Elçin Quliyev generalı rəis təyin etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında yeni təyinat olub.

“İksmedia" “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə DSX rəisi general-polkovnik Elçin Quliyev Əmr imzalayıb.

Əmrə əsasən, Vətən müharibəsinin qəhrəmanlarından biri - “Zəfər” ordenli general-mayor Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi təyin olunub.

N.Mirzəyev bundan əvvəl qurumun Çevik Hərəkət Qüvvələrinin Komandanının birinci müavini-Qərargah rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, Nəsib Tahir oğlu Mirzəyev Cəlilabad rayonunun Ləkin kəndində anadan olub.

O, Vətən müharibəsində böyük qəhrəmanlıq, igidlik və sücaət göstərib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Zəfər”, ikinci dərəcəli “Vətənə xidmətə görə”, üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu

Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib.

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 30 yaşlı qadının Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş prosesi uğurla icra olunub:

“Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.3 və 2.5 kq., boyları isə 47, 48 və 48 sm. olub. Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir”.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.

“Avroviziya 2026”nın aparıcıları onlar olacaq

“Avroviziya 2026” müsabiqəsinin aparıcılarının adları açıqlanıb.

"İksmedia" “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu il keçiriləcək 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinə aparıcılığı Viktoriya Svarovski və Maykl Ostrovski edəcək.

Əslən Avstriyadan olan V.Svarovski televiziya aparıcısı, model, dizayner və müğənnidir.

Avstriyanın Leoben şəhərindən olan M.Ostrovski kino və televiziya aktyoru olmaqla yanaşı, məşhur aparıcıdır.

Onlar 70-ci “Avroviziya” Mahnı Müsabiqəsi çərçivəsində bu il mayın 12, 14, 16-da dünyanı Vyanadan salamlayacaqlar.

Qeyd edək ki, bu il yarışmada 35 ölkə iştirak edəcək. Müsabiqənin yarımfinalları 12 may və 14 may, böyük final isə 16 may - şənbə günü Avstriyanın ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də keçiriləcək.Azərbaycan “Avroviziya 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək. Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçimi davam edir.

 

 

Bu Məcəlləyə yeni anlayışlar salınır

Cinayət-prosessual qanunvericiliyin əsas anlayışlarına əlavələr edilir.

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, əlavələr Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.  

Layihəyə əsasən, dəyişikliklər aşağıdakılardır:

- İnformasiya ve kommunikasiya texnologiyaları 8 sistemi (bundan sonra - İKT sistemi) - proqram təminatı əsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emal edən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupudur;

- Elektron verilənlər - faktların, məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlı formada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyən funksiya yerinə yetirməsini təmin edən proqramdır;

- Xidmət provayderi - göstərdiyi xidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiya imkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və ya xidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və ya saxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu), hüquqi və ya fiziki şəxsdir;

- Trafik verilənləri - kommunikasiyanın mənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü, müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinin tərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKT sistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olan hər hansı elektron veriləndir;

- Abunəçi məlumatları – trafik və ya məzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiya xidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri və xidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşması əsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafi ünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödəniş məlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlər haqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmət provayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmət provayderində saxlanılan istənilən məlumatlardır;

- Məzmun verilənləri - abunəçi məlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər, mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar da daxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyəti ilə əlaqəli hər hansı elektron verilənlərdir.

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.

İksmedia Milli.Az-a istinadən  xəbər verir ki, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir.

Ötən il Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf etmişdi.

Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.

4 -dən səhifə 24

Oxşar məqalələr