sirr var. Məncə, onları daha səssiz götürmək olar, çünki nisbətən aralıdadırlar.
Pıçıltı ilə məsləhətləşib səsiz-səmirsiz hamama yaxınlaşdılar. Bəhruz qulağını taxta qapıya söykəyib içərini dinşədi. İçəridən boğuq inilti və pıçıltı gəlirdi. Əvvəl elə başa düşdü ki, kimisə boğurlar. Sonra bir də diqqətlə dinləyib, məsələnin nə yerdə olduğunu anladı. İstehza ilə gülümsünüb:
-İkisini də diri tutub aparacağıq, hesab edin ki, onlar əlimizdədirlər-dedi. Sonra yoldaşlarına necə hərəkət etməyi başa salıb, birlikdə ehmalca içəri girdilər . Uzun taxta oturacağın üstündə iki nəfərin bir-birinə sarmaşdığını görən Hilal təəccübdən çiyinlərini çəkib Bəhruzu dümsüklədi, əlinin işarəsi ilə “bu nə olan işdir” soruşdu. Komandir də əlinin işarəsi ilə ona “dinmə, səbr elə” cavabını verdi. Sonra səsini boğub rus dilində pçıltı ilə amiranə tonda dedi:
-Yoldaş əsgərlər, bu nə deməkdir!
-Qəfil yanan əl fanarının işığından gözləri qamaşan aşiq-məşuq tövrlərini pozmadan ayağa qalxdılar. Qadın nəşəli halda soruşdu:
-Nə var, nə olub leytenant?
Bəhruz bildi ki, qadın onu kiməsə oxşadıb. Odur ki, səsini azca mülayimləşdirərək “geyin, bilərsən” dedi. Kişi şalvarını geyinən kimi qadın baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb, ermənicə ona nəsə anlatdı. O da donquldana-donquldana əlini cibinə saldı, bir əskinaz çıxarıb adına verdi. Qadın şeytancasına gülüb “mersi” dedi.
Aşiq-məşuq geyinib qurtaran tək Bəhruzu “him” elədi. Yavər kişinin peysərinə güclü zərbə vurub huşdan saldı. Hilal isə bir əli ilə qadının ağzını qapayıb, digər əli ilə bədənini sıxaraq tərpənməyə qoymadı. Sonra hər ikisinin əl-qollarını bağlayıb, ağızlarına dəsmal tıxadılar. Yavərlə Hilal kişini çiyinlərinə aldılar, Bəhruz isə qadının qolundan tutub çıxdılar. Ətrafda sakitlik idi. Düşərgə yatırdı. Kəşfiyyatçılar düşərgənin ərazisini tərk edən anda göyə fişəng atıldı. Sonra kimsə gözətçini hayladı. Bir neçə saniyə keçmiş ermənilərin qarmaqarışıq səsləri eşidilməyə başladı. Bəhruz kəşfiyyatçı fəhmi ilə anladı ki, bu hay-küy nə isə başqa məsələdir, onlara dəxli yoxdur. Ancaq hər halda gəldikləri yolda geri qayıtmaq təhlükəli idi. Həmin yol birbaşa cəbhə xəttindən keçdiyindən bir hadisə baş versə dərhal oranı nəzarətə götürəcəkdilər.
Qrup meşənin dərinliyinə yönəlib, dolayı yol keçdi. Saat yarım keçmiş kişi huşa gəlib kisənin içərisindən çabalamağa başladı. Kisəni yerə qoyub ağzını açdılar. Kişini ayıldıb qabaqlarına qatdılar.
Gecə saat üç radələrində hündür bir yerdə Bəhruz qrupu dayandırdı. Bu həm qayalıq idi, həm də ətrafı düzənlik olduğundan gələn qaraltı aydın seziləcəkdi. Daldalıqda nəfəslərini dərmək üçün əyləşdilər. Yoldaşlarına aydın olması üçüb Bəhruz dedi:
-Buralara erməninin əli çatmaz, təhlükəsizdir. Aranlıqda getsək aza bilərik. Yaxşısı budur , sübhün açılmasını gözləyək. Bir-iki saatlıq yolumuz qalıb.
-Bu köpəkoğlu lap nəfəsimizi kəsdi-Yavər kişini göstərib başını buladı.
-Qanacqsız oğlu qanacaqsız elə bil bura kefə gəlib, guya Parijdə-zaddadı, daha demir adamın başına torba salıb oğurlayarlar-Hilal gülə-gülə kişini lağa qoydu.
Kişi ondan söhbət getdiyini başa düşüb, yaltaqcasına irişmək istədi. Ancaq ağzında dəsmal olduğundan sifəti əcaib şəklə düşdü. O, inildəyib, başının işarəsi ilə danışmaq istədiyini bildirdi. Bəhruz onun ağzının açılmasına icazə verdi. Hilal kişinin ağzına basdığı dəsmalı çıxartdı. O dərhal qəribə erməni ləhcəsilə tez-tez danışmağa başaldı. Anlayanda ki, onu başa düşmürlər, üzünü qıza tutdu. Bəhruz qadının da ağzından dəsmalı çıxarmaq əmri verdi. Sonra qadından rusca soruşdu:
-Bu nə çərənləyir belə?
Qadın erməni ləhcəsində təmiz türkcə cavab verdi:
-Sizdən imdad diləyir, deyir məni buraxsanız sizə çoxlu pul verərəm.
-Sənə verdiyindən?-Hilal rişxənd elədi.
-Bu hansı millətdəndir?-Bəhruz soruşdu.
-Livan ermənisidir.
-Bəs sən hara ermənisisən?
-Qarabağlıyam.
-Kəs səsini ləçər!-hiddətindən Bəhruzun səsi titrədi-hardan oldun qarabağlı, siz hamınız bu torpaqda qonaqsınız.
Bəhruzun qəzəbini duyan qadın qorxa-qorxa:
-Axı, mən step-O..., udğundu və Xankəndində anadan olmuşam dedi.
-Belə de... bəs nəslin-kökün Qarabağa haradan gəlib, bunu da bilirsənmi? Bəhruz kinayə ilə soruşdu və qəsdən avtomatı ayağa çəkdi.
