AXTAR

Paşinyan elə danışır ki...

pashinyan

 

“Vətənpərvərlik əclaflar üçün son istinad nöqtəsidir”-bunu müdriklərdən biri deyib

Ermənistanın baş naziri dad döyür ki, o və tərəfdarları nə qərbpərəstirlər, nə də ruspərəst, onlar vətənpərvərdirlər, yəni ermənipərəstdirlər. Paşinyanın bu fikirlər ilə aldatmaq istədiyi dövlət Rusiyadır. O Rusiya ki, öz maraqları xatirinə digər torpaqlardan insanların tör-töküntülərini daşıyıb gətirib əzdiyi Azərbaycan torpaqlarına yerləşdirib, onlara şərait yaradıb, süni şəkildə dövlət “qurub”. O Rusiya ki, reallığı kobud ifadə etsək, Ermənistanın boynuna bir xalta keçirib və istədiyi kimi ora-bura dartır. İndi Paşinyan bütün varlığı ilə asılı olduğu bu dövlətə badalaq gəlmək istəyir və vətənpətvərlikdən danışır. Paşinyan bəyəm Levon Ter-Petrosyandan, erməni anlamında çox vətənpərvərdir, ya ondan ağıllı və təcrübəlidir?! Necə olur ki, Paşinyana qədər ermənilər vətənpərvər olmayıblar, amma o bu “nailiyyətə” imza atıb. Yox, Paşinyanın fəaliyyəti toyuğun banlamasına bənzəyir. Toyuq banlayanda isə başını kəsirlər, axı, bu anormal haldır, adətən xoruz banlayar.
Ermənistanda Rusiyanın adamları sayılan şəxslərin həbsə atılması ilə əlaqədar bu hadisənin Rusiya XİN başçısı Lavrov tərəfindən “siyasi təqib” adlandırılmasının arxasında duran fikir hamıya aydındır. Paşinyanın başının dəstəsinə isə “yox”. Buna görə də erməni vəkil Norayr Horikyan yazır ki, “bu, yolverilməz leksikadır”. Bəli, erməni vəkil Lavrova dərs keçməl fikrinə düşüb. Lavrov bilmir ki, nə yolveriləndir, nə yox?! Sergey Lavrov Rusiyanın əlaltısı barəsdə danışır və indiyədək olan münasibəti sərgiləyir. Ancaq, arxada Qərbin nəfəsini duyan paşinyanlar ağalarının üzünə ağ olmağa qərar veriblər. Olsun, amma gərək unutmasınlar ki, Qarabağın işğalında onların ümidverici qüvvələri Rusiya idi və bugünədək də heç nə dəyişməyib.
Xaricdən heç vaxt vətənpərvərliyə görə pul verməyiblər. Bu aksiomadır. Hər kəs öz marağını güdür. Daxildə isə Ermənistanın pulu yoxdur. Pulsuz isə inqilab adı ilə camaatı küçələrə töküb hakimiyyəti ələ keçirmək mümkün deyil. Heç kim kiminsə vəzifəsi üçün canını qurban verməyə borclu deyil. Demək, Paşinyanın fəaliyyətini diqtə edən Qərbdir. Pulu o verir, sifarişini edir və nəticəyə sahib çıxmağa hazır vəziyyətdə durur. Paşinyanın vətənpərvərliyi manipulyasiyadan başqa bir şey deyil. Yəni, Kremldə bunu başa düşmürlər?! Başa düşürlər və heç şübhəsiz tədbir görəcəklər. Paşinyanın qalib gəlmək şansı cüzidir və olacaqsa, onda təsadüflərə bağlanaqcaq. Amma onun qurban getməsi amili çox güclüdür, belə davam edib sağ qalacaqsa, onda bu bəxt söhbətinə bağlanacaq.
İKSmedia.az

Oxşar məqalələr