AXTAR

Bu gün Zəfər Günüdür: "İndiki Azərbaycan Ordusu daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!"

ABK

İksmedia.az xəbər verir ki, bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.

"Mən deyə bilərəm ki, son iki il ərzində Silahlı Qüvvələrimiz daha da güclənib. Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması, eyni zamanda, mövcud olan birləşmələrin sayının artırılması, silah-sursatla təchizat, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!

Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq. Bununla paralel olaraq, ölkədə uzun illər ərzində daxili sabitlik, əmin-amanlıq, təhlükəsizlik, əlbəttə ki, bizi gücləndirirdi. Çünki yenə də deyirəm, mən heç vaxt müqayisə aparmaq istəmirəm, - amma indiki dünyada heç nəyi gizlətmək mümkün deyil, hər şey göz qabağındadır, - bir çox ölkələr daxili problemlərin içində çabalayır, bir çox ölkələrdə daxili böhran hökm sürür, qarşılıqlı inamsızlıq, ictimai asayişin pozulması, xalq-iqtidar arasındakı uçurum. Bizdə nə görürük - daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi. Bax, bu, bizim siyasətimizin böyük nəticəsidir.

Bizim bütün addımlarımız və mənim Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq. Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir. İndi Ermənistanda gedən proseslərə baxın, indi onlar öz hirsini, öz zəhərini artıq öz aralarında bölüşürlər. Görün, bu iki il ərzində orada hansı proseslər gedir", - dövlət başçısı bildirib.

Oxşar məqalələr