Qadın cavabı ləngitdi. Özünü ələ almağa çalışdı və buna nail oldu. Tövrünü pozmadan astaca dedi:
-Nənəm danışardı ki, ulu babamızı İrandan Qarabağa sürgün ediblər. Ancaq bunun mətləbə nə dəxli var, Qarabağ indi yenə udğundu-indi orda ermənilər yaşayır. Araya qısa lakin müdhiş sakitlik çökdü. Kəşfiyyatçılar düşmənə nifrətlərindən onları didib-parçalamağa hazır idilər. Ermənilər isə indicə onları öldürəcəklərindən qorxub sarılarını udmuşdular. Sakitlikdən Livan ermənisi istifadə etməyə çalışdı:
-Mənim Livanda evim-eşiyim, var-dövlətim, ailəm var. Başqasının torpağında gözüm yoxdur, mən vuruşub əvəzində pul alıram. Konkret sövdə təklif edirəm: məni buraxsanız, sizə çoxlu dollar verərəm.
-Komandir, həyasızlığın bu mərhələsində adamın beyninə güclü qan sızır, beynin fəaliyyəti pozulur, funksiyasını itirməklə ipin ucunu da itirir və nəticədə canını tapşırır vuruşub pul qazandığı torpağa-Yavər dözə bilməyib fikrini bildirdi.
-Səbr elə-Bəhruz onu dayandırdı-deyəsən bu bizi plebey hesab edir.
Üzünü livanlıya tutdu:
-Sən əminsən ki, pulla hər şeyi satın almaq olar?
-Cavan oğlan pul həyatdır!
-Bunu necə sübut edə bilərsən? Məsələn, biz kəşfiyyatçı kimi öz vəzifəmizi sənin puluna satmayacağıq.
-Onda siz... ağıllı adamlar deyilsiniz. Çünki onsuz da..-kişi azca fasilə verdi, qadına nəsə dedi, o da cavabında daşnak sözü işlətdi, sonra kişi əlini yelləyib sözünə davam etdi-Qarabağı satın alıblar. Bu söhbəti varlı, vəzifəli ermənilərdən eşitmişəm. Bizi bura müharibəyə yox, bəzi şuluq salanlara dərs vermək üçün gətiriblər. Yaxşısı budur, mənimlə razılaşın. Verdiyim pulla özünüzə dükan ala bilərsiniz. İstəsəniz sizə varlanmaqda kömək edərəm.
-Əvvələn, sən pulunu günahsız qanlar hesabına qazanmısan, buna görə də qazancının hamısını qan qusacaqsan. İkincisi, kim alıb,kim satıb bilmirəm, bu torpağın sahibləri bizik, biz də ki sənin kimi quldurlara qarşı vuruşub halal malımızı qoruyuruq. Sənə kim nə vəd edib, məni maraqlandırmır. Ancaq bizim torpaqlara kəc baxanların yeri əvvəl-axır bu torpağın altındadır. Sənin də taleyin bizim əlimizdədir. İşdir, bu müharibədən salamat çıxsan, əgər doğrudan da vətənin varsa, vətəninə qayıtsan dediklərimi ordakılara da çatdırarsan. Burada yaşayan həmvətənlərini isə tanımamış olmazsan. Yüz əlli ildir çörəyimizi yeyə-yeyə bizə nankorluq edirlər.
-Qadınlarınızı da bizdən yaxşı tanıyırsan, qədim peşənin mahir sənətkarlarıdır-Hilal acı-acı istehza etdi.
-Belə-belə işlər...-Bəhruz dərindən ah çəkdi,-Di durun gedək, bir azdan hava işıqlaşacaq.
Yavərlə Hilal “dil”lərinin ağızlarına yenidən dəsmal tıxadılar, komandirin arxasınca yola düzəldilər.
Bir həftə sonra batalyon Çıldıran kəndi ətrafında ağır döyüşlər keçirdi. Döyüşlərin birində Bəhruz ayağından ciddi yaralandı. Onu dərhal Bakıya ,qospitala göndərdilər.
Fevralın axırları idi. Bəhruzun yaralandığı gündən üç həftə keçirdi. Artıq o, axsaya-axsaya gəzirdi. Valideynləri, bacıları, qardaşı hər gün onu yoluxmaq üçün qospitala gəlirdilər. Bəhruz üçün nə qədər rahat olsa da daim cəbhəyə qayıtmaq haqqında düşünür,bundan ötrü ona qığılcım kifayət idi. Bir axşam dostlarını təzəcə yola salıb, xəstəxananın foyesində televizora baxırdı. Hərbi xəbərlər proqramında eşitdiyi sözlər onu sarsıtdı. Diktor bildirdi ki, düşmənin güclü təzyiqi altında Azərbaycan Ordusunun bir sıra hərbi hissələri itki verərək geri çəkilmişlər. “Qurtuluş” batalyonu döyüş meydanından beş əsgərin meyidini çıxara bilməmişdir. Batalyonun döyüşçüləri həmin ərazini daim atəş altında saxlayaraq düşməni yaxına buraxmırlar. Bəhruzun qəti qərara gəlməsi üçün bu xəbər kifayət etdi. Tez saatına baxdı. Gəncə qatarına yola düşməsinə saat yarım qalmışdı. Paltarını geyindi. Həyətə düşmək bəhanəsilə həkimi aldadıb, bayıra çıxdı. Taksi saxlatdırıb, əyləşdi:
-Dəmiryol vağzalına sür-dedi.
Səhərisi sübh erkən o, artıq batalyonda, döyüş dostlarının əhatəsində idi. Bəhruz necə, niyə gəldiyini söyləmədi. Sadəcə dedi ki, sağaldığından döyüşə qayıdıb. Ancaq dincini almamış döyüşlərin gətirilməsi üçün tədbir tökməyə başladı. Həmin gecə o, dostu Yavərlə birlikdə ölümün caynağına atılaraq meyitlərin beşini də cəbhə xəttindən çıxartdı. Qeyrəti yol vermədi ki, igid silahdaşlarının cəsədləri erməni quldurlarının əllərinə keçib təhqir olunsun.
Ertəsi gün Bəhruz yenidən cəbhəyə qayıdası oldu. Daşlı-çınqıllı torpaqda çox süründüyündən yarası sürtülüb açılmışdı. Üstəlik, şaxta vurub ayağını şişirtmişdi, yeriyə bilmirdi. Yoldaşlarının təkidi ilə müalicəsini başa çatdırmaq üçün geri qayıtdı.
