Bir müddətdir ki, Ermənistanda və Özbəkistanda yaşayan ermənilər mənə qarşı çirkin kampaniya aparırlar. Mən “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitablarına və bu mövzuda yazdığım çoxsaylı məqalələrimə görə təqib olunuram.
Bu sözləri AZƏRTAC-ın müxbirinə özbək tarixçisi, publisist Şuxrat Salamov (Barlas) deyib.
Bildirib ki, birinci kitabda əsasən ermənilər tərəfindən Fərqanə vadisində özbəklərə qarşı törədilən qətliamdan bəhs olunur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışılır. İkinci kitabda isə erməni daşnaklarının köməyi ilə insanları ideoloji müharibəyə necə hazırlamaları barədə tarixi faktları göstərməyə çalışmışam.
Ş.Salamov qeyd edib ki, ötən il dekabrın 19-da Daşkənddə rus dilində çap olunan “Fundamentalnaya ekonomika” jurnalında sovet tarixçisi Rüstəm Abdullayevin “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” sərlövhəli məqaləsi çap edilib və mənə qarşı olan hücumlar da bundan sonra başlayıb. Qəribədir ki, əvvəllər erməniləri haqlı olaraq tənqid edən bu alim, birdən-birə mövqeyini dəyişir və bu kitab və məqalələri yazdığıma görə mənə hücum edir. Sual yaranır, necə oldu ki, bu alim öz mövqeyini dəyişdi? Məncə aydındır, məsələ ermənilər tərəfindən ələ alınıb.
R.Abdullayev nəyə görə erməni daşnaklarının Fərqanədə, Türkiyə ərazisində, ən nəhayət XX əsrin sonunda dünyanın gözü qarşısında Xocalı soyqırımını törədən erməni cəlladlarının qanlı əməllərini görmür və görmək istəmir.
Ermənilər məni tarixi faktları saxtalaşdırmaq, falsifikasiya, millətçilik, pantürkizm, fırıldaqçılıqda ittiham edir, haqqımda əsassız böhtanlar yayırlar, şərəf və ləyaqətim təhqir olunur. Ermənilər hətta evimi daşa basıb, ailəm təhqir olunub.
Bilirəm ki, Azərbaycan mətbuatı mənim müdafiəmə qalxıb, Milli Elmlər Akademiyasının Tarix İnstitutu Elmi Şurasının iclasında bununla bağlı bəyanat qəbul edilib. “Məni müdafiə etdiklərinə görə Azərbaycandakı dostlarıma minnətdaram. Mən bundan sonra da tarixi saxtalaşdıran erməni daşnaklarına qarşı mübarizəmi davam etdirəcəyəm”, - deyə Şuxrat Salamov vurğulayıb.