Ermənistanda vəziyyət qarışıb, inqilabçılarla əksinqilabçılar üz-üzə dayanıb
Ermənistan KİV-ləri bu günlərdə “Baş nazir Nikol Paşinyanı satdılar”, “Siyasi partiyalar Moskvanı seçdilər” məzmunlu materiallar dərc edərək ölkədəki siyasi vəziyyət barədə şərhlər verir. Məsələ burasındadır ki, Nikol Paşinyan hakimiyyətə hay-küylə gəlsə də, əslində, vəzifəsində o qədər də möhkəm oturmayıb. Bu səbəbdən onun hamilərinin və özünün qarşısına qoyduqları vəzifələri yerinə yetirə bilmir. Bu səbəbdən bu “inqilabçıya” tərəfdarlar gərəkdir. Onları toplamaq üçünsə parlamentdən istifadə vacibdir. Yəni, deputatlar Paşinyanın sözünü deməlidirlər. Hazırkı parlamentin üzvləri isə nəinki onun sözlərini saya salmırlar, hətta ona meydan oxuyurlar. Çünki, baş nazirin əlində heç bir var-dövlət olmadan küçədən gəlib yuxarı başa keçməsini köhnə klan həzm edə bilmir.
Oktyabrın 2-də Nikol Paşinyan Ermənistanda parlament seçkilərinin dekabrda keçiriləcəyini bildirib. Lakin elə həmin gün parlament yığışaraq qərar verib ki, baş nazir istefa verərsə, bunun parlamentə aidiyyəti olmayacaq. Bu, o deməkdir ki, Paşinyan baş nazir vəzifəsindən istefa verməklə parlamentin buraxılmasına nail olmaq istəyir. Yəni, reqlament belədir. Ancaq parlamentin tələm-tələsik bunun əksini bildirən qərar verməsi o anlama gəlir ki, köhnə klan yeni baş nazirə qarşı əməlli-başlı qarşıdurma hazırlayıb. Ancaq baş nazir də əlində olan “mitinqləşmə” silahını hələ yerə qoymayıb və dərhal tərəfdarlarını parlamentin qarşısına yığıb.
Məsələ burasındadır ki, Azərbaycanla düşmənçilik edən ölkənin siyasi vəziyyətində daş qayaya rast gəlib. Belə ki, əgər parlament seçkiləri bu il baş tutarsa, Paşinyan tərəfdarlarının qalib gəlmə şansı böyük olacaq. Çünki, vaxt uzandıqca Ermənstan siyasi rejiminin çirkinlikləri üzə çıxır və ölkədə xaos yaranması ehtimalı böyükdür. Belə olan təqdirdə köhnə yaxud “Qarabağ klanı”nın parlamenti əlində saxlaması qaçılmaz olacaq. Köhnələrin hakimiyyəti də Paşinyanla düz gəlmir və əvvəl-axır onun baş nazir kürsüsünü boşaltmağı ilə nəticələnəcək.
Paşinyanın təcrübəsiz olması barədə mətbuatda, elə bizim yazılarımızda da kifayət qədər faktlar mövcuddur. Ermənistan parlamentinin sonuncu qərarının səsverməsi də bu faktı açıq qabardıb. Belə ki, onun daşnaklara və Sarukyan blokuna göstərdiyi etibarın əksinə olaraq həmin qüvvələri təmsil edən deputatlar qərarın lehinə səs veriblər. Bu səbəbdən də Paşinyan həmin qüvvələr içərisindən seçib vəzifəyə qoyduğu 6 naziri dərhal işdən azad edib. Başqa bir zərbə də “Yelk”dən gəlib. Onlara səsverməyə gəlməyiblər. Halbuki, Paşinyan onları həmişə müdafiə edib.
Paşinyanın tərəfdarlarını parlament önünə yığıb mitinq keçirməyi nəticəsində parlamentin işi iflic olub. Sadəcə, iclas keçirmək üçün kifayət sayda deputat işə gəlməyib. Инди бelə görünür ki, Paşinyan İrəvanda tək qalıb. Artıq köhnələr onun əleyhinə toparlanıblar. Bu vəziyyətdə ona xaricdən və daxildən güclü kömək lazımdır. Bəs, ona yardım hardan gələ bilər. Rusiya və Qərbin ambisiyaları məlumdur. Onlar ancaq böyüklük etmək arzusundadırlar. Yaxın qonşulardan isə siyasi dəstək ancaq regionun liderindən gələ bilər. Bu ölkə isə ermənilərin təcavüzünə məruz qalmış Azərbaycandır. Təəssüf ki, baş nazir hakimiyyətdə olduğu bir neçə ay ərzində Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymaq əvəzinə yanan ocağın üzərinə neft töküb. Ancaq nə qədər qəribə olsa da, indi məhz Azərbaycandan Paşinyana dəstək gələ bilər. Bunun üçünsə Qarabağın işğalına son qoyulmalı, Ermənistan qoşunlarını Azərbaycandan çıxarmalıdır. Belə olan halda erməni xalqı Paşinyanın arxasında möhkəm dayanacaq və onlar istəklərinə çatacaqlar. Çünki, sıravi əhalinin müharibə qorxusu aradan qalxacaq, övladlarını Qarabağa ölməyə göndərməmək üçün xaricə qaçırmayacaqlar, ölkə gənclərin simasında yeni işçi qüvvəsi və işğala sülh yolu ilə son verdiyinə görə Azərbaycandan dəstək görə bilər. Bu mənada bu gün Paşinyanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu qalmayıb, əks halda Ermənistanın tezlikə iflası qaçılmazdır.
N.NOVRUZ