Bəhruzun bu hərəkəti barədə eşidəndə onu əvvəldən və təzəcə tanıyan adamlar təəccüb içərisində donub qaldılar. Şübhəsiz ki, cəmiyyətin müxtəlif zümrələrinə mənsub olan adamlardan hər biri bunu öz dünyagörüşləri səviyyəsində izah etdilər. Hətta siyasi aksiya, yaxud özünü gözə soxmaq kimi cılız və bivec mülahizələr də yürüdüldü. Lakin onu yaxından tanıyan dostları və silahdaşları Bəhruzun fədakarlığını sabaha inamını itirən xalqın ürəyində ümid çırağı yandıran ən yüksək vətənpərvərlik nümunəsi sayırdılar.
Doğmalarından təkcə Allahverdi kişi bu işi bütövlükdə adi hal kimi qəbul etdi. O, çoxdan anlamışdı ki, oğlu üçün bundan məqbul yol ola bilməz. Buna görə də həmsöhbətlərini sakitcə dinləyir, yalnız Bəhruzu qınayanlara ürəyində rişxənd eləyirdi. Nadiyə isə yanıb-yaxılırdı. Niyə onun oğlunun bəxti belə gətirdi? Niyə məhz onun oğlu həmişə ölümün bir addımlığında olmalıdır? Axı niyə? Və bu suallar ana ürəyini sıxır, qəlbini didib-parçalayırdı. Gözünün yaşını zülüm-zülüm tökürdü.
-Vallah gedəcəyəm, gedib yazılacağam qadınlar batalyonuna. Qoy desinlər ki, Bəhruzun anası qoca vaxtında oğluna görə gedib cəbhədə vuruşur-o, bu sözlərlə Bəhruzun qəlbinə təsir etməyə çalışırdı.
-Ay mənim qoçaq anam-deyə, Bəhruz anasının könlünü zarafatla almaq istəyirdi. Doğrudan gedəcəksən? Nə yaxşı, nə yaxşı, hamı bizi barmaqla göstərəcək ki, gözünüzə su verin, ana-bala əl-ələ verib torpağı qoruyurlar. Kaş hər kəs vətənini bu cür sevəydi. Mən də başıuca gəzəcəyəm ki, ağbirçək anam qəhrəmandır.
-Ah, ah, sənin öhdəndən gəlmək çətindir-əlacsızlıqdan başını yelləyən Nadiyənin üzü göz yaşları içərisində gülürdü.
İki ay idi ki, Bəhruz Bakıda müalicə olunurdu. Xəstəxanada qərar tuta bilmədiyindən evdə qalır, iki-üç gündən bir poliklinikaya gedib yarasını sarıtdırırdı. Özünü yaxşı hiss edən kimi dərslərinə davam etməyə başladı. Yoldaşlarından xeyli geri qaldığı üçün səylə oxuyurdu. Tez-tez soyuducular zavoduna da baş çəkməyi unutmurdu. Zavodda Bəhruzun az işləməsinə baxmayaraq əsgərliyə buradan getdiyi üçün adı kollektivin sırasında idi. O, zavoddakı işini sevirdi və həmişə deyirdi ki, Allah qoysa müharibə qurtarandan sonra öz işimə qayıdacağam.
Arada yaralı olduğuna və cəsur döyüş yolu keçdiyinə görə Nizami rayonunun hərbi komissarı polkovnik Maniyev komissarlıqda ona müvafiq iş təklif etdi. Bəhruz komissarın təklifindən hörmətlə, lakin qəti şəkildə imtina etdi.
-Müharibədən yayınanları axtarmaq mənim peşəm deyil, mən döyüşçüyəm, yerim cəbhədir-dedi.
93-cü ilin yazında həm müharibə, həm də respublikanın siyasi həyatı yenidən qızışdı. Beynəlxalq imperializmin, dünya mafioz qruplarının və ən iri dövlətlərin dəstəklədiyi Ermənistan öz ərazisini artırmaq mqəsədilə Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsində yeni müvəffəqiyyətlər qazanmaqda idi. Artıq bir ildən çox idi ki, Qubadlıdan tutmuş Kəlbəcərə qədər Qarabağın bütün dağlıq hissəsi düşmən tapdağı altında inləyirdi. Müharibədə asan irəliləyişə nail olan işğalçılar şirnikərək Qarabağın dağətəyi zonasına göz dikmişdilər. Bir sıra rayonları yüngül döyüşlərlə ələ keçirən düşmən Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın ən varlı şəhəri Ağdamı talamaq arzusu ilə alışıb yanırdı. Azərbaycan milli Ordusuna soxulmuş satqınların, təxribatçıların köməyi ilə əksər şəhər və kəndlər düşmənə döyüşsüz təslim edilirdi. Xarici dövlətlərin casus şəbəkələri öz işlərini məharətlə görürdülər. Dünya siyasətinə getdikcə daha müstəqil qoşulan Azərbaycan Türkiyədən az-çox kömək aldığına baxmayaraq əslində nəhəg dövlətlərlə münasibətlərdə təklənmişdi.
May ayının axırlarında Bəhruzun ayağı tamamilə sağalmışdı. O, dostları ilə tez-tez bir yerə yığışır, cəbhədəki vəziyyəti müzakirə e dir, birlikdə nə etmək haqqında düşünürdülər. Belə görüşlərin birində Azər məlumat verdi ki, köhnə beynəlmiləl batalyon xüsusi təyinatlı batalyon kimi yenidən təşkil olunur. Bu uşaqlarda inam oyatdı. Qərara aldılar ki, tezliklə doğma batalyona qayıtsınlar.
Batalyonun əvvəlki şöhrətini qaytarmaq onların arzusu idi.
Uşaqlar dağılışan tək Nadiyə oğlunu yanladı. Narahatlıqla şübhəli-şübhəli soruşdu:
-Söhbətiniz nə yaman səs-küylü keçdi?
-Eh... ay ana, hamısı əla oğlanlardı, torpaq uğrunda canlarını qurban verərlər.
-Azər nəsə hey batalyon deyirdi, nə məsələdir ki?-arvad şübhələndiyi işi öyrənmək istədi.
-Qeyri-adi bir şey yoxdur, bizim o birinci batalyon vardı ha, onu bərpa ediblər. Uşaqlar yenə bir yerə yığışacaq.
O saat Nadiyənin gözləri doldu:
-Oğul, qurbanın olum, ölüm ayağının altında sən bu dəfə getmə-deyə, yalvardı.
