AXTAR

İnsanlara şəfa verən Ətağa deyil...

omer xeyyam

 

Bizi aldadıblar.
Məsələn, qeyri-adi hadisələri Allaha bağlayıblar.
Əslində məsələnin mahiyyətində bəsit cavablar dayanır.
Afrikada loa-loa paraziti var, milçəklərdən keçir çox vaxt. Parazit göz bəbəyinə kimi yeriyir və bəbəyin içində "yaşamağa" başlayır.
Natəmizlikdə, gigiyenik qaydalara əməl olunmayan ərazilərdə yayılmış bu parazitlərin qurbanı adətən uşaqlar olub.
Məsələn, ərəblər uşaqların gözlərindəki parazitləri ilahi işarə kimi qələmə veriblər. Parazit elə formada qıvrılır ki bəbəkdə, ərəb hərfləri kimi.
Ərəblər "Allah" kimi oxuyublar bu "yazını". Fikirləşiblər ki, körpənin bəbəyində "Allah" yazılıb. Bəs bu körpə müqəddəsdir. Allah onun gözündəki yazıyla "VARAM" deyir.
Sonra bir həkim peyda olub, maqqaşla götürüb paraziti bəbəkdən, deyib, gedin o yanda oynayın.
Məsələn, bilirik ki, tarixən varlı insanların daha çox qızı olurmuş. Bir maraqlı fakt var, araşdırmadır, olduğu kimi yazıram. Nağıllarda, lətifələrdə də bizə çox tanış olan "şah qızı" məsələsi təsadüfi deyilmiş. Səbəb tamamilə biolojidir. Onu deyim ki, yumurta-hüceyrə ilə birləşmək uğrunda mübarizə aparan spermatozoidlərin təxminən yarısı X, yarısı isə Y xromosomu daşıyıcısı olur. Yumurta-hüceyrədə isə yalnız X xromosomu var. Qadın orqanizminin diploid xromosom dəsti XX formasındadır, kişi orqanizmində isə XY. Yəni yumurta-hüceyrə ilə Y xromosu birləşərkən oğlan, X xromosom birləşərkən isə qız dünyaya gəlir. Y xromosomları molekul çəkisinə görə X xromosomundan çox cüzi fərqlə yüngüldür və bu da dünyaya gələn oğlan uşaqlarının sayının bir qədər çox olmasına səbəb olur. Ancaq müharibələr və soyqırımlardan sonra doğulan oğlan uşaqları və qız uşaqları arasındakı say kəskin fərqlənir.
Qayıdaq tədqiqata.
"Məlum olub ki, Y xromosomu daşıyan spermatozoidlər turş mühitə davamsızdır, turş mühitdə hərəkət sürətini itirir və tez ölürlər. Bundan fərqli olaraq, X xromosomlu spermatozoidlər qələvi mühitə davamsızdır. Varlı insanlar daha çox heyvani mənşəli qidalarla, xüsusilə ətlə çox qidalandığından orqanizmin ümumi pH-ı turşuluğa doğru dəyişir. Nəticədə Y xromosomlu spermatozoidlərin işi çətinləşir. Ancaq qızlar bu vəziyyətə dözümlüdür, X xromosomlu spermatozoidlər finişə tez çatır və daha çox qızlar dünyaya gəlir. Şahların və varlı insanların uşaqlarının daha çox qızı olmasının səbəbi bu imiş. Müharibə gedən ölkələrdə aclıq hökm sürdüyü üçün insanlar ət məhsullarına, ətə və digər heyvani mənşəli qidalara həsrət qalanda daha çox düyü və digər bitki mənşəli qidalarla yaşamağa məcbur olurlar. Bu isə orqanizmin pH-ını qələviyə doğru dəyişir. Nəticədə Y xromosomlu spermatozoidlər yarışda qələbə çalırlar və dünyaya daha çox oğlan bəxş edirlər".
Deməli, müharibələrdə belə tarazlığın qorunması faktını yanlış yerdə axtarıb, gedib allaha çıxmaq lazım deyil.
Orta əsrlərdə fərqli düşünən insanlara qarşı inkvizisiya tətbiq olunurdu. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onların hamısını edam etməyə zaman çatmırdı. Bunun üçün belə bir üsuldan istifadə edirdilər: əslində tərkibi təbaşir tozundan olan məhlulu dustaqlara içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. İnsanlar bu tozu içib həqiqətən də ölürdülər. Meyidi incələyəndə məlum olurdu ki, orqanizmində zəhərləyici maddə var! Yəni, beynin təsirindən mədəaltı vəzi lazımi zəhəri ifraz edirmiş.
Almaniyada vərəm dispanserində belə bir şayiə yayıldı ki, bir qrup alim vərəmi sağaldan möcüzəvi dərman hazırlayıb. Xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb. Həbləri qəbul edən xəstələrin 90 faizi sağalmağa başladı. Əslində isə heç bir möcüzə həb icad edilməmişdi - onlar adi aspirin idi. Demək ki, onları sağaldan həb deyil, həbə olan inanc idi.
ABŞ. 50-ci illər. 100 nəfər yaşlı insandan ibarət iki qrup yaradıldı. Bir qrupa deyildi ki, sizə xüsusi həblər veriləcək və bu həblər sizdə yüksək əhval-ruhiyyə yaradacaq, enerjinizi artıracaq. Digər qrupa deyildi ki, sizə verilən həblər yuxu gətirəcək, əsəbləriniz sakitləşəcək, halsızlıq yaradacaq. Təxmin etdiyiniz kimi eyni həblər burada da fərqli nəticələr yaratdı. İşin sirri budur ki, insanlara öncədən baş verəcək hadisələrin proyektini təlqin edirlər və insanlar buna uyğun reaksiya verirlər. İstisnalar da var, əlbət - elə insanlar var ki, bu təcrübəyə tabe olmurlar.
Bu elmdə "plasebo effekti" adlanır. Plasebo effekti - psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət effektidir: beyin endorfin (ağrını yatıran və sakitləşdirici effekt daşıyan təbii birləşmə) istehsal edir, nəticədə ağrı həqiqətən də azalır.
Falçılar da belə işləyirlər, dindarlar da!
Məsələn, insanlara şəfa verən Mirmövsüm ağanın qüdrəti deyil, bu şəfaya olan inancdır.
Bizi aldadıblar.
Allah bizə rəhmət eləsin!
Amin!
Ömər Xəyyam
Milli.Az

Oxşar məqalələr