Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla xarici ölkə vətəndaşı Den Bilzeryanın 28 avqust 2018-ci il tarixdə Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib mütəşəkkil dəstə tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlməsində, həmçinin “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə işğal olunmuş ərazilərdə qanunsuz olaraq əldə etdiyi qumbaraatan, tüfəng və digər odlu silahlardan nümayişkaranə atəşlər açmasına əsaslı şübhələr müəyyən edilib
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Həmin fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.
Den Bilzeryan Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək “İnterpol” xətti üzrə beynəlxalq axtarışa elan olunması üçün müraciət edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Den Bilzeryan ABŞ vətəndaşıdır və milyonçu qumarbaz kimi tanınır.