Bəhruzun çatma qaşları çatıldı, qaşlarının arasında düyün əmələ gəldi və bu, onun sifətinə zəhmli görkəm verdi. Mülayim və ağır səslə soruşdu:
-Necə getməyim, ay ana?! Kişilikdən, vətəndən dəm vurum, ancaq məqamı gələndə çıxım aradan, hə?1 Tanıyan-bilən də desin ki, Allahverdi kişi ilə Nadiyənin oğlu qorxaqdı, camaatı qabağa verib özü qaçır. Ermənilər də torpağı tutur-tutsun, cəhənnəmə ki, təki mən salamat qalım. Yox, ay ana, min dəfə yox! Döyüşmək lazımdır, döyüşmək! Biz döyüşməsək, çox şey itirəcəyik. Sənin Qarabağından isə heç nə qalmayacaq.
Bəhruzun görkəmi, danışığı, duruşu, zəhmi Nadiyəni qorxutdu. Özü də hiss etdi ki, oğlu ilə münasibətlərində birdən-birə dərin dəyişiklik baş verdi. Ana bu ana qədər uşaq sandığı övladının ağırlaşdığını, kişiləşdiyini duydu. Və bu duyğu onun qırımını qırdı. Nadiyə başa düşdü ki, Bəhruz daha sərbəst kişidir, həyatdan özü baş çıxardır və həyat yolunu da özü müəyyənləşdirir. Lakin oğlunun taleyindən narahat olan ana ürəyi tab gətirmədi, yana-yana, pörşələnə-pörşələnə dedi:
-Güllə qabağına getmək elə sizə qalıb? Neçə illərdir vuruşursunuz, odun-alovun içərisindən çıxmamısınız, nə qədər igid dostlarınız həlak olub. Amma nə olsun? Torpaqlarımızı ki, ermənilər tutdu, el-obamızı viran qoydular. Sən güllə qabağında duranda vəzifəlilərin, varlıların balaları burada gözümüzün qabağında rahatca gəzirlər, xarici maşınlarda elədən-eləyə, belədən-beləyə şütüyürlər.
Bəhruz bir söz demədən sakitcə dayanıb zəndlə anasına baxırdı. O, anasını başa düşürdü, bilirdi ki, ürəyindəkiləri demir. Cəmiyyətdəki haqsızlıqlar, bərabərsizlik onun ürəyini dağıdır, övlad məhəbbəti isə oğlunu hifz etmək eşqi ilə qəlbini alovlandırır.
Bəhruzun təmkinliliklə susmağından və zəndli baxışlarından Nadiyə süstaldı. Səsini yavaşıdaraq kəsdi və yorğun-arğın oturub Bəhruza baxmağa başladı. Bəhruz anasının fikirdən yorulduğunu duydu və dərindən yüngülləşdirmək üçün ötəri gülümsünüb dedi:
-Yaxşı, arxayın ol, heç yana getməyəcəyəm.
Nadiyə də oğlunun niyə belə söz verdiyini anladı və ürəyində gəzdirdiyi bir mətləbin vaxtı çatdığını düşünərək dedi:
-Bir söz deyəcəyəm, amma yox demə. Atana da demişəm, razıdır. Səni nişanlamaq istəyirik.
-Kimi nişanlamaq istəyirsiniz?-Bəhruz səksəkə ilə anasından söz almaq istədi.
-Dostların mənə pıçıldayıblar, sən bir qız istəyirsən, ona nişan aparmaq fikrindəyik.
Bəhruzun eyni açıldı:
-Xahiş etdiyin üçün yox demirəm, ancaq bu işlərin vaxtı deyil. Allah qoysa, vaxtı çatanda ürəyiniz istəyən kimi edərsiniz.
Bir neçə gün sonra axşam Bəhruz evə qanıqara gəldi. Onun bu halını Nadiyə də sezdi, amma ürəyi əsdiyindən soruşmağa cəsarət etmədi.
Gecənin bir aləmi oğlunun “ana” çağırışından Nadiyə yuxudan dik atıldı. Əvvəl elə bildi yuxu görür, “bismillah” deyib, yerində oturdu. Sonra gördü yox, Bəhruz həqiqətən onu çağırır. Saata baxdı. Üçə qalmışdı. Hövlnak geyinib yataq otağından çıxdı. Bəhruz qapının ağzında dayanmışdı.
-Ana, keç mətbəxə sənə sözüm var-onun səsində kədər duyuldu.
Nadiyə gecənin bu gözündə nə söz olacağını hiss etmişdi. Buna görə də kəlmə kəsmədən iztirab içində oğluna baxırdı.
-Ana-Bəhruz kədərli-kədərli sözünə başladı-söz vermişdim ki, heç yana getməyəcəyəm. Ancaq dözə bilmirəm, getməliyəm. Yavərlə Hilalı öldürüblər. Onların qanını alamlıyam. Yoxsa ki, ermənilər torpaqlarımızı qanla yoğuracaqlar. Taxılımız, otumuz-ələfimiz, bağlarımız qanla suvarılacaq. Bizə qan udduracaqlar. Bilirəm, sənə zülm olur, dərd çəkirsən. Amma, bağışla məni, dözə bilmirəm, getməliyəm. Yoxsa gözlərinin qabağında ürəyim partlayar, o da sənə dərd olar. Bağışla məni!
Nadiyə bu sözlərin qabağında deməyə söz tapmadı. Yalnız onu bildi ki, oğlunun başını qucaqlayıb için-için ağladı.
Ertəsi gün Bəhruzu yenidən cəbhəyə yola salmaq üçün ailə yenə bir yerə toplaşmışdı. Bəhruz əvvəl Allahverdi kişi ilə öpüşüb görüşdü, sonra bacıları ilə. Qardaşı İlham onu qucaqlayanda ehmalca cibinə pul saldı. O da anası ilə sağollaşanda pulu xəlvətcə çıxarıb onun cibinə qoydu. Nadiyə etiraz etmək istədikdə onu qucaqlayıb hərəkət etməyə qoymadı:
-Ay ana, pul mənim nəyimə gərəkdi, orada mənə silah lazımdır, onu da verəcəklər deyə, onun qulağına pıçıldadı.
