AXTAR

Torpaq dirçəldikcə gənclik ruhlanır: dövlət başçısı ilə hər görüş inkişafa yeni stimul verir

fuzuli sheher gunu
Vətən müharibəsində böyük zəfərin təntənəsinin ardınca düşmənin xarabalığa çevirdiyi şəhər və kəndlərimizin bərpası uğurla davam edir. Bu yeni bir təntənə, ürəkdən çağlayan yeni bir sevinc və qürurdur. Torpaqlarımızın yenidən canlanması xalqımızın həyatına müsbət təsir edir, milli-mədəni dəyərlərimizin zənginləşməsi daha da dərinləşir. Dirçəldilən şəhərlərimizin ictimai-siyasi həyatında zamanın ruhuna uyğun olan bayramlar keçirilir. Bir neçə gün əvvəl keçirilən “Füzuli şəhər günü” buna parlaq misaldır. Xalqımızın kədərli günlərində də, sevincli günlərində də onun yanında olan Prezident İlham Əliyevin bu tədbirdə iştirakı bayram ovqatını qat-qat artırıb. Azərbaycan xalqı yaxşı bilir ki, dövlət başçısı ilə hər bir əyani görüş ölkəmizdə gedən inkişaf prosesinə yeni stimul verir.
Bayram tədbirində Füzuli camaatı ilə söhbətləşən prezident cəmiyyətə önəmli mesajlar verdi: “Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”.
Bu sözlər Azərbaycan xalqının mənəvi dəyərinin böyük ölçüdə dəqiq ifadəsidir. Bəli, biz torpağa bağlı, torpağa sədaqətli və ona böyük hörmət və məhəbbət bəsləyən xalqıq. Xalqımızın heç bir xalqda olmayan bir vərdişi var: yerə düşən çörək parçası ayaqlar altında qalmasın deyə, onu götürüb öpür, gözlərimiz üstünə qoyandan sonra tapdanmayan yerə qoyuruq ki, heyvanlara, quşlara qismət olsun. Çörək torpaqda bitən buğdanın məhsuludur. Yəni, torpağa bağlı hər nə varsa, bizim üçün müqəddəsdir. Bizə güc-qüdrət, yaşamaq üçün stimul verən torpağı sevir və ona nankorluq etmirik. Bunlar gəlişi gözəl sözlər deyil, faktdır. Torpaq verib adam saydığımız ermənilərə baxaq. Bizim yaxşılıqlarımıza nankorluq etdilər, bıçağı kürəyimizə arxadan sapladılar. Üstündə gəzdikləri torpağın altını üstünə çevirdilər, viranə qoydular. Bəs, nəticə nə oldu? Nankor ermənilər naqisliklərinin cavabını aldılar, ordumuzun və Ali Baş Komandanımızın igidliyi və ağıllı siyasəti sayəsində torpaqlarımız zülmdən azad oldu, yenidən firavanlıq, məhsuldarlıq, xeyirxahlıq yoluna qədəm qoydu.
Qarabağ bölgəsinin yenidən qurulmasında gənclərin iştirakına önəm verilməsi gələcəyə hesablanmış firavan həyatın təməlini qoyur. 2026-cı ilə qədər Qarabağda 140 min sakinin məskunlaşması nəzərdə tutulub. Yurduna qayıdan insanlarımızı müasir, rahat yaşamaq üçün hər cür şəraiti, işləmək və yaratmaq imkanı olan infrastruktur gözləyir. Xalq bunu görür və məmnunluqla qəbul edir. Çox keçməz, işğaldan azad edilmiş Qarabağ dünyada tanınan və nümunə göstərilən ən optimal yaşayış məskənlərindən birinə çevrilər.

Novruz Novruzov
AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr