AXTAR

Azərbaycanlı cərrah: “Valideynlər uşaqlarının qopmuş barmaqlarını götürüb gəlirlər”

cerrah

 

Son vaxtlar valideyn səhlənkarlığından azyaşlıların xəsarət alması ilə nəticələnən qəzalarla bağlı xəbərlərə tez-tez rast gəlirik. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun illik hesabatı da xəsarət alan uşaqların sayının artdığını təsdiqləyir.
İnstitutun əl cərrahiyyəsi şöbəsinin müdiri, professor Fikrət Qafarov virtualaz.org saytının bu mövzuda suallarını cavablandırıb.
- Tədbirdə bildirdiniz ki, uşaqlarınəlininətmaşınındavə yahansısaalətiniçində qalması ilə bağlı azqalahərhəftə müraciətdaxilolur.
- Bəli, son vaxtlar bu cür şikayətlərin sayı durmadan artır. Hətta bəzən həftədə 2-3 müraciət daxil olur. Uşaqların əli ət maşınında qalır, valideynlər qopmuş barmaqları götürüb gətirirlər ki, yerinə tikin. Evlərdə trenajorlar qoyurlar, uşaqların əli trenajorların arasında qalır. Paltaryuyan maşın işləyir, uşaq əlini maşının içinə salır. Texnikanın inkişafı uşaqların başında çatlayır. Azyaşlılar valideyn məsuliyyətsizliyinin qurbanına çevrilirlər. Amma valideyn məsuliyyətsizliyi bununla yekunlaşmır.
- Qopmuş barmaqları bərpa etmək mümkündürmü?
- Digər orqanlardan fərqli olaraq, əlin quruluşu mürəkkəbdir və kiçik bir zədə əlillik yaradır. Əli ət maşınında və ya hansısa alətin içərisində qalan hər 10 adamdan 8-i əlil qalır. Üstəlik, ət maşını travması travmaların ən ağır formasıdır. Baxırsan ki, əlin müəyyən hissələri qalıb, biz onun sümüyündən, dərisindən istifadə edirik. Çox zaman barmaqlar gedir, sümükdən istifadə edə bilirik. Çətinliyimiz odur ki, biz illərlə o əlin üstündə işləyirik.
- Dediniz ki, valideyn səhlənkarlığı bununla da yekunlaşmır
- Bir də anadangəlmə qüsurlar var. Valideyn səhlənkarlığı nəticəsində əlin anadangəlmə qüsurları ilə bağlı müraciətlər gecikmiş olur. Uşaq 15-16 yaşına çatır, sonra əldəki qüsurlarla bağlı müraciət edirlər. Gec müraciətin səbəbini soruşanda deyirlər ki, Allah bunu belə yaradıb, həkimə aparmaqla yaradana qarşı çıxmaq olmaz. Uşaq böyüyür, yaşıdları arasında sıxılıb çəkinir. Halbuki, vaxtında həmin qüsuru sadə əməliyyatla aradan qaldırmaq mümkün idi. Daha çox anadangəlmə əyri barmaq, barmaqların bir-birinə bitişməsi, barmağın birinin qısa olması kimi qüsurlarla rastlaşırıq. Vaxtında və yalnız əl cərrahiyyəsi üzrə ixtisaslaşmış həkimə müraciət etmək lazımdır.
- İndi ölkədəki əksər özəl klinikalarda cərrahiyyə şöbələri var. Təbii ki, qəza və ya anadangəlmə qüsurlara görə klinikalarda da əməliyyatlar aparılır. Bəs fəsadlaşma və ya düzgün aparılmayan əməliyyatlarla bağlı müraciətlər olurmu?
- Təkcə özəl klinikalarda deyil, hətta İran və digər ölkələrdə aparılan əməliyyatlardan sonra fəsadlaşma ilə bağlı müraciətlər çox olur. Xəstələrimizin 30 faizi əməliyyatdan sonra fəsadlarla gələnlərdir. Fəsadlaşma deyərkən, onu nəzərdə tuturuq ki, cərrahiyyədə texniki və taktiki cəhətdən səhvlər olur. Bəzən əməliyyatın vaxtını düzgün təyin etmirlər, məsələn, bu yaşda, bu dövrdə həmin əməliyyatı etmək olmaz. Bəzən isə əməliyyat gedişində nöqsanlara yol verilir. Ümumi cərrah əl əməliyyatı etməli deyil. Buna görə də, deyirik ki, əl travmalarının müalicəsi yalnız mərkəzləşmiş əl cərrahiyyə şöbəsində aparılmalıdır. Əl cərrahiyyəsini ümumi cərrah və ya travmotoloqlar aparmamalıdır. Çünki əl cərrahiyyəsi xüsusi ixtisaslaşma tələb edir. Hətta bunun aləti, sapı, əməliyyatdan sonrakı dövrü də fərqlidir. Əl cərrahiyyəsinin bir xüsusiyyəti də odur ki, xəstələrlə illərlə məşğul olmaq lazım gəlir. Xəstə daim nəzarətdə olmalıdır ki, bərpa dövrünü düzgün başa vura bilsin. Azərbaycanda əl cərrahiyyəsi şöbəsi yalnız bizim institutda var. Biz bu şöbəni mərkəz səviyyəsinə çatdırmışıq.

Oxşar məqalələr