Bəhruz köhnə döyüşçü dostları ilə birlikdə Ağdərəyə erkən səhər çatdı. Hərbi baza şərti olaraq “tutluq” adlanan sahədə yerləşirdi. Əsgərlər səhər yeməyini yenicə qurtarmışdılar ki, həyəcan siqnalı verildi. Dərhal ön mövqeye getmək üçün iki maşın hazırlandı. Bəhruzgilin 772 nömrəli doğma batalyonu həmin ərazidə vuruşurdu. Maşınlar yola çıxanda Bəhruzla Azər ştab rəisinə yaxınlaşıb özlərinin də göndərilmələrini xahiş etdilər. Lakin, rəis onların yoldan təzə gəldiklərini səbəb göstərərək dincəlmələrini məsləhət gördü. Maşınlar yerlərindən tərpənəndə Bəhruz rəisin başqarışıqlığından istifadə edərək yüyürüb bana atıldı. Azər dostunu tək qoymayıb, onun dalınca götürüldü.
Ön xətt Lüləsaz kəndindən keçirdi. Nə vaxtsa buralara köçüb gəlmiş ermənilər havadarlarına arxalanaraq kəndin adını dəyişib Akop-Komarı qoymuşdular. Kənd uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Ötən gecə düşmən hücüm edib yerli özünümüdafiə batalyonunu geri çəkilməyə məcbur etmiş, hətta 3 əsgərin meyidini və bir yaralını döyüş meydanından çıxarmağa imkan verməmişdi.
Batalyon komandiri Bəhruzgili görəndə sevincini gizlətmədi:
- Oho... köhnə qvardiya xoş gəlib, səfa gətirib, həm də vaxtında gəlib deyə fəxrlə Bəhruzu qucaqladı.
Bəhruzu kəşfiyyat qrupunun komandiri təyin edib, öhdəsinə iyirmi nəfər əsgər verdilər. Qrup kəşfiyyat xarakterli olmaqla bərabər həm də çevik dəstə kimi döyüş vaxtı xüsusi tapşırıqları yerinə yetirməli idi. Elə həmin gün kəşfiyyatçılar cəsarətli əməliyyat keçirərək yaralını və cəsədləri düşmən cəngindən xilas etdilər. Bəhruzun qəhrəmanlıq sorağını çıxdan almış yerli batalyonun gənc əsgərləri onun qətiyyətli hərəkətlərinə, döyüşkənliyinə həsəd və iftixarla baxır, onu özləri üçün az qala əfsanəvi qəhrəman sayırdılar.
Lüləsaz kəndindən düşməni qovub çıxarmaq üçün hücüm əməliyyatı hazırlandı. Planın hazırlanmasında Bəhruzda iştirak edirdi. O, bu yerləri yaxşı tanıdığından komandirdən icazə alıb, təklif etdi:
-Ərazi meşəlik və dağlıq olduğundan kəndə üç yerdən-cənub, cənub-şərq və qərb istiqamətlərindən hücüm etmək əlverilişlidir. Hücum gözlənilməz olmalıdır. Ötən qış bu cür şəraitdə belə bir taktikadan “Qurtuluş” batalyonunda müvəffəqiyyətlə istifadə etmişdik.
Bəhruzun təklifi müzakirə olunub bəyənildi. Onun qrupu isə xüsusi tapşırıqla gecədən düşmən mövqelərinə yaxınlaşmalı, meşədə mövqe tutaraq hücumun gözlənilməz və sürətli olmasını təmin etməli idi.
Sübh tezdən batalyon tərəfdən atılan fişəng hücumun başlanması siqnalı oldu. Öz mövqeyində ayıq-sayıq dayanıb siqnalı gözləyən kəşfiyyat qrupu düşmən üzərinə atıldı. Düz burunlarının ucundan, göz qabağındakı meşədən güclü atəşə tutulan ermənilər çaş-baş qalıb, pərən-pərən düşdülər. Müxtəlif istiqamətlərdən açılan atəşlərdən özlərini itirən düşmən əsgərləri mühasirəyə düşdüklərini zənn etdilər. Bəhruz fürsəti əldən verməyərək “Uşaqlar arxamca gəlin!” bağırıb, atəş aça-aça qabağa yüyürdü. Onun əsgərləri komandirin şücaətindən ruhlanıb irəli atıldılar. Ermənilərin gözləri qorxduqlarından hədəfi itirib, hara gəldi atəş açırdılar. Kəşfiyyatçıların atəşləri isə məqsədyönlü və sərrast idi. Bəhruz öldürdüyü düşmən əsgərlərini sayırdı. İndiyədək haqlı qurbanlarının sayını aparmamışdı. Ancaq bu döyüşdən qabaq dostlarına söz vermişdi ki, Yavərlə Hilalın qanını mütləq alacaq. İki saatlıq döyüş ərzində o, artıq 14 nəfər düşmən əsgərini məhv etmişdi. Ermənilərin sıraları seyrələn kimi qaçmağa üz qoydular. Kəşfiyyatçılar onları təqib etməyə çalışdılar. Lakin, arxa mövqedə dayanan düşmən dəstələri özlərinə gəlib, iki dotdan pulemyot atəşini qızğın davam etdirməyə başladılar. Atəş həm qrup, həm də batalyonun əsas qüvvələri istiqamətində açılırdı. Bəhruz sərrast atəşlə kəşfiyyatçıların hücumunu saxlayan pulemyotu susdurdu. İkinci pulemyotun isə yeri daldalıqda olduğundan nişan almaq çətin idi. O, çox fikirləşmədən bir neçə qumbara götürüb, meşənin dərinliyinə irəlilədi. Təxminən on-on iki dəqiqə keçmiş qumbara partlayışından ikinci pulemyotun da külü göyə sovruldu. Artıq düşmənin geri çəkilməkdən savayı əlacı yox idi. Bir saat sonra Lüləsaz kəndi yerində isə top ətəşlərindən dağılmış və yanmış uçuq-sökük daxmaları qaralırdı.
İlk döyüşün uğurlu olması əsgərlərin mübarizliyini artırmışdı. Hamı bir-birini təbrik edirdi.
Ertəsi gün batalyon istirahət edirdi. Bəhruz yoldaşları ilə iri çinarın kölgəsində oturub ötən günlərin dostlarını yada salırdı.
-Bu neçə ildə döyüşlərdə elə dostlar itirmişəm ki onların ölümü məni ölənə qədər yandıracaq. Yavərlə nə qədər çətin günlərimiz olub. Həmişə də özünü kişi kimi aparıb. Qəribə işləri var dünyanın. Ermənilərin törətdikləri vəhşilikləri görürsən...qalırsan mat-məəttəl, insan adlı məxluqa nifrət edirsən. İgid dostlarını itirirsən...adamda həyata nifrət yaranır. Baxırsan ki, ermənilər də insan cildindədirlər. Amma dünən on dördünü öldürdüm, heç “uf” da demədim. Çünki onların ölümü haqdır. O qədər insanlığa yaraşmayan vəhşiliklər törədirlər ki, düşünürsən, yəqin ermənilər insan cildinə girmiş şeytan-zaddırlar. Bəhruz təəssüflə danışırdı.
-İndiyədək bu əclaflardan neçəsini öldürdüyünü bilirsən?- Rövşən maraqlanıb soruşdu.
Bəhruz ağır-ağır cavab verdi:
-Yox, onları saymıram, çünki saymağın faydası yoxdur. Deməyin ki, Bəhruz filosofluq edir, vallah, bizim onları öldürməyimiz, necə deyim, rəmzi məna daşıyır. Ermənilər özləri-özlərinə qəbir qazıblar. Tarix boyu özgə torpağında gözü qalanlardan heç kəs xoşbəxtlik tapmayıb. Torpaqlarımızı işğal edən ermənilərin nəsibi əvvəl-axır ölüm olacaq.
-Amma o günü görənə qədər bizimki bizə dəyəcək, igid dostlarımız, qardaşlarımız həlak olacaqlar- Azər təəssüflə fikrini bildirdi.
-Hə, düz deyirsən, Yavərlə Hilal kimi...-Bəhruz üzünü ona çevirib həsrətlə ağır-ağır təsdiqlədi. Bu dəm bölük komandiri, leytenant Asif Əliyev onlara yaxınlaşdı.
-Hə, uşaqlar, işlər necədir?- soruşdu.
Heç vaxt zarafatından qalmayan Sınıx yenə hazırcavablıq elədi:
-Turp kimi qıpqırmızı yoldaş leytenant. Bala-bala burunlarını əzirik, əzə-əzə onu da qulaqlarına tay edəcəyik.
Uşaqlar gülüşdülər. Leytenant ciddiləşərək:
-Gecəyə əməliyyat var, ciddi hazırlaşın. Bəhruz saat altıda batalyon komandirinin çadırında olursan!
-Oldu, yoldaş leytenant! Sonra Bəhruz Azərə dedi:
-Döyüşdən donra mütləq imkan tapıb anama zəng etməliyəm. Gələndən danışmamışam. Yəqin indi arvadın ürəyi partlayır. Mütləq zəng vuracağam. Qoy səsimi eşidib ürəyi yerinə gəlsin.
Həmin gecə saat 00.01 saniyədə 1993-cü ilin 16 iyun günü başladı. Kəşfiyyatçıların gətirdikləri məlumatlardan aydın olurdu ki, düşmən ordusunun bölmələri azad edilmiş kəndləri yenidən ələ keçirmək üçün səhər tezdən hücuma keçəcəklər. Dəqiq kəşfiyyat məlumatında hətta hücumun istiqaməti də göstərilirdi. Kəşfiyyat qrupuna çətin və məsul tapşırıq verilmişdi: düşmən hücumu istiqamətində pusqu qurub, onun ön dəstələrini darmadağın etmək.
Bəhruz Lüləsaz kəndinin yaxınlığındakı dərəni döyüş meydanı seçib, əlvrişli yerlərdə bir neçə pulemyot mövqeyi düzəltdirdi. Dərənin qurtaracağında isə minalar basdırdılar. Yaxşı təchiz olunmuş bir dəstə dərənin ağzında yerləşdirildi. Qalan səgərlər dərə boyunca yüksəklikdə özlərinə yer seçib gözləməyə başladılar. Bütün işlər gecə yarısı, səssiz-küysüz görüldü. Artıq səhər saat dördə yaxın düşməni “qarşılamaq” üçün bütün dəstə hazır vəziyyətdə idi. Erməni quldur dəstələri alaqaranlıqdan oğrun-oğrun irəliləməyə başladılar. Görünür, onların planı dərədən keçib batalyonu arxadan mühasirəyə almaq idi. Düşmən əsgərləri heç bir təhlükə hiss etmədən dərəyə girdilər. Təxminən əlliyə ayxın əsgər olardı. İçərilərində zəncilər və ruslar da vardı. Hamısı yaxşı silahlanmışdı. Beş nəfər cantaraq əsgər qabaqda gedirdi. Onlar səssizliyi görüb getdikcə sürətlərini artırır, sanki alın yazıları ilə məhkum olunduqları ölümə tələsirdilər. Dərənin çıxacağına çata-çatda onlardan biri gözlədikləri təhlükənin sovuşduğunu düşünərək geri dönüb sevinclə əlini yellədi. Arxadakılar onun nə demək istədiyini anlayıb, addımlarını yeyinlətdilər. Və bu an güclü mina partlayışları qabaqda gedənləri tikə-tikə edib hərəsini bir yana atdı. Bəhruzgilin əvvəlcədən şərtləşdikləri kimi bu, “atəş” əmri idi. Hər yandan silahlar guruldadı. Avtomatlar, pulemyotlar, qumbaraatanlar dilə gəldi, güllələr düşmən üzərinə dolu kimi yağdı. Hücum o qədər gözlənilməz və mütəşəkkil oldu ki, ermənilər şok vəziyyətinə düşdülər. Onlar sarsıntı içərisində dəlicəsinə hara gəldi atəş açır, hətta özlərini itirdiklərindən bəziləri yoldaşlarını da güllədən keçirirdilər.
Bəhruz bütün döyüşlərdə olduğu kimi qrupu bacarıqla idarə edir, əsgərlərinə qısa və aydın əmrlər verir, onların yerini tez-tez dəyişdirirdi. Özü də silahı əlindən yerə qoymur, sərrast və cəsarətli atəşləri ilə yoldaşlarını ürəkləndirirdi.
Yarım saatlıq atışmada düşmən əsgərlərini yarıdan çoxu qırıldı. Dəstənin tör-töküntüləri qaçmağa üz qoydular. Elə bu vaxt onların köməyinə göndərilən dəstələr döyüş meydanına yetişdilər. Yeni gələn dəstələrin arxasında isə minamyot və top atəşləri başlandı. Döyüş şiddətləndi.
Bəhruz hücuma keçmək əmri verdi. Çünki bilirdi ki, döyüşdə təşəbbüsü əldən versələr sonra onu geri qaytarmaq çətin olacaq.
-Torpaq uğrunda ardımca, irəli! -deyə, o var səsilə hayqırıb irəli şığıdı. Əsgərləri onun arxasınca atəş aça-aça düşmən üzərinə hücuma keçdilər. Bəhruzun məqsədi dərənin ağzını tutub, ermənilərin aradan çıxmasına yol verməmək idi. Buna görə də atəş aça-aça nəzərdə tutduğu yerə sarı yüyürürdü. Deyəsən, onun niyyətini düşmən başa düşmüşdü. Çünki, onun mövqeyi atəşə tutulurdu.
Artıq səhər açılmışdı. Günəş sərt baxışları ilə dünyanı işıqlandırır, hərarəti ilə torpağı canlandırırdı ki, bəşər oğlu əkib-biçsin, taxıl yetişdirsin. Ancaq neçə il idi ki, mənfur ermənilərin əlindən Yer kürəsinin bir damcı guşəsi Qarabağ torpağına qan tökülür, yerində ah-nalə və nifrət bitirdi. Erməniləri qızışdırıb ağıllarını başlarından çıxaran şeytanlar isə məqsədlərinə çatdıqca həzz və nəşə ilə xumarlanırdılar.
Bəhruz dərənin ağzına çatanda ermənilərin bir neçəsi aradan çıxıb əlverişli mövqe tuta bilmişdilər. Və indi pulemyotdan aramsız atəş açırdılar. Bəhruz ətrafı diqqətlə nəzərdən keçirdi. Sürətlə irəilədiyindən dəstədən xeyli aralanmışdı. Uşaqlar komandirsiz çətinə düşəcəkdilər. Geri qayıtmaq isə mümkün deyildi. Düşmən atəşi o dərəcədə güclü idi ki, geri qayıtsaydı mütləq vuracaqdılar. Düşündü ki, ən optimal variant ermənilərin atəş nöqtələrini məhv etməkdir. Odur ki yavaş-yavaş sürünüb gizləndiyi qayanın tinində qərar tutdu. Yeri köndələn idi. Nişan almaq olmurdu. Qumbaraatanı doldurub, düşmən pulemyotu tərəfə çevirdi. Birtəhər nişan almağa çalışdı. Yaxşı nişan ala bilməsə də atəş açmağı qərara aldı. Çünki pulemyot aramsız şaqqıldayaraq onun əsgərlərinə daldalandıqları yerdən tərpənməyə imkan vermirdi. Onun atəşi ermənilərin fikrini müəyyən anlığa uşaqlardan yayındıra bilərdi. Tətiyi çəkdi. Atəş guruldadı. Qumbaranın düşdüyü yeri aydın gördü və dəqiq bildi ki, hədəfə dəymədi. Nədənsə ermənilər susdular. “Tülkülük edirsiniz, əclaflar!”-deyə düşündü. Anladı ki, ermənilər qəsdən susur, onun çıxmağını gözləyirlər. Gizləndiyi yerdən çıxan kimi onu atəşə tutacaqlar. Bəhruz hədəfi hökmən məhv etməliydi. O bu an qərar vermişdi və qərarını mütləq yerinə yetirəcəkdi. Bunun üçünsə əlverişli mövqeyə çıxmaq lazım idi. O dərindən nəfəs aldı. Qəfil qayalıqdan dəbərib yan tərəfə, ağaclığa doğru qaçdı. Düşmən pulemyotu dərhal şaqqıldadı və Bəhruz sol qolunu tutub yerə yıxıldı. Gözünü yumub bir-iki dəqiqə yerdə hərəkətsiz qaldı ki, düşmən onun öldüyünü zənn etsin. Sonra gözlərini açıb asta-asta yaxınlıqdakı daşın arxasına süründü. İriçaplı pulemyot gülləsi dirsəkdən yuxarı qolunu parçalamışdı. Üstbaşı qan içində idi. Dəsmalını çıxarıb dişlərinin köməyi ilə birtəhər qolunu çiyin nahiyəsindən möhkəm sıxdı. Qan səngisə də tam kəsmədi. Hiss etdi ki, get-gedə gücdən düşür. Düşündü ki, qumbaraatanı özü ilə hərləmək faydasızdır. Atəş vaxtı onun zərbə dalğası güclü olduğundan tək əllə heç cür düzgün nişan ala bilməyəcəkdi. Belindəki əl qumbaralarını yoxladı, ikisi də yerində idi. Sağ qolunu alnına çəkib tərini sildi. Tərpənəndə ağrının şiddətindən inildəyib dişlərini bir-birinə qıcadı. İsti-isti ağrını hiss etməmişdi, yaranın əzabı təzə başlayırdı. Canını dişinə tutub birtəhər sağ böyrü üstə çevrildi. Bütün gücünü toplayıb, düşmən mövqeyinə sarı sürünməyə başladı.Qan-tər içində zülmlə məsafənin yarısını qət etdi. Daha taqəti qalmamışdı. Bir dəqiqəliyə dayanıb, dincini aldı. Erməni pulmeyotu şaqqıldadıqca Bəhruz hirsindən dişlərini qıcayır, üzündə istehzalı təbəssüm yaranırdı.
Üzü üstə sürünməyə gücü çatmadığından sağ tərəfə yanpörtü arxası üstə çevrildi. Ayaqlarını torpağa dayaq edib bədənini itələyə-itələyə sürünməyə çalışdı. Çətin olsa da irəliləyə bildi. On beş-iyirmi dəqiəlik əzabdan sonra sal qaya çıxıntısının altına çatdı. Beş-altı metr hündürlükdə, qayanın üstündə düşmən pulemyotu ölümsaçan güllələri səpələyirdi. Son gücünü toplayıb dizi üstə qalxdı. Sağ əli ilə qumbaranın birini götürdü. Başını qaldırıb yuxarı baxdı. Məsafəni gözəyarı ölçüb, fikirləşdi ki, gücü çatar. Qumbaranı düzgün və güclü ata bilməsəydi, geri qayıdıb onun özünü məhv edəcəkdi. Fikrində ölçüb-biçdikdən sonra qumbaranın fitilini dişləri ilə çəkdi, son gücünü toplayıb qayanın üstünə atdı. Bir an sonra eşidilən patrlayış düşmənin atəş nöqtəsini birdəfəlik susdurdu. Heysiz halda kürəyini daşa söykəyib, öz-özünə “bu da belə” dedi. Nəfəsi tıncıxmağa başladı. Elə bil havası çatmırdı. Ağlına gələn fikirdən diksindi. O saat anası gözlərinin qabağına gəldi. Dodaqlarının arasında “bağışla ana sənə zəng edə bilmədim” pıçıldadı. Ürəyinə gələn qara fikirləri qovmağa çalışdı. “Yox, hələ vaxtı deyil, torpaq erməni tapdağından qurtarmayınca mənə ölüm yoxdur” düşündü. İstədi geriyə, uşaqların yanına sürünsün. Buna gücü çatmadı. Geri qanrılmaq istəyirdi ki, birdən yer-göy lərzəyə gəldi, sanki dünyanın altını üstünə çevirdilər. Bir neçə metrlikdə yerə düşüb partlayan düşmən mərmisinin qəlpəsi Bəhruzun başından yaraladı. Huşunu itirib hərəkətsiz qaldı.
Özünə gələndə qarşısında boz dumandan qalın pərdə gördü. Gözlərini aça bilmirdi, ancaq dostlarından kimlərinsə hönkürtü səslərini aydın eşidirdi. Əvvəlcə hiss etdi ki, onu harasa qaldırırlar. Sonra uzun bir yol keçib getdi. Bundan sonra hər şey gözləri qabağında aydınlaşmağa başladı. Heç cür anlaya bilmədi ki, niyə öz əsgərlərinə, dostlarına yuxarıdan aşağı baxır? Gördü ki, onu götürüb aparırlar. Ancaq gözləri niyə yumuludur, bilmədi. Bəs, o, bütün bunları səmadan necə görür? Heç nə anlamadı. Dözməyib uşaqlara yaxınlaşdı, bir-bir soruşdu ki, onu hara aparırlar, o hələ vuruşmaq istəyir. Heç kimdən cavab almadı. Hövsələsi bir tikə oldu. Dostlarından xəbər aldı ki, axı, nə olub, niyə ağlayırsınız? Kimsədən səs çıxmadı, heç ona tərəf baxmadılar. Anladı ki, nəsə ciddi bir hadisə baş verib. Artıq o, dostları ilə gülüb-danışa, əlinə silah götürə bilməyəcək. Bunu dərk edəndə məyus oldu. Sürətlə aşağı enib özünün yaxasından yapışdı, var gücü ilə:
-Qalx, qalx, qalx deyirəm sənə, q-a-l-x!-deyə, silkələdi. Bir səs çıxmadığını, tərpəniş olmadığını gördükdə hirsindən ağlamaq onu tutdu. Amma gözlərindən səs çıxmadı, naəlac qalıb süstaldı. Birdən lap yüksəklikdən, səmanın ənginliklərindən qaibanə səs eşitdi. Yuxarı baxdı. Yanar halə içərisində ağsaçlı nurani qoca onu səsləyirdi. Qocanın dodaqları tərpənmirdi. Lakin onun “gəl bura” deyən səsini aydın eşidirdi. Dönüb bir də dostlarının hüznlü gözlərinə baxdı. Başını yuxarı çevirəndə qocanın yerində Yavəri gördü. Qardaş qədər sevdiyi dostu gülə-gülə ona əl verdi, işıq haləsi maqnit tək onu özünə çəkirdi. Tez əsgərlərinə tərəf sevinclə qışqırdı:
-Eheyyy, anama deyin məndən nigaran qalmasın, Yavərin yanına gedirəm! Mütləq çatdırın, dostumun yanına...
Və...Azərbaycanın torpaq uğrunda şəhid olan qəhrəman oğlu Bəhruz Nuriyevin müqəddəs ruhu ulu Tanrının ətəyinə üz tutdu. Uca göylər onun əbədi məskəni oldu. Bir də Azərbaycanın daşında, torpağında, ağaclarında, çiçəklərində, quşlarının nəğməsində, adamların hafizəsində, kitabların vərəqlərində, əksi həkk olunmuş mərmər lövhələrdə yaşayacaqdı onun ömrü. Əbədi, bəşəri və qəhrəman insan ömrü!

Son
Bakı, 1995-ci il

Öz xatirələri ilə bu kitabçanın yazılmasına kömək edən hər kəsə, habelə mərhum B.Nuriyevin valideynlərinə dərin minnətdarlığımı bildirirəm.
Müəllif

Viktor Konyaxin: QƏLP QƏZET (hekayə)

Surtukov qəzet buraxmağı qərara aldı. Bəs, nə bilmişdin? Gəlirli işdir. Hətta Puşkin meydanında olduğu kimi bir manatdan satsan belə, yenə kifayət qədər siyasi nüfuz qazanmaq olar.
Beləliklə, fikrini qətiləşdirdi və qərarını həyata keçirməyə başladı. Ancaq demək lazımdır ki, indiki vaxtda bu, o qədər də orijinal qərar deyildi.
Qəzet materialları kefin istəyən qədərdi.! Mikrofona buraxılmayan deputatlar musahibə verirdilər. Əldəqayırma tarixçilər tədqiqatlarını gözə soxurdular. Xalq müstəntiqlərinin kriminal-siyasi və cinayət xəbərləri baş alıb gedirdi. Şeirlər də yazılırdı:vağzal meydanı və Köhnələr barədə bu günün, hətta dünənin ən aktual məsələləri haqda.
Şifahi abunə kampaniyası kifayət qədər uğurlu keçdi. “Sən qəzetini çap elə, adama cüt-cüt alarıq”-deyə dostlar, tanışlar və qonşular vəd etdilər.
Bu əsnada xırda bir əngəl peyda oldu:Surtukovun qəzeti üçün ölkədə kağız tapılmadı... Eh.., necə də qəribə ölkədir, həmişə ən vacib anda ən mühüm şey tapılmır...
Bir vaxtlar rezin qaloşlar yoxa çıxmışdı. Sonralar ət və yun dalınca düşdük, tələssək də çatmadıq. Daha sonralar əlifbanın bir neçə hərfi olmadan keçindik.
İndi də kağız it-bata düşüb. Hara yoxa çıxıb?! Nə üçün?! Heç kim bilmir. Hardan tapmalı kağızı?! Hardan?!
Kağız verin! Kağız!
Kaağııızzz”
Sözsüz ki, sənayemiz yenə kəllə-mayallaq vurur. Nəyisə harasa dəyişdiriblər, buna görə də qonşu nazirlikdə aləm bir-birinə qarışıb.

 

Ardını oxu...

2 -dən səhifə 2

Oxşar məqalələr